Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-31 10:10:00
Məktəb direktoru müəllimi hədələdi: “Kursda iştirak etməsən dərs saatı verilməyəcək”  

Son günlər müəllimlərin ixtisasartırma kurslarına məcburi surətdə cəlb olunması müəllimlər arasında narazılıq yaradır. Bu haqda ötən gün məlumat vermişdik. Belə müəllimlərdən biri də Şəki şəhər Köndələn kənd tam orta məktəbinin informatika müəllimi İsmayılov Elsəvər Mahmud oğludur.

Müəllimin sözlərinə görə, Təhsil şöbəsindən bildiriblər ki, kursa getməsə tədris ilində ona dərs saatı verilməyəcək:

“Təsərrüfat işləri üzrə direktor müavini mənə zəng elədi ki, direktor deyib ayın 30-dan 20 günlük  kursda olsun.  Mən də məzuniyyətdə olduğumu bildirdim. Dedim ki, bəlkə uzaqdayam,  bu düzgün deyil və kursa getmədim.  Sonra Təhsil Şöbəsindən axtarıblar ki, niyə getməmişəm. Bildiriblər ki, kursda iştirak etməsəm dərs saatı verilməyəcək, yəni xəbərdarlıq olunub ki, sonra məndən inciməsin. Mən əgər bu kurs məsələsində haqlıyamsa mənə kömək edin . Bəlkə mən xaricdəyəm.  Bu nə dərəcədə doğrudur?”

Elsevər müəllim deyib ki, kənddə yaşayır,  kurs isə rayondadır:

“Mənim kənddən rayon mərkəzinə gedib kursda iştirak etməyim üçün ən aşağısı 150-200 manat lazımdır. Bu pulu hardan tapım?”

Məsələylə bağlı məktəbin direktoru  Abdulla Mahmudovla əlaqə saxladıq. Direktor bildirib ki, yeni kursdur, dövlət tədbiri olduğundan müəllim getməlidir:

“Sertifikasiya gəlir. Getmələri lazımdır. Lazım olmasaydı, dövlət məsləhət bilməzdi. Kursa getməsə dərs saatının verilməməsi ilə bağlı məlumatım yoxdur. Müəllimlər avqustun 26- dan işdə olmalıdırlar. 26-dan sentyabrın 15- nə qədər vaxt qalır. O müddətdən də məzuniyyət kimi istifadə edə bilərlər. Məncə, kənddən rayona gedənlərə, uzaqda olanlara məcbur etmirlər”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 53- cü maadəsi- Əmək qanunvericiliyinin 53.5  bəndində bildirilib ki, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə -

vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min beş yüz mislindən iki min mislinədək miqdarda cərimə edilir.