Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-21 17:13:00
Buraxılış imtahanlarının cavabları niyə açıqlanmır? – Ekspert yaranan ajiotajdan danışdı  

“Ötən il  9-cu siniflərin buraxılış imtahanlarının keçirilməsindən uzun müddət ötməsinə baxmayaraq, nəticələrin açıqlanmaması şagird və valideynlərdə nigaranlığa, ictimaiyyət arasında isə söz-söhbətə səbəb oldu. Hətta sosial şəbəkələrdə açılan müzakirələrdə, imtahan verən şagirdlərin 90 faizinin riyaziyyatdan “2” aldığı kimi iddialar da irəli sürüldü. Dövlət İmtahan Mərkəzi isə bunu 9-cu siniflərin buraxılış imtahanlarında ilk dəfə olaraq açıq tipli suallardan istifadə olunması ilə izah etdi”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Nadir İsrafilov deyib. O, qeyd edib ki, imtahanların nəticələri ilə bağlı hamının səbirsizliklə gözlədiyi cavabların açıqlanmasında müəyyən ləngimələr və bununla bağlı yaranan narahatlıqlar birinci hal deyil:

“Bu kimi gecikmə hallarına öz növbəsində Dövlət İmtahan Mərkəzi də zaman-zaman münasibət bildirib. DİM  müxtəlif səbəblərlə izah edərək, bu ləngiməni əsaslandırmağa cəhd edib. Məsələn, ötən il  9-cu siniflərin buraxılış imtahanlarının keçirilməsindən uzun müddət ötməsinə baxmayaraq, nəticələrin açıqlanmaması şagird və valideynlərdə nigaranlığa, ictimaiyyət arasında isə söz-söhbətə səbəb oldu. Hətta sosial şəbəkələrdə açılan müzakirələrdə imtahan verən şagirdlərin 90 faizinin riyaziyyatdan “2” aldığı kimi iddialar belə irəli sürüldü. Dövlət İmtahan Mərkəzi isə bunu 9-cu siniflərin buraxılış imtahanlarında ilk dəfə olaraq açıq tipli suallardan istifadə olunması, 30 test tapşırığından 20-sinin açıq tipli suallar olması, bu sualların yoxlanılmasının isə çox vaxt tələb etməsi, bunun üçün xüsusi şəraitin yaradılması, markerlər bazasının formalaşdırılması və digər bu kimi səbəblərlə izah etmiş və belə qərara gəlinmişdi ki, imtahanın ikinci mərhələsi keçirilənə qədər imtahanın birinci mərhələsinin cavabları açıqlansın. Yəni, belə hallar olub, olur və gələcəkdə də olunmayacağına heç kim təminat verə bilməz”.

Ekspert qeyd edib ki, belə gecikmələri müəyyən qaranlıq məqamlarla əlaqələndirməyə ehtiyac yoxdur:

“Sadəcə, bu kimi hallarla bağlı ajiotaj yaratmağa, müxtəlif şaiyələr yaymağa lüzum görmürəm. DİM öz üzərinə böyük yük götürüb, geniş spektrli müxtəlif və mürəkkəb prosedurlar həyata keçirir. Deyək ki, bu prosesdə test tapşırıqlarının kompüter vasitəsilə yoxlamanılması kimi texniki amil var, yoxlama prosesinə müxtəlif regionlardan minlərlə markerlərin cəlbi, iki müəllimin verdiyi qiymət arasında uyğunsuzluq olarsa, həmin tapşırığın 3-cü müəllimə göndərilməsi, eyni zamanda, hər iki müəllim tapşırığa eyni qiymət vermələri tələbi və s. Əlbəttə, arzu olunardı ki, bu kimi hallara imkan daxilində yol verilməsin…” 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi bu gün Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. Ümumilikdə 64800 şagirdin imtahan verəcəyi nəzərdə tutulub (IX sinif üzrə 37029, XI sinif üzrə 27771). IX siniflərin birinci mərhələsi isə 2018-ci ilin mart ayının 11 və 18-də keçirilib. İmtahan cavabları ilə şagirdlər “şəxsi kabinet”lərindən tanış olsalar da, nəticələr barədə ümumi statistika açıqlanmayıb.