Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-06 17:04:00
“Əl yandıran” məktəb ləvazimatları Qiyməti artıran faktor kağızdır!

Məktəb ləvazimatlarının hazırkı qiymətləri əksər valideynlər üçün olduqca yüksək hesab olunur. Əvvəlki dövrlərlə müqayisədə indiki qiymətlərin yüksək olduğunu görürük. Demək olar ki, hər il qiymətlərdə artım müşahidə olunur.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov məktəb ləvazimatlarının satışının bu qədər yüksək olmasını kağızın qiymətinin kəskin bahalaşmasında görür:

 

“Çanta kimi məmulatlar xaric olmaqla, dəftər-kitab məhsullarında xammal olaraq kağızdan istifadə məsələsi gündəmə gəlir. Son 2 ildə, xüsusilə Rusiya-Ukrayna konfliktindən sonra dünya bazarlarında kağızın qiyməti kəskin bahalaşdı. Kağızı idxal edən ölkə kimi müvafiq bahalaşma Azərbaycana da təsir etdi. Nəticədə son 2 ildə müşahidə edilən yüksək ikirəqəmli infilyasiya bütün xidmətlərin, eyni zamanda biznesin xərclərini formalaşdıran digər xidmətlərin də bahalaşmasına gətirir. Biznes, həmçinin çalışanların da əməkhaqqını artırmalı olduğu üçün məcburən mənfəət normasında artım yaranır.

 

Ekspertin sözlərinə görə qiymətlərin bahalaşması bazardan və beynəlxalq iqtisadi vəziyyətdən irəli gəlir:

 

“Digər tərəfdən də bu istiqamətdə hökumət tərəfində olan alətlərdən daha çevik istifadə edilməlidir. Xüsusilə gömrük, təşviqlər, rüsum alətləri və s. istifadə etməklə tələbin bollaşması və nəticədə müvafiq istiqamət üzrə qiymət əlçatanlığına dəstək göstərilməlidir. Çünki bu çox əhəmiyyətli bir məsələdir. Xüsusilə nəzərə alsaq ki, müasir ölkələrin gücü insan kapitalının inkişafı ilə ölçülür. Bu istiqamətdə dövlət dəstəyinə zərurət artır.

 

Müsahibimiz bildirir ki, məhsulların hazırlanmasında istifadə olunan xammalın yerli istehsalı dəstəklənməlidir:

 

“Qiyməti artıran faktor kağızdır, ölkədə kağızın istehsalı imkanları xammal baxımından məhduddur. Azərbaycan davamlı olaraq bu məsələdən asılı olacaqdır. Müvafiq kağızdan istehsal olunan məhsullar əksər hallarda idxal olunur. Bunların yerli istehsalı dəstəklənə bilər. Çünki ölkənin bu istiqamətdə öz səviyyəsinə, miqyasına görə bir bazarı var. Ümumilikdə ölkə ərazisində 1.6 milyon təhsilalan var. Nəticə olaraq ölkədə bu məhsullar üçün bazarın olduğu məlumdur. Bu baxımdan yerli istehsalın təşviqiylə bağlı müəyyən layihələr həyata keçirilə bilər”.