Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-04 13:30:00
Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?  

Təhsil naziri Ceyhun Bayramov mediaya müsahibəsində XI sinif  buraxılış və ali məktəbə qəbul imtahanlarının birləşdiriləcəyini bildirib. 

Yeni qəbul qaydalarına əsasən, buraxılış imtahanları - Azərbaycan dili, Riyaziyyat və Xarici dil fənlərindən olacaq.  3 fəndən keçirilən buraxılış imtahanlarında maksimum bal  300 olacaq. Qəbul imtahanları isə 4 fəndən keçirilərək, maksimum 400 balla nəticələnəcək. Beləliklə, buraxılış imtahanlarının nəticələri qəbul imtahanlarına da təsir edəcək. Amma əvvəlki illərin məzunlarını narahat edən başqa bir məsələ var. Buraxılış  imtahanını illər öncə verib attestat əldə edənlər universitetə qəbul olunmaq üçün  hansı fənlərdən imtahan verməli olacaqlar? Buraxılış və qəbul  imtahanı nəticələrinin toplanması üçün onlar yenidən attestat imtahanı verməlidirlər?

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil mütəxəssisi Etibar Əliyev əvvəlki illərin məzunlarının köhnə qaydada imtahan verəcəyini düşünür: 

“DİM hansısa addımı atanda kifayət qədər ölçüb-biçir. Yəni, hər bir halda bunun orta məktəbi nə bu il, nə də əvvəlki illərdə bitirənlərə zərbə vuracağını düşünmürəm. DİM  bu riskləri nəzərə alır ki, heç kim ziyan çəkməsin. Düşünürəm ki, əvvəlki illərin məzunları elə köhnə qaydada imtahan verəcəklər. Buraxılış imtahanlarının birləşməsi modeli hansı ildən işə düşəcəksə, o, həmin ildən etibarən tətbiq olunacaq. Hesab edirəm ki, bu, çoxdanın çağırışı idi. Bu sahədə addımların atılması vahid imtahan sisteminin təşəkkülünə xidmət edən addım olacaq. DİM qərarları birbaşa qəbul edib tətbiq etmir. Bunu müəyyən vaxt çərçivəsində edir ki, adaptasiya prosesi də həyata keçirilsin. Düşünürəm ki, bu, çox müsbət addımdır. Buraxılış imtahanları qəbul imtahanlarını tamamlayacaq bir model olaraq tətbiq olunacaq ki,  bu da bir çox hallarda haqlı narazılıqların aradan qaldırılmasına gətirib çıxaracaq”.

Müəllim Günel Əliyeva isə bu imtahanların da şagirdlərinin repetitora üz tutmalarına səbəb olacağını deyib:

“Yeni qaydalar tətbiq olunsa, şagirdlər orta  məktəbə daha ciddi yanaşacaqlar. Bunun yaxşı tərəfi ola bilər. Bu zaman şagirdlərdən daha çox oxumaq tələb olunacaq. Onlar orta məktəbdən ali məktəbə hazır vəziyyətdə getməli olacaqlar. Bunun üçün məktəbdə yüksək səviyyədə oxumalıdırlar. Bunun üçün də yenə repetitorlara müraciət edəcəklər. Nə etsək də, bunun qarşısını almaq mümkün deyil. Məktəbdə savadlı müəllim olsa da, sanki uşaq kənardakılara inanır. İndi məktəblərə yeni müəllimlər gəlir. İmtahan verib vakant yeri qazananlar sözsüz ki, savadlı müəllimlərdir. Amma şagird öz savadlı müəllimlərini qoyub  əlavə  müəllimin yanına gedir. Yəni bu imtahanlar da şagirdlərinin repetitorlara üz tutmalarına səbəb olacaq”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları