Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-18 17:04:00
Avropada oxuyan tələbəmiz: “Azərbaycan ali təhsil sistemi ilə tanış deyiləm” -MÜSAHİBƏ

 

 

Bu  sözləri  xaricdə  təhsil  alan  azərbaycanlı  tələbə  Hökümə  Məmmədzadə   qeyd  edib.

 

Məmmədzadə Hökümə, Hollandiyanın  Groningen Universitetində bir  semestr  müddətində  təhsil  alıb. Hazırda  isə  Estoniyanın  Tartu  Universitetində  Biznesin  təşkili  və  idarə  edilməsi  üzrə  bakalavr  təhsilini  davam  etdirir.

 

AzEdu.az   xaricdə  təhsil  alan  tələbəmizlə  müsahibəni  təqdim  edir:

 

-Xaricdə  təhsil  almağa  necə  qərar  verdiniz  və  necə hazırlaşdınız? 

 

-Əslində, orta  məktəb  vaxtlarında  buna  qərar  vermişdim. Orta  məktəb  təhsilimin  son  illərini  beynəlxalq  təhsil  proqramı  hesab  olunan  “International  Baccalaureate  Diploma  Programme”  üzrə  davam  etdirdim. Elə  bu  proqramda  təhsil  almağım  da  xaricdə  təhsil  ilə  əlaqədar  idi. Yəni  o  zamanlardan  artıq   hazırlaşırdım.

 

-Estoniyadan  əvvəl  Hollandiyada  da  bir  müddət  təhsil  almısız. Bir  az  bu  prosesdən  danışardız...

 

-Doğrusu,  bakalavr  təhsili  aldığım  müddətdə  Hollandiyanın  Groningen  Universitetində  Erasmus +  proqramı  çərçivəsində  sadəcə  bir  semestr  təhsil  aldım. Ancaq   semestr  başa  çatdıqdan  sonra  isə  yenidən  Estoniyaya, Tartuya  qayıdıb  kurikuluma  davam  etdim. Hazırda  da  burada  təhsilimi  davam  etdirirəm.

 

-Bu  ölkələrdə  həm  təhsildə, həm  də  gündəlik  həyatda, əsasən,  hansı  dildən istifadə  edirsiz? Bu  dili  necə öyrəndiz  və  daha  rahat, tez  öyrənmək istəyənlərə  nə  kimi  məsləhətləriniz  var?

 

-Hər  iki  ölkədə  əsas  dil  kimi  həm  təhsilimdə, həm  də  gündəlik  olaraq  ingilis  dilindən  istifadə  edirdim.  Lakin  hər  iki  ölkənin  öz  rəsmi  dili  var. Təhsil  aldğım  müddətdə  Eston  dilini  başlanğıc  səviyyədə  öyrəndim. İngilis  dilinin  daha  yaxşı  öyrənilməsi  üçün  isə  fikrimcə  ən  önəmli  şey  praktika,  yəni  danışıqdır.

 

-Həm  Hollandiyada, həm  də  Estoniyada  təhsilin, tələbə  olmağın  nə  kimi çətinlikləri  yaxud   üstünlükləri  var? Müsbət  və  mənfi  tərəfləri  nələrdir?

 

-Təhsil  sisteminə  gəldikdə, Hollandiya  öz  təhsilinə  görə  hər  zaman fərqlənən  ölkələrə  arasında  olub. Ölkə  olaraq  bir  neçə  TOP-100  universitetə ev  sahibliyi  edir. Orada  təhsil  sistemi  daha  sərtdir. Estoniyada  isə  IT, proqramlaşdırma  və  digər  uyğun  sahələr  daim  inkişaf  etməkdədir.  Bu sahələr  orada  daha  da  təkmilləşdirilib  və  bir  çox  Avropa  ölkələrindən yaxşı   mənada  fərqlənir.

 

-Hazırda  dünyada  pandemiya  tüğyan  edir. Bəs  Estoniyada  vəziyyət  necə  idi?

 

-Estoniyanın   əhalisi  təqribən  1  milyon  yarımdır. Pandemiyanın  birinci dalğası  ikinci  dalğaya  nisbətən  daha  yaxşı  idi  deyə  bilərik. Birinci dalğada ən yüksək yoluxma  sayı  maksimum  140  nəfərdən  aşağı  idisə, təəssüf  ki,  hazırda  bu  rəqəm  400-ə çatır. Ölkənin  ümumi  statistikası  üçün  isə  bu  olduqca  ciddi  rəqəmdir.

 

-Estoniyada  pandemiya  səbəbi  ilə  təhsil  müəssisələrində  nə  kimi  işlər görülür?

 

-Verilən  ən  son  qərar  əsasında  universitetlərdə  təhsil  sistemi  yenidən onlayn  formata  keçirildi. Həmçinin,  imtahanlar  və  tədrisdə  olan  digər  proseslər  onlayn  həyata  keçiriləcək.

 

-İki  xarici  ölkənin  təhsil  sistemi  ilə  tanışsız. Azərbaycanla  bu  ölkələrin təhsil  sistemi  arasındakı  əsas  fərqlər  sizcə  nələrdir? Təhsilimizdəki  əsas boşluqlar  sizcə  nələrdən  ibarətdir?

 

-Düzünü  desək,  bu  barədə  məlumatlı  deyiləm. Çünki  Azərbaycanda  universitet  təhsili almamışam. Daha  düzgün  müqayisənin  aparılması  üçün  gərək  Azərbaycanda  universitet  təhsili  ilə  yaxından  tanış  olum.  Ancaq  bunu  da  qeyd  etmək  istəyirəm  ki,  mənə  görə  təhsilin  keyfiyyəti  daha  çox  təhsil  müəssisəsindən  asılıdır  və  bu  müəssisəyə  görə  dəyişir.         

 

-Xaricdə  təhsil  aldığınız  müddətdə  bura  ilə  bağlı  ən  çox  nə  üçün darıxırsız?

 

-Mən  getdiyim  yerlərə  çox  qısa  zaman  ərzində  adaptasiya  ola  bilirəm. Düzü  darıxma  duyğusu  isə  məndə  ümumiyyətlə  yoxdur. Ancaq   bir  şey  istisnadır. Yemək  bişirməyi  bacarmadığım  üçün  ana  yeməklərinin  yeri  həmişə  bilinir.

 

-Son  olaraq   xaricdə, xüsusi  ilə  də  sizin  təhsil  aldığınız  ölkələrdə  təhsil almaq  istəyən  tələbələrə  nə  kimi  tövsiyələriniz  var?

 

-Düzgün  ixtisas  seçimi  əsas  şərtdir. Məsləhət  görürəm  ki,  həvəskar olduqları  ixtisas  üzrə  müəyyən  təcrübə  fəaliyyətlərində  aktiv  iştirak  etsinlər, bu  onlar  üçün  faydalı  olacaq. İnternetdə  hər  bir  ölkə  haqqında  kifayət  qədər  məlumat  var. Çoxlu  araşdırma  etsinlər, lazımı  məlumatları  öyrənsinlər.