Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-10 15:10:00
“Şagirdlərimizə inanıram, ən istadadlı xalqlar arasında birinci yeri tutarıq” – Məşhur aparıcıdan qəribə nikbinlik

“Bu gün bəzi sahələrdə olduğu kimi, televiziyadakı səviyyə də məni qane etmir. Bu səviyyəni qaldırmaq lazımdır. Telekanallarda təhsillə bağlı daha çox iş görmək mümkündür. Təhsilin təbliğatı müxtəlif formalarda ola bilər. Elə formada olmalıdır ki, tamaşaçı ona baxsın”.

Bu sözləri AzEdu.az-a açıqlamasında tanınmış telejurnalist,  bir zamanların məşhur “Qulp” proqramının  Mübariz Əsgərov deyib. O, təhsillə bağlı fikirlərini bölüşərkən, daha çox Azərbaycan təhsil sisteminin dünya ölkələrinə inteqrasiya olunmasının vacibliyini vurğulayıb:

“Dünya təhsil sahəsində gedən dəyişikliklərə uyğunlaşmalıyıq. Əvvəllər  yalnız SSRİ məkanı ilə əlaqələr var idi. Buna görə də bu gün təhsili daha uğurlu hesab edirəm. İndi bir çox eksperimentlər keçirilir. Onların nəticəsinin necə olduğunu deyə bilmərəm. Çünki əlimdə heç bir statistika yoxdur. Hər halda təhsilimiz dünyada gedən qlobal proseslərə uyğunlaşsa, daha yaxşı olardı. Çox istərdim ki, elm və təhsil müəssisələrimiz dünya reytinqlərində özlərinə layiqli yer tutsunlar. Sözün düzü, mən təhsilimizdən bədgüman deyiləm. Amma indiki səviyyədən daha yaxşı ola bilər. Bu uğuru həm təhsil işçiləri, həm təhsil alanlar çalışaraq birgə əldə edə bilərlər”.

Televiziyalardakı səviyyədən narazı olduğunu deyən telejurnalist təhsil verilişlərinə ciddi ehtiyac olduğunu qeyd edib:

“Mən professional televiziyaçı olduğuma görə, Azərbaycan televiziyaları yaralı yerimdir. Bu gün bəzi sahələrdə olduğu kimi televiziyadakı səviyyə də məni qane etmir. Bu səviyyəni aradan qaldırmaq lazımdır. Telekanallarda təhsillə bağlı daha çox iş görmək mümkündür. Təhsilin təbliğatı müxtəlif formalarda ola bilər. Elə formada olmalıdır ki, tamaşaçı ona baxsın. Bunu şou, yarışma, tok-şou və s. şəklində reallaşdırnmaq olar. Çox gözəl variantlar tapıb, təhsil proqramlarına xeyli yer vermək olar. Təhsil proqramlarına ehtiyac var. Çünki bu dəqiqə insanlar kitablardan çox  sosial şəbəkə və televiziyalara üz tuturlar. Belə proqramların sayının artması təhsilimizin birbaşa uğuruna gətirib çıxara bilər.

Mən öz proqramlarımda izləyiciləri ən çox narahat edən məsələlərə toxunub, bu sahədə müəyyən işlər görmüşəm. Azadlıqdan mərhum olan insanları araşdırmışam. Bu da elə təhsilin aşağı olmasından irəli gələn reallıqdır. Azadlıqdan məhrum olan insanların güzəranını göstərmək birbaşa olmasa da, dolayısı ilə elə təhsillə bağlıdır. Əli qələm tutan adamlara onlarla görüşməyə imkan yaratmışam. Yəni, birbaşa olmasa da, dolayı yolla təhsil mövzularına yer vermişəm”.

Onun sözlərinə görə, təhsilin səviyyəsini qaldırmaq üçün hamı birgə çalışmalıdır:

“İstərdim ki, təhsildə vətəndaşlıq, vətənpərvərlik hisləri daha çox  aşılansın. Mən demirəm ki, bu, aşağı vəziyyətdədir. Sadəcə, bu hislər daha çox aşılansa, dünyada gedən təhsillə bağlı müəyyən islahatları, qabaqcıl məktəblərin təhsil proqramlarını tətbiq etsək, onlara uyğunlaşsaq, xeyli irəli gedərik. Mən təhsilimizdən bədgüman deyiləm. Amma  elm texnika inkişaf etdikcə, təhsil də onunla paralel getməlidir. Təhsilin səviyyəsini qaldırmaq üçün müəllim, şagird, valideyn –hamı çalışmalıdır”.

O, söhbət zamanı şagirdlərin özünüifadə bacarıqlarının nə dərəcədə qənaətbəxş olması məsələsinə də aydınlıq gətirib:

“Mən şagirdlərin özünüifadə bacarıqları barədə mənfi fikirdə deyiləm. Sizi inandırım ki, biz bəlkə də ən istedadlı xalqlar arasında birinci yeri tutarıq. Mən müəllimlərə, şagirdlərə, ümumiyyətlə, vətəndaşlarımıza inanıram. Özünüifadə bacarıqları hamıda yaxşıdır. Sadəcə, özünü ifadə etmək üçün daha çox şərait yaradılmalı, bunun üçün hamı çalışmalıdır. Öncə isə təhsilimizi dünyada gedən müsbət proseslərə uyğunlaşdırmaq lazımdır. Bu, nəinki təhsil, bütün sahələrə aiddir. Uyğunlaşıb geridə qalmamaq lazımdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları