https://www.zirve.edu.az/
19.05.2020 11:55
Onlayn dərs keçən müəllim – “İnternetin kəndlərdəki vəziyyətini təsəvvür belə etmək istəmirəm”-SÖHBƏT  

 

“Görəsən, Azərbaycan məktəblərində təhsil alan bütün şagirdlər onlayn dərslərdən yararlanırmı? Əlbəttə, yox! Şəhər və rayon məktəblərində bəlkə də 40 % uşaq online dərslərdə iştirak edir. Belə olduqda ucqar kəndlərdə təhsilin vəziyyəti necə olacaq?!”

 

Bu fikirləri AzEdu.az-a onlayn dərslər barədə danışan Ağdam rayon 51 saylı məktəbin coğrafiya müəllimi Əfəndiyeva Aytən deyib. O,  kurikulumla yazılan materialların onlayn dərslərlə şagirdlərə çatdırmağın çətinliyini vurğulayıb.

 

“Kurikulum modeli özünü  onlayn formada doğrultmur”

 

“Hər kəsə məlumdur ki, dərsləri məktəbdə də  yeni təhsil sistemində tədris edirik. Yeni təhsil müasir kurikulumla özünü doğruldur. Hazırda  pandemiya şəraitinə görə dərslər onlayn formada keçirilir.   Bununla əlaqədar olaraq çətinliklər ortaya çıxır.

 

Kurikulumla yazılmış kitabları mənimsətmək üçün motivasiya, müzakirə mərhələsindən və mütləq qrup işindən istifadə etmək lazımdır. Onlayn  formada isə bunu etmək ya çətindir,  ya da qeyri-mümkündür. Bizim şagirdlər onlayn sistemə hazır olmadıqları üçün belə dərslərdə kurikulum özünü doğrulda bilməz”.

 

Aytən müəllim onlayn dərslər üçün nəzərdə tutulan platformaların dilinin qəliz olduğundan şagirdlərin qoşula bilmədiyini qeyd edib:

 

“Dərs keçmək üçün istifadə olunan platformaların dili qəlizdir. Bunu cavan müəllimlər, bəzi şagirdlər nisbətən qavrasa da, yaşlı müəllimlər, həmçinin, bir çox şagirdlər və onların valideynləri işlətməkdə çətinlik çəkirlər.

 

Məsələn, şəxsən bilirəm ki, “Virtual məktəb” platformasında şagirdləri  qeydiyyatdan keçirmək üçün məktəb müəllimləri yardımçı olub. Bəs həmin şagirdlər “Virtual məktəb”dən istifadə edə bilirmi? 100 nəfərdən 10-u yararlana bilirsə, qalan şagirdlərin taleyi necə olacaq?!

 

Onlayn  dərs keçirəm. “Virtual məktəb”dən də qeydiyyatdan keçmişəm. Təlimlərdən də bir çox məlumat əldə etmişəm. Təəssüf ki, şagirdlərimin çoxusu həmin platformadan qeydiyyatdan keçsə də, yenidən daxil ola bilmirlər.  Şagirdlərdə xarici dil zəifliyi büruzə verir. Ona görə başqa proqramlar vasitəsi ilə ənənəvi formada  dərsi tədris edirəm.

 

Fikrimcə, şagirdlərin mənimsəmə səviyyəsinin yoxlanılması və monitorinqi təkcə “Virtual məktəb”lə kifayətlənməli deyil. Təbii ki, pandemiya bütün dünya üçün qlobal problemdirsə, qlobal formada da həll yolu tapılacaq. Düşünürəm ki, yeni tədris ilinin nisbətən tez açılması, yarımçıq qalan proqramı bitirməyə müəllimlərə və şagirdlərə imkan verəcəkdir”.

 

Fənn müəllimin sözlərinə görə təhsilin fasiləsizliyini təmin etmək məqsədilə internet resursları da pulsuz və keyfiyyətli  olmalı idi.

 

“Dərsin ortasında internet kəsilir və biz gözləyirik ki, internet gələcək, dərsimizə qaldığımız yerdən davam edəcəyik. Şəhərdə ola-ola  belə problemlər yaşayırıqsa, kənddəki vəziyyəti düşünmək belə istəmirəm. İnternetin sürəti ilə yanaşı, həm də hər kəsdə “vifi” şəbəkəsi yoxdur. Onlayn təhsil üçün gərək hər bölgədə internet resursları pulsuz olsun. Əgər təhsil icbaridirsə, internetin pulsuz olmağı da icbari olmalıdır,  ən azından təhsil almaq istəyənlər üçün.

 

Başqa problem isə hər kəsin mobil telefon və ya kompüterdən istifadə etməməsidir. Bu kimi problemlər qaçınılmazdır.

 

Mən düşünürəm ki, yeni təhsil kurikulumları qəliz formada nümayiş etdirilməməlidir. Məncə, sadə bir şeyi mürəkkəbləşdirmək əslində xoş nəticə verməz. Bu problem hər yerdə özünü göstərir. Kurikulum proqramı barədə müəllimlər arasında sorğu keçirilməsi yaxşı olardı.  Düşünürəm ki, bu fikrimlə çox müəllim razılaşacaq”.

 

Müəllim A.Əfəndiyeva ali məktəblərə qəbula hazırlaşan şagirdlərinin olduqca narahat olduğunu da söyləyib:

 

Qəbul imtahanına hazırlaşan şagirdlərim var. II qrupu  seçən hər şagirdə ixtisasımdan canla-başla kömək edirəm.  Lakin çox narahatdırlar. Onlayn formada nələrisə izah edirəm, bəzən vaxtlarımız üst-üstə düşmür. Çünki evdə bir telefon və 3 uşaq var. Nəzərə alsaq ki, hər evdə azı 2 uşaq var, ona görə vaxtları nizamlamaq elə də asan olmur. Mən dərs keçdiyim müddətdə o biri uşaqların dərsi kənarda qalır.

 

Digər şagirdlərim üçün də bu dəyişmir. Hər zaman çalışmışam ki,  bildiyim  məlumatı onlara çatdırım. Uşaqlar bizim gələcəyimizdir. Mənim ən böyük arzum şagirdlərimizin dünya görüşlü, savadlı olmalarıdır. Bəlkə belə şagirdlərimiz çoxluq təşkil etsə, ölkəmiz də gözəlləşər. Tanınmış,təhsili ilə seçilən Avropa dövlətləri ilə ürəkistəyən rəqabət apara bilərik. Ümid edirəm ki, mən bu günlərin şahidi olacam və öz uşaqlarımızla fəxr edəcəm”.