Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 13:10:00
Müəllimlər üçün ümumi təqaüd yaşı müəyyən olunsun! - TƏKLİF

Hazırda yaşı 65-i ötən, lakin dərs demək enerjisini hələ də qoruyub saxlamağı bacaran xeyli müəllim var.

 

Bəs 65 yaşdan sonra təqaüdə çıxan müəllimlərdən necə yararlanmaq olar?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Məzahir Məmmədli deyib ki, müəllimlərin 65 yaşı tamam olan kimi tədrisdən kənarlaşdırılmasınə doğru hesab etmir:

 

"Bu, günün aktual məsələlərindən biri olsa da, təəssüf ki, ciddi müzakirələr aparılmır. Əksər ümumtəhsil müəssisələrində 65 yaşı tamam olan müəllimi tədris ili bitmədən kənarlaşdırırlar. 
Halbuki, burada istisnalar var. Fəxri ad alan, orden-medalı olan müəllimlərə bir neçə il güzəştlər olunmalıdır. Bu işin içində belə, yenə də fərdi yanaşmalar var. Bəzən "Əməkdar müəllim" adı alanları belə yaşı tamam olan kimi tədrisdən kənarlaşdırırlar. Hansı ki, həmin şəxs ştat müddətini bir-iki il artıra bilər. Digər bir məsələ odur ki, indi təcrübəsinə, savadına arxalanan və müasir texnologiyaya uyğunlaşan müəllimlər var. Amma təəssüf ki, onların da bilik, təcrübəsindən istifadə olunmur.

Açıklama yok.

Regionlarda, ucqar dağ kəndlərində yaşı tamam olan məktəb direktorları, müəllimlər var. Həmin yerlər vakansiyaya çıxarılıb, amma gedən yoxdur. Bu zaman məktəblərin idarə edilməsində müəyyən boşluqlar yaranır. Çünki bu şəxslərə səlahiyyət verilmir, müqavilə müddəti artırılmır. Sadəcə müvəqqəti icra adı qoyulur. Bir halda ki, həmin yer vakansiyaya çıxarılıb, amma heç kim ora getmək həvəsində deyil, orada işləyəni rəsmiləşdirsinlər ki, o adam da həvəslə çalışsın. Təəssüflər olsun ki, yaş həddi ilə bağlı bu cür boşluqlar var".

 

Təhsil eksperti Kamran Əsədov bildirib ki, müəllimlər üçün ümumi təqaüd yaşı müəyyən olunmalıdır:

 

"Ölkənin 4432 orta ümumtəhsil məktəbində 150 min müəllim fəaliyyət göstərir. Bizim müəllimlərin 40%-ə qədərinin yaşı 50-dən yuxarıdır. Hər il ən azı 4 min müəllimin 65 yaşı tamam olur. Təbii ki, həmin müəllimlərin uzun müddətli pedoqoji təcrübələri var. Bu o demək deyil ki, biz onları dərhal təhsildən kənarlaşdırmalıyıq. Təhsil işçilərinin vahid ştat cədvəli var ki, orada müəyyən dəyişikliklər olunmalıdır.

Əsas müəllim və köməkçi müəllim ştat vahidini müəyyənləşdirməklə həmin şəxsləri məktəblərdə mütləq şəkildə saxlamalıyıq. "Nümunəvi təhsil işçisi" ştat vahidi adı altında da bu şəxslər saxlanıla bilər. Kifayət qədər enerjisi, təcrübəsi olan müəllimlər var. Bunu biz daha çox texniki və təbiət fənlərinə aid edə bilərik. Riyaziyyat, kimya, fizika, biologiya kimi fənlərdə yaşlı müəllimlər daha təcrübəli olur. Digər fənlərdə müasir innovativ yeniliklərə görə gənclərin olması daha yaxşıdır. Xüsusilə texniki və təbiət fənləri ilə bağlı 65 yaşı olan müəllimləri təhsil prosesinin iştirakçısı olaraq saxlamalıyıq. Və onların təcrübəsindən mütləq olaraq təhsil sistemində istifadə etməliyik".

 

Açıklama yok.

Ekspert minimum ştat yaşının 25 il olmasının daha doğru ola biləcəyini bildirib:

 

"Düşünürəm ki, ümumi təqaüd yaşı müəyyən olunmalıdır. Məsələn, müəllim 25 il işləyibsə, onun avtomatik təqaüdü formalaşmalıdır. Gedib-getməməsi artıq onun fərdi qərarı olmalıdır. Necə ki, biz Milli Məclisdəki deputatların təqaüd yaşını müəyyən etməmişik. Müəllimlərlə bağlı da ilkin təqaüdün formalaşma yaşı müəyyənləşdirilməlidir. Hüquq-mühafizə orqanlarında, xüsusi xidmət orqanlarında bu, 18 ildir. 18 il tamam olduqdan sonra sənin artıq təqaüdün formalaşır.

25 yaşda müəllim kimi işə qəbul olunan şəxsin 25 il sonra artıq 50 yaşı tamam olacaq və istəsə təqaüdə çıxa bilər. Minimum ştat yaşı 25 il müəyyən olunmalıdır. Maksimum yaşa isə həmin şəxsin fiziki və psixoloji vəziyyəti yoxlanıldıqdan sonra komissiya tərəfindən rəy verilə bilər ki, bu insan işləyə bilər, ya yox".

 

K.Əsədov bildirib ki, bu təklif gənclərə tədris prosesində az yer verilməlidir anlamına gəlməməlidir. Rəqabət mühitində kim daha yaxşıdırsa, o da işə seçiləcək.