Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-06 13:55:00
Latviyada təhsil almağın ÖZƏLLİKLƏRİ

Son zamanlar gənclərin təhsil üçün  daha çox üz tutduğun ölkələrdən biri də Latviyadır. Şimali Avropa ölkəsi olan Latviyanın təhsil sistemi ilə tanış olaq.

AzEdu.az Latviya təhsili haqqında yazını təqdim edir:

Latviya Respublikasında təhsil sistemi 3 hissəyə bölünür:  İbtidai, orta və ali təhsil. Burada icbari təhsil 9 ildir. Şagirdin seçimindən asılı olaraq müddət 12 ilə qədər uzadıla bilər. I sinfə qəbul  6- 7 yaşda başlayır. Latviya təhsil sistemində “Mərkəzləşmiş imtahan” sistemi mövcuddur.

Latviya dövlət universitetlərində təhsil yalnız dövlət dilində (latış)  tədris olunur. Başqa dildə təhsil almaq üçün özəl universitetlərə üz tutmaq lazımdır. Əgər tələbə latış  dilinə yiyələnirsə və bu dildə təhsil almaq istəyirsə, bunu sübut edən sənəd təqdim etməlidir. Latışca təhsil almaq üçün ən azı B2 səviyyəsi olmalıdır. Mərkəzləşmiş imtahan mayın sonu və ya iyunun əvvəlində keçirilir.

Bundan başqa xarici tələbələr üçün ayrıca programlar mövcuddur və burada təhsil ingilis dilindədir. Bu zaman ingilis dili (IELTS 6.0, 6.5) və ya (TOEFL 80-100)  nəticəsi arzuolunandır. Bir çox universitetlərdə təhsil həm də rus dilində tədris olunur.

Bəzi universitetlər AB üzvü olmayan xarici tələbələri ERASMUS MUNDUS programı ilə qəbul edir. Bunun üçün tələbə Latviyada bir ildən az olmayan yaşama icazəsi almalıdır.

Bu ölkədə universitetdən asılı olaraq bakalavr təhsili  3-4, magistratura isə 1.5 – 2 il davam edir.

Latviyada əldə edilən diplom Avropa diplomudur.

Əcnəbi tələbələr Latviyada işləmək hüququ qazanırlar və bu müddət həftədə 20 saatdan artıq olmamalıdır. İş icazəsi üçün bəzi sənədlər tələb olunur. Məsələn, viza və ya yaşayış icazəsi, işəgötürən ilə əmək müqaviləsi. Bu sənədləri və bəyanatları Vətəndaşlıq və Miqrasiya İşləri İdarəsinə təqdim etmək lazımdır. İcazə yalnız  viza və ya yaşayış icazəsi qüvvədə olduğu müddətə uyğun olaraq verilir.

Tələbə vizası almaq üçün isə  aşağıdakı sənədlər təqdim edilməlidir:

-Universitetdən rəsmi dəvətnamə;
-Maddi vəziyyətini əks etdirən sənədin təsdiqi;
-Pasport;
-Şəxsiyyət vəsiqəsi;
-Əvvəlki təhsilini təsdiq edən sənəd;
-iş və ya təhsil aldığı yerdən arayış;

Qeyd edək ki, Latviyada təhsil haqqı illik 2000-4000  avro arasında dəyişir. Aylıq yaşayış xərcləri isə maksimum 500 dollardır.