Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-25 10:00:00
Müəllimlər xüsusi qayğıya möhtac şagirdlərlə necə işləməlidirlər? – Maraqlı və kreativ metodlar

Uşaq psixologiyası çox həssas olduğuna görə, adi şeylərdən belə  qayğılana bilir. Bu, onun dərslərinə də az təsir göstərmir. Yeniyetməlik dövründə isə tədrisdə böyük boşluqların yaranmasına gətirib çıxarır. Bu hal ya ətrafdakıların təzyiqi, ya da şagirdin ailəsindəki problemlərdən qaynaqlanır. 

 Belə dönəmlərdə bəzi şagirdlər hədsiz dərəcədə əsəbi görünür, bəziləri isə qayğılarını gizləyir, səssizcə mübarizə aparmalı olurlar. Şagirdin daxili dünyasında xeyli  problemlə çarpışdığını bəlli edən, müəllimin diqqət etməli olduğu bəzi əlamətlər var.

AzEdu.az bildirir ki, belə şagirdlər daxili gərginliklərini barmaq çeynəmək, saçla oynamaq, dərs zamanı çox danışmaq, ətrafındakıların diqqətini çəkməklə dərsi pozmağa çalışmaq, tez-tez icazə alıb çölə çıxmaq, əlindəki əşyaları tez-tez oynadıb səs salmaq, bədənini tez-tez  hərəkət etdirmək və s. kimi hərəkətlərlə büruzə verirlər.

Onlar heç bir fiziki problemlərinin olmamasına baxmayaraq, tez-tez özlərini pis hiss edirlər. Şagirdin ətrafındakılarla ünsiyyət zaman həyəcanlı olması da buna əsas verir. Belə olduqda, müəllim tez-tez onun halını soruşmaq, üstünə getməklə vəziyyəti daha da pisləşdirə bilər. Bu cür şagirdlərin xüsusi qayğıya ehtiyacı var. Amma bu qayğı onun özünü yoldaşlarından fərqli hiss etməsinə səbəb olmamalıdır. 

Şagirdin bu kimi hallarının səbəbini araşdırdıqda  çox vaxt maddi problem və ya ailədəki boşanma halları çıxır. Səbəbi müəyyən etmək üçün müəllim şagirdin əhvalının hansı hallarda dəyişdiyinə diqqət etməli, bu zaman ona hansı sözlərlə təskinlik verə biləcəyini araşdırmalıdır. Ailə ilə danışıb razılığa gəlmək, şagirdə birgə dəstək olmaq da əsas şərtdir.

Belə şagird dərs proqramında da yoldaşları ilə ayaqlaşa bilmir. Adətən, fikri dağınıq olduğu üçün mövzunun müəyyən hissəsində boşluq buraxır və sonrakı mərhələləri də qavramaqda çətinlik çəkirlər. Sonradan verilən tapşırığı cavablaya bilməməsi onu bir az da stressə salır. Buna görə də tapşırıq zamanı müəllimin digər şagirdlərə bildirmədən bu məktəblinin partasına kiçik köməkçi vasitə də qoya, ona dəstək ola bilər.

Belə şagirdlər dərs zamanı hər hansı yeniliklə qarşılaşdıqda özlərini itirirlər. Fərqli müəllim gördükdə, dərsi başqa bir yerdə keçdikdə özlərini çox narahat hiss edir, hər zamankından dəfələrlə zəif cavab verirlər. Müəllim belə şagirdləri öncədən yenilik barədə məlumatlandıraraq alışdırmağı bacarmalıdır.

Ailədaxili problemlər səbəbindən, çox qayğılı görünən şagirdlərdə səhv etmək qorxusu yüksəkdir. Onlar həmişə başlarına pis hadisələrin gələcəyini düşünür, bundan narahat olurlar. Buna görə də müəllimin “mən də səhv edə bilərəm” fikrini aşılaması, yol verdiyi yanlışlardan tez-tez söz açması, özünün də vaxtilə belə durumlarla rastlaşdığını deməsi şagirdi rahatlaşdırır.

Qayğılı şagird müəllimin hər dediyini anlamaya bilər. Çünki o öz aləmindəki problemləri “həll etmək”lə məşğuldur. Bu zaman “rahat ol”, “həyəcanlanma” kimi ifadələr onun stressinin azalmasına kömək etmir.

Müəllim qayğıya möhtac şagirdlə səmimi söhbətlər aparıb, ona anlayacağı dildə qısa mesajlar verməlidir. Şagirddən onu bu dərəcədə düşündürən şeyin nə olduğunu öyrənib, həll yolunu birgə axtarmaq lazımdır.

Belə şagird hiss etdirməsə də, müəllimin köməyinə ehtiyacı duyduğu vaxtlar çox olur. Bu zaman müəllim  şagirdə 10-dan başlayaraq geriyə saymaq, əl-üzünü yumaq, rəsm çəkmək, onu qucaqlamaq, su içirmək, sevdiyi kitabı birgə müzakirə etmək kimi üsulları tətbiq edə bilər.

Problemlər yaşayan məktəbli uzun müddət düşünə, müəllimin dediyini anlamaya, sualları gec cavablaya, keçirilənləri gec qavraya bilər. Bu zaman şagird müəllimin səbrlə onu gözlədiyindən əmin olmalıdır. Əks halda, daha çox həyəcanlanacaq və dərslərində uğursuzluğa düçar olacaq.

Belə şagirdlər qərar verməkdə çətinlik çəkirlər. Seçim etməyə əsaslanan tapşırıqlar zamanı onlara daha az seçim şansı verməklə kömək etmək mümkündür. Müəllim onun yoldaşları ilə ünsiyyət qurmasına kömək etməlidir. Belə şagirdi özünü sevdirdiyinə inandırmaq, yalnız hiss etməsinə imkan verməmək gərəkdir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları