Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-24 12:12:00
Qənirə Paşayeva:Müəllim zəngin həyat yaşamır, amma aldığı zövqü heç nə əvəz etmir

Müəllimlər arasında təşkil olunan "İlin gənc müəllimi-2021" müsabiqəsində qaliblər müəyyən edilib. Müsabiqənin qalibi Xətai rayonu, 27 nömrəli tam orta məktəbin İnformatika müəllimi, Vətən Müharibəsi iştirakçısı Elvin Səlimov olub.

 

 

Bu gün  "İlin Gənc Müəllimi - 2021" müsabiqəsinin  yekun hesabat tədbiri keçirilib.

 

 

Tədbirdə iştirak edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva müsabiqənin əhəmiyyətindən danışıb:

 

 

“Elvin Səlimov 44 günlük müharibədə örnək olan müəllimlərdən idi. Onun simasında II Qarabağ savaşənda iştirak edən təhsil işçilərinə təşəkkür edir, şəhidlərə Allahdan rəhmət və qazilərə şəfa diləyirəm. 

 

 

Müəllim sadəcə bilikləri öyrədən yox, həm də örnək bir şəxs olmalıdır. Bu baxımdan “İlin gənc müəllimi” olduqca əhəmiyyətli layihədir.

 

 

Günümüzdə təhsilin qarşısında duran ən böyük problem bölgələrdə savadlı müəllimlərin boşluğudur. Bu sahədə bizim fədailərə ehtiyacımız  var. Bu layihə müəllimlərin tanıdılmasında və üzə çıxarılmasında böyük rol oynayıb. 

 

 

Müəllim peşəsinin ucalığı danılmazdır. Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi “Bizim  gələcəyimiz gənclərimizə nəyi necə öyrətməyimizdən aslıdır”. 

 

 

Deputat müəllim ailəsində böyüməsindən söz açıb:

 

 

“Mən iki müəllim ailəsində böyümüşəm və bu sahə ilə həmişə mənəvi bağlılığım olub. Anam və atam müəllim peşəsini istəyə və sevərək seçiblər. Anam kimya fakültəsində ən yüksək təqaüdlə oxuyub və təyinatla Kürdəmirin kəndinə çalışmağa gəlib. O burada tək şagirdlərə dərs öyrətməyib, həm də onları şəxsiyyət olaraq yetişdirib. Atam da kənddə qızların təhsil almasında  böyük rol oynayıb. O, qızların ailələri ilə danışaraq onlara təhsilin vacibliyindən söz açıb.

 

 

Məktəb yalnız bilik və savad vermək üçün yer deyil, o, həm də faydalı şəxsiyyət yetişdirməlidir. Burada müəllimin üzərinə ailə qədər böyük yük düşür. Onlar gənclərin  fərqli istiqamətdə istedadlarını üzə çıxarmalıdır. Zamanında müəllimlərimiz  müxtəlif klublar yaradaraq bizim inkişafımıza kömək edirdilər.

 

 

 

Müəllim zəngin həyat yaşamır, onun çox pulu olmur, amma aldığı zövq və məmnuniyyəti isə heç bir peşə sahibi əldə edə bilmir. Hazırda kəndlərə gedən müəllimlər oranın ən ziyalı və öncül şəxsiyyətlərindəndir. Bu baxımdan da onlara qiymət verilməli və mediada fikirlərinə yer ayrılmalıdır. 

 

 

“İlin gənc müəllimi” layihəsinin qaliblərini bir daha səmimi qəlbdən təbrik edirəm”.

 

 

Qeyd edək ki, beynəlxalq  “Global Teacher” müsabiqəsinin şərt və meyarlarını əsas götürən “İlin gənc müəllimi”  3 turda həyata keçirilir. İlkin olaraq birinci mərhələdə iştirakçılar müraciət formunu doldurublar. Hər bir müəllim şəxsən özü  forma daxil olaraq  ona təqdim olunan sualları cavablandırmalıdır.

 

 

 

Qeyd edək ki, çoxsaylı müraciətləri nəzərə alaraq 35 yaşa qədər qoyulan limit aradan götürülür, yüksək nəticələri nəzərə alınmaqla bəzi hallarda 39 yaşadək (39 yaş da daxil olmaqla) olan müəllimlərə müsabiqəyə qatılmaq şansı verilib.

 

 

İlk dəfə olaraq budəfəki müsabiqədə ötənlərdən fərqli olaraq, onluqdakı finalçılar arasından qaliblərin qiymətləndirilməsi fərqli qaydada aparıldı və onluqdakı iştirakçılar da bunu məmnuniyyətlə qarşıladı: 100 ballıq sistemə əsasən səsvermənin nəticələri maksimum 20 bal götürüldü. Qalan 80 bal isə məhz münsiflər tərəfindən iştirakçıların göstəricilərinə, qeyd olunan meyarlara görə verildi.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları