Azedu.az

2025 təhsildə islahatlar ilinə çevrildi - uğurlar, yeniliklər və real nəticələr

Xəbərlər

30 Dekabr 2025, 16:17
2025 təhsildə islahatlar ilinə çevrildi - uğurlar, yeniliklər və real nəticələr

2025-ci ilin son günlərinə yaxınlaşarkən geridə qoyduğumuz il təhsil sahəsində mühüm yeniliklər və islahatlarla yadda qaldı.

Belə ki, təhsilin müxtəlif pillələrində aparılan dəyişikliklər tədrisin keyfiyyətinin artırılmasına, müasir çağırışlara uyğunlaşmaya və şagird-tələbəyönümlü yanaşmanın gücləndirilməsinə xidmət etdi. Bu proseslər həm məzmunun yenilənməsində, həm də idarəetmə və qiymətləndirmə mexanizmlərində öz əksini tapdı.

Bu il təhsilimizin müxtəlif pillələrində həyata keçirilən mühüm dəyişikliklər və yeniliklər tədrisin keyfiyyətinə və gələcək inkişafına necə təsir göstərdi?

Bu münasibətlə AzEdu.az Təhsil Portalı yazı hazırlayıb.

Mövzu ilə bağlı açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Elnarə Akimova qeyd edib ki, 2025-ci ildə müəllimlərin sertifikasiya imtahanlarının geniş miqyasda keçirilməsi Azərbaycan təhsil sistemində keyfiyyət yönümlü islahatların mühüm mərhələsi kimi qiymətləndirilə bilər:

175438

“Bu proses ilk növbədə müəllim peşəsinin nüfuzunun artırılmasına, pedaqoji fəaliyyətin nəticəyönümlü qiymətləndirilməsinə və ümumi təhsil mühitində sağlam rəqabətin formalaşmasına müsbət təsir göstərdi. Minlərlə müəllimin sertifikasiyadan keçərək əməkhaqlarında artım əldə etməsi təhsildə əməyin obyektiv qiymətləndirilməsinə olan inamı gücləndirdi və sistemə motivasiyaedici dinamika gətirdi”.

Sertifikasiya prosesi müəllimlərin bilik və bacarıqlarının real vəziyyətini ortaya qoymaqla yanaşı, onların öz üzərində sistemli şəkildə işləməsinə də təkan verdi

“Müəllimlər arasında fənn biliklərinin yenilənməsi, müasir təlim metodlarına marağın artması, özünüinkişaf və davamlı peşəkar inkişaf anlayışının güclənməsi müşahidə olundu. Bu mexanizm müəllimi passiv icraçı deyil, daim inkişaf edən, yeniliklərə açıq təhsil subyekti kimi formalaşdırmağa xidmət etdi. Nəticə etibarilə, sertifikasiya imtahanları təkcə qiymətləndirmə aləti deyil, eyni zamanda müəllimlərin peşəkar inkişafını stimullaşdıran mühüm islahat vasitəsinə çevrildi.

Eyni zamanda, bu proses ümumi təhsil mühitinə də müsbət təsir göstərdi. Məktəblərdə tədris keyfiyyətinə daha məsuliyyətli yanaşma formalaşdı, valideyn və şagirdlərin müəllim amilinə olan etimadı artdı. Təhsil sistemində şəffaflıq və hesabatlılıq prinsipləri daha qabarıq şəkildə özünü göstərib”.

2026-cı il üçün sertifikasiya mexanizminin daha da təkmilləşdirilməsi məqsədilə Təhsil Komitəsində bir sıra qanunvericilik təşəbbüsləri müzakirə olunur:

“Bu təşəbbüslər sırasında sertifikasiya prosesində diferensial yanaşmanın tətbiqi, müəllimlərin pedaqoji stajı və ixtisaslaşma səviyyəsinin daha çevik qiymətləndirilməsi, eləcə də sertifikasiyadan əvvəl və sonra peşəkar inkişaf proqramlarının gücləndirilməsi xüsusi yer tutur. Bundan əlavə, sertifikasiya nəticələrinin müəllimlərin karyera inkişafı və vəzifə pillələnməsi ilə daha sıx əlaqələndirilməsi məsələləri də diqqət mərkəzindədir.

Ümumilikdə, 2025-ci ildə həyata keçirilən sertifikasiya prosesi göstərdi ki, bu mexanizm düzgün tənzimləndiyi və davamlı təkmilləşdirildiyi təqdirdə Azərbaycan təhsilinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində mühüm rol oynaya bilər. 2026-cı ildə planlaşdırılan qanunvericilik yenilikləri isə bu islahatın daha effektiv və ədalətli şəkildə davam etdirilməsinə xidmət edəcək”.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Pərvanə Məmmədova bildirib ki,2025-ci il orta təhsil sistemi üçün kəskin transformasiya ili olmasa da, islahatların istiqamətinin daha aydın göründüyü və institusional olaraq möhkəmləndiyi bir mərhələ kimi qiymətləndirilə bilər:

175439

"2025-ci ildə orta təhsildə əsas islahatlar mövcud sistemin optimallaşdırılması, kurikulumun səriştə əsaslı yanaşmaya uyğunlaşdırılması və məktəblərin dəyişən sosial-iqtisadi reallıqlara adaptasiyası istiqamətində aparıldı. STEAM yanaşmasının genişləndirilməsi, rəqəmsal bacarıqların önə çəkilməsi və peşə yönümlü elementlərin məktəb mühitinə daxil edilməsi bu prosesin əsas göstəriciləridir.

Kurikulum və qiymətləndirmə sistemində aparılan dəyişikliklər şagird nailiyyətlərinə yanaşmanı dəyişməyə başlayıb, lakin nəticələr hələ tam ölçülə bilən mərhələyə çatmayıb. Qiymətləndirmədə yalnız bilik yox, bacarıq və tətbiq imkanlarının ölçülməsinə doğru addımlar atılıb. Formativ qiymətləndirmənin rolu artıb, lakin məktəblər arasında tətbiq səviyyəsi eyni deyil və bu, nəticələrin qeyri-bərabər görünməsinə səbəb olur".

Müəllimlərin peşəkar inkişafı: imkanlar artıb, ehtiyaclar daha dərindir

"Müəllimlərin peşəkar inkişafı üçün yaradılan imkanlar artsa da, onların real ehtiyaclara uyğunlaşdırılması hələ də əsas çağırış olaraq qalır. Təlimlərin sayı artıb, mövzular müasirləşib, amma əsas məsələ müəllimin real sinif mühitində bu bilikləri necə tətbiq etməsidir. Xüsusilə region müəllimləri üçün davamlı və fərdiləşdirilmiş dəstək mexanizmlərinə ehtiyac qalır".

Rəqəmsallaşma: vasitə var, məqsəd hələ tam formalaşmayıb

"Bu proses artıq qaçılmazdır, lakin keyfiyyət məsələsi həlledici olaraq qalır. Texnologiya artıq təhsildə alternativ deyil, zərurətdir. Amma əsas məsələ onun mövcudluğu yox, tədrisin keyfiyyətinə real təsir göstərməsidir. Rəqəmsallaşma bəzən hələ də formal xarakter daşıyır. 2025-ci ildə şagirdlərin tənqidi düşünmə, yaradıcılıq və sosial bacarıqlarının inkişafı sahəsində müəyyən irəliləyişlər müşahidə olunub. Layihə əsaslı təlim, qrup işləri və sosial fəaliyyətlər şagirdlərin ünsiyyət və əməkdaşlıq bacarıqlarını gücləndirir. Amma bu yanaşmalar hələ də sistemli deyil və çox vaxt fərdi müəllim təşəbbüsləri ilə məhdudlaşır".

Əsas çağırış: islahatı sənəddən davranışa çevirmək

"2025-ci ildə üzə çıxan əsas problemlərdən biri islahatların cəmiyyət və məktəb səviyyəsində düzgün izahı və qəbul olunması ilə bağlıdır. Təhsil islahatlarının nəticələri dərhal görünmür; əsas çağırış dəyişikliklərin sənədlərdən sinif otaqlarına, cəmiyyətin rahatlıq zonasından real davranış dəyişikliyinə çevrilməsidir. İnsanlar çox vaxt əvvəl şikayət edir, amma praktik faydanı, məsələn müəllim sertifikasiyasında olduğu kimi, gördükdən sonra islahatların əhəmiyyətini qəbul edirlər.

2025-ci il Azərbaycan orta təhsili üçün dönüş nöqtəsi deyil, lakin islahatların dərinləşdiyi və gələcək üçün daha dayanıqlı əsasların formalaşdığı bir mərhələ oldu. Qarşıdakı illərdə əsas vəzifə bu dəyişiklikləri bütün məktəblər üzrə bərabər və davamlı şəkildə tətbiq etməkdir".

Mövzu ilə bağlı açıqlama verən ADPU-nun Təlim-Tədris Mərkəzinin müdiri, p.ü.f.d, məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva söyləyib ki, ümumiyyətlə 2025-ci ilə nəzər salsaq, məktəbəqədər təhsildə əlbəttə, uzun illər icraların tərkibində olması və baxımdan müəyyən qədər tədris prosesindən uzaq qalsa da, həmin dövrdə də müsbət cəhətlər var idi:

175456

“Lakin tədris prosesinə istənilən halda geri qalma baş verdikdə, bizim üçün bu prosesin tam şəkildə bərpa edilməsi mümkün olmur. Artıq bir neçə ildir ki, bu vəziyyət davam edir və Elm və Təhsil Nazirliyi bu problemin tədricən aradan qaldırılması üçün ciddi səylər göstərir.

Cari ilə nəzər salsaq, görərik ki, təhsilə cəlbetmə dairəsinin 35 faizdən yuxarı qaldırılması çox böyük nailiyyətdir. Çünki bu göstərici ötən illərdə cəmi 16 faizi əhatə edirdi. Son illərdə bu rəqəmin 35 faizə çatması, əlbəttə ki, uğurlu nəticə kimi qiymətləndirilə bilər.

Bu müddət ərzində həmin göstəriciyə çatmaq yalnız məktəbəqədər təhsil müəssisələrinin hesabına deyil, eyni zamanda alternativ bağça modelləri vasitəsilə mümkün olub. Həmçinin işğaldan azad edilmiş bölgələrimizdə bir neçə bağça tikilərək istifadəyə verilib. Bütün bunlar böyük nailiyyətdir. Əlavə olaraq, alternativ modellər çərçivəsində icma əsaslı qruplar, məktəbəqədər hazırlıq sinifləri, günü uzadılmış qayğı mərkəzləri və digər modellər vasitəsilə uşaqların bağçaya cəlb olunma faizi, yəni əhatəlilik daha da artıb. Bu illər ərzində qanunvericiliyə də bir sıra yeniliklər əlavə edilib.

Məsələn, ötən il məktəbəqədər təhsil müəssisələrində qidalanma ilə bağlı yeniliklər tətbiq olundu. AQTA tərəfindən yeni sənəd qəbul edildi ki, bu da öz növbəsində bağçalarda qidalanma sahəsində müəyyən müasirləşməni təmin etdi”.

2025-ci ildə bağçaya cəlb olunan uşaqların sayı 117 minə çatıb

“Bu, olduqca böyük göstəricidir. Çünki əvvəlki illərdə bu rəqəm xeyli aşağı idi. Bu qədər uşağın təhsilə cəlb olunması mühüm nailiyyətdir. Bu göstəricinin 68 mindən çoxu alternativ modellər vasitəsilə təmin edilib. Bu isə həmin modellərin nə qədər işlək və çevik olduğunun sübutudur.

Hazırda reyestrlərdə 50 minə yaxın uşağın qeydiyyatdan keçdiyini görürük. Bu da növbəti illərdə təhsilə cəlb olunacaq uşaqların sayının artacağını göstərir. Eyni zamanda son illərdə müəllimlərin işə qəbulu imtahanlarının keçirilməsi, eləcə də ötən il müəllimlərin diaqnostik qiymətləndirmədən və ixtisasartırma təlimlərindən keçməsi prosesi başlanıb. Nəticə olaraq, 800 müəllim işlə təmin olunub, 10 minə yaxın müəllim isə ixtisasartırma təhsilinə cəlb edilib. Bu proseslər müxtəlif proqramlar əsasında həyata keçirilib.

Müəllimlərin kifayət qədər təlimlərdən keçməsi olduqca vacibdir. Çünki elə müəllimlər var ki, hələ praktik təcrübəyə malik deyillər. Bu baxımdan daha çox və daha effektiv təlimlərin təşkili zəruridir. Bu gün ilk növbədə valideynlərin maarifləndirilməsi istiqamətində güclü iş aparılmalıdır. Çünki valideynlərin bir qismi hələ də bağçaya yalnız “saxlanc” mərkəzi kimi yanaşır. Bağçalara olan etimad bərpa edilməlidir. Alternativ modellər vasitəsilə valideynlərin təlimlərə cəlb olunması bu baxımdan mühüm rol oynaya bilər.

Artıq bir neçə ildir ki, uşaqların bağçaya qəbulu prosesi rəqəmsal formada həyata keçirilir. Eyni zamanda müəllimlərin işə qəbulu imtahanları da elektron qaydada təşkil olunur. Lakin buna baxmayaraq, hələ də bu sahədə müəyyən geriliklər mövcuddur. Düşünürəm ki, bu, həm böyük maliyyə, həm də uzunmüddətli zaman tələb edən bir prosesdir.

Hesab edirəm ki, bu məsələlər gələcək illərin işi olacaq. Son 3 il ərzində Elm və Təhsil Nazirliyi çox böyük işlər görüb və bu işlərin nəticələri, məncə, uğurludur. Gələcək dövrlərdə nizamnamələrin yenilənməsi, eləcə də müxtəlif alternativ modellər üçün ayrıca nizamnamələrin hazırlanması vacib şərtlərdən biridir”.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox