Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-31 17:22:00
"Kəndlərə gedən müəllimlər oranın ən ziyalı və öncül şəxsiyyətlərindəndir"-Qənirə Paşayeva
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva AzEduAz təhsil portalı, “Gənc müəllim" şəbəkəsi və Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilati dəstəyi ilə keçirilən “İlin Gənc Müəllimi-2021” yarışmasının yekun hesabat tədbirində çıxış edib. Tədbir onlayn formatda keçirilib.
 
 
Komitə sədri öncə, “Vətən Müharibəsində iştirak edən təhsil işçilərinin ruhuna dərin ehtiramını bildirib. “Müəllim sadəcə bilikləri öyrədən yox, həm də həyatı, fəaliyyəti ilə örnək olan insandır.
 
 
Yarışmanın qalibi olan Elvin Səlimov 44 günlük Vətən Müharibəsində iştirak etməsi ilə də, dərslərdəki fədakarlığı ilə də örnək müəllimlərdəndir. Onun simasında Vətən Müharibəsində iştirak edən təhsil işçilərinə təşəkkür edir, şəhidlərimizə Tanrıdan rəhmət və yaralı qazilərə şəfa diləyirəm.
 
 
“İlin gənc müəllimi” olduqca önəmli layihədir. Bu layihə müəllimlərin tanıdılmasında və üzə çıxarılmasında böyük rola malikdir.
Günümüzdə təhsilin qarşısında duran ən böyük problem bölgələrdəki məktəblərimizdə savadlı müəllimlər sarıdan müşahidə edilən boşluqdur. Bu sahədə bizim təhsil fədailərinə ehtiyacımız var.
 
 
Müəllim peşəsinin ucalığı danılmazdır. "Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram" deyən Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi “Bizim gələcəyimiz gənclərimizə nəyi necə öyrətməyimizdən aslıdır.
 
 
Qalibləri təbrik edir, onlarla tanışlıqdan çox məmnun olduğumu bildirir və hər birinə yeni uğurlar diləyirəm.” – Komitə sədri deyib.
Sözünə davam edən Komitə sədri müəllim ailəsində böyüməsindən söz açıb:
“Mən iki müəllim ailəsində böyümüşəm və bu sahə ilə həmişə mənəvi bağlılığım olub. Anam və atam müəllim peşəsini istəyərək, sevərək seçiblər. Anam kimya fakültəsində ən yüksək təqaüdlə oxuyub və təyinatla Kürdəmirin kəndinə çalışmağa gedib. O, kənd məktəbində yalnız şagirdlərə dərs öyrətməyib, həm də onları şəxsiyyət olaraq yetişdirib. Atam da kənddə qızların təhsil almasında böyük rol oynayıb. O, qızların ailələri ilə danışaraq onlara təhsilin vacibliyindən söz açıb.
 
 
Məktəb yalnız bilik və savad vermək üçün deyil, o, həm də layiqli vətəndaş, faydalı şəxsiyyət yetişdirməlidir. Burada müəllimin üzərinə ailə qədər böyük yük düşür. Onlar gənclərin fərqli istiqamətdə istedadlarını üzə çıxarmalıdır. Zamanında müəllimlərimiz müxtəlif klublar yaradaraq bizim inkişafımıza kömək edirdi.
 
 
Müəllim zəngin həyat yaşamır, onun çox pulu olmur, amma aldığı zövq və məmnuniyyəti isə heç bir peşə sahibi əldə edə bilmir. Hazırda kəndlərə gedən müəllimlər oranın ən ziyalı və öncül şəxsiyyətlərindəndir. Bu baxımdan da onlara qiymət verilməli və mediada fikirlərinə yer ayrılmalıdır.
 
 
“İlin gənc müəllimi” layihəsinin qaliblərini bir daha səmimi qəlbdən təbrik edirəm”.
Qeyd edək ki, beynəlxalq “Global Teacher” müsabiqəsinin şərt və meyarlarını əsas götürən “İlin gənc müəllimi” yarışması 3 turda həyata keçirilib. Qaliblərə qiymətli hədiyyələr, qalibiyyəti təsdiq edən sertifikat, Mədəniyyət Komitəsinin Təbrik məktubu təqdim edilib.