Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-23 14:59:00
 Məktəb direktoru: "Şagirdlərin  indi müstəqil işləmək vərdişlərinə alışdırılması zamanıdır"

Şagirdlərin məhz indi müstəqil işləmək vərdişlərinə alışdırılması zamanıdır...

 

Məlumdur ki, dərsə verilən müasir tələblərdən biri də, şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsidir. O da inkar edilməz faktdır ki, bu vəzifənin yerinə yetirilməsində şagirdlərin müstəqil işlərinin təşkili danılmazdır. Başqa sözlə, müəllim təlim materialını saf-çürük edir, dolaşıq və mübahisəli məsələləri aydınlaşdırır, şagirdləri düzgün variantlara yönəldir. Şagird isə müəllimdən fərqli olaraq, tədqiq olunmuşları araşdırır, təlim materialı üzərində düşünür, axtarış aparır, əlverişli variant seçir, öyrədilənləri şüurlu mənimsəyir. Təfəkkürün fəallığı təlim materialının dərk edilməsi prosesini sürətləndirir, mənimənilməni xeyli asanlaşdırır. Bu yolla əldə əldə edilən biliklər möhkəm olur və uzun müddət yadda qalır.

 

Müstəqil ev işi tədris proqramlarının tələblərini, həmçinin mək­təblilərin maraq və tələbatlarını, onların inkişaf səviyyəsini nə­zə­rə almaqla qurulur. Sinifdənxaric müstəqil iş şagirdlərin müstəqil­li­yinə, şüurluluğuna, fəallığına istinad edir. Düzgün təşkil edilmiş si­nif­dənxaric fəaliyyət şagirdlərin inkişafında sinifdəki fəal işdən heç də az əhəmiyyət kəsb etmir. Təəssüf ki, bu sahədə müəyyən işlər görülməsinə baxmayaraq, əvvəlki illərlə müqayisədə bu vacib işə o qədər da lazımi diqqət yetirməmişik, əldə olunmuş bilik və bacarıqları möhkəmlətmək, proqram materialı çərçivəsində fərdi tapşırıqları yerinə ye­tir­mək yolu ilə təfəkkürün müstəqilliyini lazımınca inkişaf etdirməmişik, şagirdlərə tədris materialına yiyələnmək işində qar­şıya çıxan çətinlikləri aradan qaldırmağa zəruri köməklik göstərməmişik.

 

Bu gün məktəbin  başlıca vəzifəsi Nazirliyin tövsiyələri əsas götürülməklə şagəirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsindən,  şagirdlərin proqram materialının mənimsənilməsində yaranan boşluqların aradan qaldırılması üçün məktəb-valideyn-şagird əlaqələrini  imkan daxilində onlayn müstəvisinə keçirməkdən,  video, qrafika, səs və digər multimedia vasitələrinə, elerktron resurslara, teledərslərə, kifayət qədər dərslik, dərs vəsaiti, sinifdən xaric oxu materialları yerləşdirilmiş müvafiq portallara istinad etməkdən, orta məktəblər üçün mövcud olan  digər resurslardan istifadə etməklə, şagirdlərin ev şəraitində müstəqil işlərinin təşkilinə yönəlik tapşırıqlar verməkdir.

 

 Müvəqqəti yaranan əlahiddə vəziyyətdən çıxış yolu kimi təbii hadisənin cəmiyyət həyatının müxtəlif sahələrinə, xüsusən təhsilə ciddi təsirini minimuma endirmək, bunun üçün təhsilimizdə baş verən proseslərdə valideynlərin kənarda qalmamasına, şagirdləri vaxtlarını boş keçirməməsinə, imkan daxilində mövcud "Facebook", "WhatsApp", "Skype" və digər bu kimi   ehtiyat mexanizmlərinə istinad etməklə vəziyyəti normal axara salmaq üçün valideynlərin təhsil ocağı ilə, sinif rəhbərləri və fənn müəllimlərinin valideynlər və şagirdlərlə heç olmasa sadə telefon bağlantısı vasitəsi ilə əlaqə saxlaması, təhsilimizdə gedən proseslərə bilavasitə tanışlığının təmin edilməsi vacibdir.

 

Məktəblərin bağlanması heç də müəllim-şagird-valideyn əlaqələrinin kəsilməsi deyil, əksinə bu münasibətlərin daha qarşılıqlı və anlaşıqlı müstəviyə keçirilməsidir.

 

 

Yaqut Əfəndiyeva

Bakı şəhəri A.Məmmədov adına 38 nömrəli tam orta məktəbin direktoru