Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-18 10:43:00
Firudin Cəlilovdan Güney Azərbaycandakı məktəblərlə bağlı təklif - Bunu mütləq etməliyik

 

“Güney Azərbaycandakı müstəqillik qazanarsa, oradakı soydaşlarımız üçün ana dilində dərs vəsaitləri nəşr edib, onlara göndərməliyik”.

 

İllərdir ki, Güney Azərbaycandakı soydaşlarımız öz dillərində təhsil almaqda çətinlik çəkirlər. Yüz illərdir ki, onların dili və mədəniyyəti təzyiq altındadır. Azərbaycan türkcəsində məktəb, milli dərs vəsaiti yoxdur. 

 

Bəs Güney Azərbaycandakı soydaşlarımızın təhsilinə dəstək üçün nə kimi addımlar atıla, hansı təkliflər verilə bilər?

 

Sabiq təhsil naziri Firudin Cəlilov mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında baş verən hadisələrin tam olaraq durulmadığını bildirərək, vəziyyətin necə olacağı barədə qəti fikir söyləməyin çətin olduğunu vurğulayıb.

 

“Güney istiqlaliyyətini qazanarsa, orada ana dilində təhsil müəssisələri (məktəblər, universitetlər) açılmalıdır. Bu zaman bizdən böyük bir məsuliyyət tələb olunur. Güney Azərbaycandakı soydaşlarımız üçün ana dilində dərs vəsaitləri nəşr edib, onlara göndərməliyik. Bunun başqa bir çıxış yolunun olacağını düşünmürəm. Oradakı soydaşlarımızın hazırda elə bir imkanları yoxdur ki, şagirdlər üçün dərs vəsaiti nəşr etsinlər. Biz hazırda baş verən hadisələrə son dərəcə ciddi yanaşmalıyıq, gedişatı izləmək daha doğru bir addım sayılar”.

 

F.Cəlilov Güneydəki soydaşlarımızın təhsilindəki hazırkı vəziyyətdən söz açıb:

 

“Güney Azərbaycandakı vətəndaşlarımız tam olaraq təhsilsiz qalmayıblar. Doğrudur, orada şagirdlər, tələbələr ana dilində təhsil ala bilməsələr də, fars dilində təhsili almaq imkanına malikdirlər. Oradakı soydaşlarımız arasında çox savadlı və peşəkar müəllimlər var. Bəzi vətəndaşlar  təhsil almaq üçün xarici ölkələrə üz tuturlar”.

 

“Soydaşlarımızın tam olaraq təhsilsiz qaldığını söyləmək doğru deyil, sadəcə olaraq təhsil ana dilində deyil, fars dilində təşkil olunur”- deyə, o bildirib.