“Elə özüm də nəticəni əvvəlcədən təxmini yoxlamışdım və eyni nəticə alınmışdı. Rəsmi cavab açıqlananda SOCAR-da təcrübə keçdiyim müəssisədə idim və xəbəri ilk olaraq oradakı mühəndislərlə paylaşdım.
Aylarla intensiv şəkildə hazırlaşdım, xüsusilə İnformatika fənni üzərində daha çox çalışdım. Strategiyam əsasən məntiqə fokuslanaraq məsələləri düzgün analiz edib həll etmək idi.
Hazırlıq müddətində ən çətin mərhələ həm təcrübə proqramına, həm universitet imtahanlarına, həm də magistratura imtahanına eyni vaxtda hazırlaşdığım dövr oldu. Lakin bütün bu prosesləri problemsiz şəkildə idarə edə bildim. Sualları işləmə texnikam məni heç vaxt yanıltmadı.
Bununla yanaşı, ailəmin və dostlarımın daim dəstəyi, eləcə də MasterAlfa tədris mərkəzində dəyərli müəllimlərlə keçdiyim intensiv hazırlıq öz bəhrəsini verdi.
Yüksək bal toplamaq əsas hədəfim idi. Məntiq sualları mənə rahat gəldi, informatikada isə bəzi nüanslar birincilik qazanmağıma mane oldu.
Gələcək planlarıma gəlincə, hazırda Neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavr təhsilimi davam etdirirəm və magistratura pilləsində də eyni ixtisas üzrə təhsil almağı düşünürəm. İxtisasım dəqiq olaraq neft-qaz mühəndisliyi ilə bağlı olacaq, lakin universitetlə bağlı hələ yekun qərar verməmişəm. Çox güman ki, magistratura təhsilimi ADNSU-da davam etdirəcəyəm.
Magistraturaya hazırlaşan namizədlərə tövsiyəm odur ki, sualları işləmək üçün düzgün və özünəməxsus texnika formalaşdırsınlar və əsas diqqəti məhz bu bacarığın inkişafına yönəltsinlər".