Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-03 13:26:00
Lütfi  Zadənin həyat və elmi fəaliyyətinin bilmədiyimiz məqamları – Professor Rafiq Əliyevin məqaləsi

 

 

 

“Zadə irsi və süni intellekt” assosiasiyasının prezidenti professor Rafiq Əliyevin və “Qeyri-səlis sistemlər və Soft Kompütinq üçün Rusiya Birliyinin” vitse-prezidenti professor Valeriy Tarassovun professor Lütfi Zadənin 100 illiyinə həsr edilən, “Şpringer” nəşriyyatında ingilis dilində çap olunan “Theory and Application of Fuzzy Systems and Soft Computing” kitabında məqaləsi dərc olunub.

 

 

AzEdu.az bu məqalənin bir qədər ixtisar edilən variantının tərcüməsini oxucuların nəzərinə çatdırır:

 

Elm dünyasını dəyişən insan:

Lütfi Zadənin 100 illik yubleyinə həsr edilir

 

Bu məqalə qeyri-səlis məntiqin banisi Lütfi Zadənin xatirəsinə həsr edilmişdir. Onun ideyaları və nəzəriyyələri «insan yönümlü» tətbiqi riyazi nəzəriyyələrin inkişafı ilə əlaqədar olaraq müasir elmi paradiqmanın xeyli dəyişməsinə səbəb olmuşdur. Burada Zadənin qeyri-adi bioqrafiyasının bəzi səhifələrindən bəhs olunur. Qeyri-səlis çoxluqlar və linqvistik dəyişənlər, qeyri-səlis məntiq və təxmini mühakimə, ehtimal nəzəriyyəsi və intellektual hesablama, məlumat qranulyasiyası və sözlərlə hesablama də daxil olmaqla onun elmə verdiyi töhfələr nəzərdən keçirilmişdir. Araşdırmada L.Zadənin elmi əsərlərinin xronologiyasının izlənilməsinə cəhd edilmişdir.

 

 I yazı

 

Giriş olaraq

 

4 fevral 2021-ci il tarixdə zəmanəmizin böyük alimi, müasir idarəetmə nəzəriyyəsi, tətbiqi riyaziyyat, elektrik mühəndisliyi, kompüter elmi, süni intellekt nəzəriyyəsinin bir sıra əsas elmi cərəyanların banisi, qeyri-səlis məntiqin Atası Professor Lütfi Zadənin anadan olmasının yüzilliyi qeyd olunacaq. O, dünyaya yeni, orijinal elmi fikirlər gətirən və əsas elmi paradiqmalar yaradan çox az sayda qabaqcıl alimlərdən biridir.

 

 

Professor L.A. Zadə qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və linqvistik dəyişənlərin, qeyri-səlis məntiqin və təxmini mühakimə, ehtimal nəzəriyyəsinin və intellektual hesablamanın, məlumat qranulyasiyasının və ümumiləşdirilmiş qeyri-müəyyənlik nəzəriyyəsinin, z-ədədlər və ümumiləşdirilmiş məhdudiyyətlərin və bir çox digər elmi istiqamətlərin yaradıcısıdır. Onun ideyaları və nəzəriyyələri fənlərin yalnız dar çərçivəsi ilə məhdudlaşmayan və bununla da elmin inkişafında fənlərarası sinerjilərə imkan verən yeni bir dövr açmaqla yanaşı, eyni zamanda yeni informasiya və koqnitiv texnologiyaların yaradılmasına böyük həcmdə töhfə verdi, qeyri-səlis kontrollerlər və kompüterlər, qeyri-səlis çiplər və şəbəkələr, qeyri-səlis tanıma və klaster sistemləri və bu kimi səmərəli sənaye tətbiqlərinin meydana gəlməsinə səbəb oldu.

 

Əsas məqsədimiz onun elmi fəaliyyətinin bəzi mühüm bioqrafik təfərrüatlarını xatırlamaq və qeyri-səlis məntiqin Atasının onilliklər ərzində elmə verdiyi əsas töhfələri nəzərdən keçirməkdən ibarətdir.

 

 

 

 

Bioqrafiya Səhifəsi

 

Lütfi A. Zadə, 1921-ci il fevralın 4-də Azərbaycanda, Bakının Novxanı kəndində anadan olmuşdur. Atası, Ərdəbilli jurnalist Rəhim Ələskərzadə İran qəzetinin Bakıdakı xarici müxbiri, anası isə Odessalı Feiga (Fanya) Korenman tibb təhsilli pediatr idi.

 

 

Lütfi üç il Bakıda ibtidai məktəbdə oxuyur, lakin 1931-ci ildə on yaşında olarkən ailəsi İrana Tehrana köçür.Sonra, Gənc Lütfi Tehrandakı Amerikan Alborz Kollecində səkkiz il təhsil alır.

 

 

Alborz kollecini bitirdikdən sonra Lütfi Zadə sənədlərini Tehran Universitetinə verdi. Qəbul imtahanlarının nəticəsinə görə İranda üçüncü oldu. 1942-ci ildə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirdi. Sonra, kifayət qədər yüksək gəlirə baxmayaraq, L.Zadə Tehranda rahat bir həyatı qoyub akademik dünyadakı karyera arzusunu reallaşdırmaq üçün ABŞ-a köçməyə qərar verdi.

Lütfi, 1944-cü ilin əvvəllərində Tehranı tərk edərək hava və dəniz yolu ilə ABŞ-a uzun səfərə çıxır. O,1944-cü ilin iyul ayında Nyu-Yorka çatdı və yay aylarını Beynəlxalq Elektronika Korporasiyasında çalışdıqdan sonra Kembricə köçdü.

 

 

1944-cü ildə Lütfi Zadə Massaçusets Texnologiya İnstitutunun magistraturasına daxil oldu və 1946-cı ilin fevralında elektrik mühəndisliyi üzrə magistr dərəcəsi aldı. Sonra Kolumbiya Universitetinə keçməyə qərar verdi və burada elektrik mühəndisliyi üzrə müəllim kimi çalışmağa başladı. Üç il müəllim kimi çalışdıqdan sonra 1949-cu ildə professor J. Ragazzininin rəhbərliyi altında doktorluq dərəcəsini aldı. Elmi işi zamana görə dəyişən şəbəkələrin tezlik analizinə həsr edilmişdir.

 

1950-ci illərdə Zadənin elmi maraqları klassik elektrik mühəndisliyindən sistem analizi və informasiya elminə yönəlir. Artıq 1950-ci ildə professor Ragazzini ilə birlikdə yazdığı “Vinerin proqnozlaşdırma nəzəriyyəsinin genişləndirilməsi” adlı çox əhəmiyyətli bir məqalə nəşr etdirdi. Bu iş bu gün üçün klassik hesab olunan sonlu-yaddaş süzgəclərinin layihələndirilməsində tətbiq edilir. 1952-ci ildə Zadə yenidən Ragazzini ilə birlikdə diskret sistemlər üçün z-çevirmə metodunu təklif etdi. Günümüzdə bu metod həm də klassik metod kimi qəbul edilir ki, bu da rəqəmsal siqnal emalında geniş istifadə olunur. 1953-cü ildə o, qeyri-xətti süzgəcləmə üçün yeni bir yanaşma irəli sürdü və qeyri-xətti sistemlərin Volter-Viner təsvirinə əsaslanan iyerarxiyasını qurdu. Beləliklə, küydə faydalı siqnalları aşkar etmək üçün optimal qeyri-xətti prosessorların əsasları formalaşdırıldı.

 

 

1950-ci illərdə L.A.Zadə ehtimal nəzəriyyəsi və onun qərar qəbuletmə analizinə tətbiqi ilə daha çox maraqlanmağa başladı. Parlaq bir riyaziyyatçı olan H.Robbins və sonradan onun yaxın dostu olan dinamik proqramlaşdırmanın atası sayılan R.Bellmanla tanış oldu. 1956-1957-ci illərdə o, Nyu-Cersi ştatının Princeton şəhərində Qabaqcıl Tədqiqat İnstitutun qonağı olmuşdur. Orada S.Klininin apardığı bir məntiq kursundan ilhamlanmışdır.

 

1954-cü ildə Lütfi Zadə dosent dərəcəsinə yüksəldi, 1957-ci ildə isə tam professor dərəcəsi aldı.

 

Zadə on il Kolumbiya Universitetində dərs demişdir. 1959-cu ilin yanvarında Kaliforniya Universitetinin Elektrik mühəndisliyi kafedrasının rəhbəri professor J.Viner, ona Berkliyə köçməsini təklif etdi. Bu təklifdə həm üstünlüklər, həm də risk var idi. Düşündükdən sonra, 1959-cu ilin iyul ayında 38 yaşlı Lütfi Zadə ailəsi ilə birlikdə Nyu-Yorkdan Berkliyə maşınla uzun bir səfərə başladı.

 

Professor Lütfi Zadə 1959-cu ildə Berklidə Kaliforniya Universitetində Elektrik Mühəndisliyi kafedrasında işə başladı və 1963-1968-ci illərdə isə həmin kafedranın rəhbəri oldu. 1963-cü ildə Professor Desoerlə birgə mühüm bir kitab nəşr etdi ki, bu kitabda xətti sistemlər nəzəriyyəsində vəziyyətlər fəzasına əsaslanan yeni bir yanaşma ətraflı təsvir olunmuşdu. Bu kitab dörd nəşr çap olundu. Burada əks olunmuş ideya və nəticələr sistem analizi və avtomatik idarəetmədə müxtəlif müasir yanaşmaların təməlini təşkil edir. Hal-hazırda vəziyyətlər fəzasına əsaslanan yanaşma, sənaye robotlarından tutmuş kosmik idarəetməyə qədər, sistem mühəndisliyinin bütün sahələrində geniş tətbiq olunur. (ardı var)