Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-23 17:32:00
Mərkəz: Təhsilini davam etdirməyənlərin 85%-i kənd məktəblərinin şagirdləridir  

Buraxılış sinfi şagirdlərinin təhsilə davamiyyəti açıqlanıb.

AzEdu.az xəbər verir ki, 2020-ci ildə də ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələrini bitirən şagirdlərin təhsilə davamiyyətinin vəziyyəti, bilik səviyyəsi və bütövlükdə bu sahədə gedən dəyişikliklərin dinamikası müqayisəli şəkildə təhlil edilib.

Keçən il 11-ci sinfi bitirən şagirdlər 2009-cu ildə 1-ci sinfə daxil olub. Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2009-cu ildə 1-ci sinfə daxil olan şagirdlərin sayı 118 435 nəfər olub. 2018-ci ildə 9-cu sinfi bitirən şagirdlərin sayı 110 037 nəfər idi. Həmin ildə 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin sayı isə faktiki olaraq 108 321 nəfər olub və 1 716 şagird buraxılış imtahanında bu və ya digər səbəbdən iştirak etməyib.

Beləliklə, 2009-cu ildə 1-ci sinfə daxil olan 118 435 şagirdin təxminən 7.1%- i ümumi orta təhsil almayıb və onların təhsili haqqında heç bir məlumat yoxdur. 2018-ci ildə ölkədə 9-cu sinif üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin sayı 108 321 nəfər olub və bu şagirdlərin təxminən 17%-i təhsilini davam etdirməyib.

Şəkildən göründüyü kimi, bu kontingent buraxılış imtahanlarında, əsasən, 0-25 və 25-50 intervallarında bal toplayanlardır. Belə zəif nəticə göstərən şagirdlərin 70%-i kənd məktəblərini təmsil edir. IX sinfi bitirənlərin yalnız 9%-i təhsilini peşə liseylərində və orta ixtisas təhsili müəssisələrində davam etdirib. Şagirdlərin 72%-i isə 2020-ci ildə tam orta təhsilini başa vurub. Nəticədə, 2009-cu ildə 1-ci sinfə daxil olan 118 435 şagirdin 67%-nin tam orta təhsil səviyyəsini, 24%-nin isə ümumi orta təhsil səviyyəsini başa vurduğu məlum olub.

2020-ci ildə tam orta təhsilini başa vuran şagirdlərin təxminən 16%-i təhsilini davam etdirməməyi qərara alıb və ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciət etməyib (onların 65%-i oğlan, 35%-i qız şagirdlərdir). Bu şagirdlər, əsasən, təhsildə zəif nəticə göstərənlərdir. Acınacaqlısı odur ki, onların 85%-i kənd məktəblərini bitirib.

Ümumilikdə isə 2009-cu ildə 1-ci sinfə daxil olan 118 435 şagirdin 54%-i əmək bazarına heç bir peşə və ixtisas üzrə təhsil almadan çıxacaq.(report)