Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-04 11:24:00
Ali məktəblərə və kolleclərə sənəd qəbulu davam edir: 65 mindən çox abituriyent qeydiyyatdan keçib  

2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin mayın 26-dan başlanan ərizə qəbulu davam edir.

 

Dövlət İmtahan Mərkəzindən (DİM)  bildirilib ki, iyunun 8-dək internet vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər. Bu günə olan məlumata görə, 65589 abituriyent qeydiyyatdan keçib.

 

Xatırladaq ki, müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur.