Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-13 16:00:00
“Dərs deməyən direktor pedaqoji  işçi yox, “çinovnikdir”” - Ekspertdən etiraz

“Dərs deməyən direktor və ya müavin müəllimə hansı dərs nümunəsi göstərə bilər?! Belə direktor artıq  pedaqoji işçi deyil, sıradan bir “çinovnikdir””. 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil mütəxəssisi Nadir İsrafilov deyib. Məktəb direktorlarının dərs deməsi ilə bağlı maraqlı fikirlər səsləndirən ekspert onların tədris edə biləcəyi saatları izah edib:

“Məktəb direktoru və müavinlərinin dərs deyə bilməz” kimi yanlış informasiyaları cəmiyyət birmənalı qarşılamır. Onlar müxtəlif narazılıq yaradaraq, yerli-yersiz mübahisələrə yol açırlar. Düzdür, bir müddət sonra məsələyə aydınlıq gətirildi. Bildirildi ki, növbəti tədris ilindən direktorlar 12 saatadək dərs deyə biləcəklər. Zərurət yarandığı halda dərs  saatlarının sayı artırıla bilər. 0,5 ştat vəzifə maaşı alanlara isə 18 saata qədər dərs verilməsi mümkündür.

Burda söhbət təkcə direktor və müavinlərdən getmir. Həm də təhsil şöbələri  işçilərinin,  xüsusilə metodistlərin  orta məktəbdə dərs deyə bilməyəcəkləri barədə məlumatlar yayılır. Yəni, bu peşə sahibləri ya öz peşələrində qalmalı, ya da müəllim işləməlidirlər. Bunu isə heç cür təsəvvür etmək olmur. Metodist dərs deməyəcəksə bu ştat vahidinin saxlanılmasına nə ehtiyac var? Axı, bir vaxtlar metodistlər müəllimlərin müəllimi hesab olunurdular...”

Ekspert məmurlar pedaqoji fəaliyyətlə məşğul ola bildiyi halda, direktor və müavinlərə bu məhdudiyyətin qoyulmasını qəbul etmir:

“Məsələnin başqa tərəfi də var. Milli Məclis üzvlərinin və digər yüksək çinli məmurların bir qismi müxtəlif yerlərdə pedaqoji fəaliyyətlə məşğuldurlar.  Bəs sırf pedaqoji ixtisas sahibi olan məktəb direktoru, müavinləri, metodistlər,UBR, laborant, psixoloq, kitabxanaçı və digər təhsil sistemi işçiləri niyə dərs deyə bilməsinlər? Hələ ötən ilin avqustunda direktor və direktor müavinlərinin diaqnostik imtahanları keçirildi.  Onlardan uğurla keçən direktorlara 6, ehtiyac olarsa, 12 saata qədər dərs aparmaq ixtiyarı verildi. Hətta təhsil işçilərinin vahid ştat cədvəlinə görə də orta ümumtəhsil məktəblərində direktor və müavinlərin 12 saat dərs demək imkanı var”.

Onun sözlərinə görə, dərs deməyən işçilərə pedoqoji nümunə ola bilməz:

“Direktor və müavinlər pedaqoji prosesə nəzarət etməli, bu məqsədlə müəllimlərin dərslərini dinləməli, yeri gələndə açıq dərslər təşkil edərək təhlillər aparmalı, xüsusilə də gənc müəllimlərə metodiki tövsiyələr verməlidirlər. Onlar kollektivə  örnək olmalıdırlar. Dərs deməyən direktor və ya müavin müəllimə necə nümunə göstərə bilər? Direktor və ya müavin ixtisas, daimi peşə deyil, sadəcə müvəqqəti vəzifədir. Rəhbər pedaqoji işçinin  fəaliyyəti dövründə ixtisası ilə məşğul olmaması, müvafiq bacarıqlardan məhrum olması və  ixtisasıni itirməsi deməkdir.

Bəzi direktorların ora-bura çağrılaraq formal dərs aparmalarına gəldikdə isə demək istəyirəm ki, bu, məsələnin başqa tərəfidir. Hər bir halda direktor istəsə, gündə heç olmasa bir saat dərs deməyə vaxt ayıra bilər. Reallıq isə ondan ibarətdir ki, dərs deməyən direktor artıq pedaqoji işçi deyil, sıradan bir çinovnikdir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları