XƏBƏRLƏR

03.01.2019 11:06
Müəllimlərin sertifikasiya və attestasiyası haqqında vacib bilgi – Nələr dəyişəcək?  

“Praktika göstərdi  ki, heç də bütün yüksək bal toplayanlar istehsalat prosesində peşəkar olmur, bəzi hallarda, sinfi-şagirdləri idarə etmək səriştəsindən uzaqda qalırlar”.

Bunu AzEdu.az-a  22  nömrəli tam orta məktəbin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Ələkbərov müəllimlərin gələcək sertifikasiyası haqda danışarkən deyib.

O, sertifikasiyadan gözləntiləri haqda danışmazdan öncə, problemin kökünün neçə il əvvəl yarandığını qeyd edib:

“İşsizlik çoxlarını yeganə çıxış yolu kimi təhsilə gətirdi”

“Azərbaycan müstəqilliyini əldə edəndən sonra keçid dövrü problemini yaşadı. Bu, təhsil sahəsinə də təsirsiz qalmadı. İqtisadi böhran  və işsizlik həmin dövrdə çoxlarını yeganə çıxış yolu kimi təhsilə gətirdi. Beləliklə, əsl peşəkarlarla  yanaşı, çoxsaylı təsadüfi insanlar da təhsilə üz tutdu.

Sonrakı illərdə Təhsil Nazirliyi bir əmr də imzalandı. Əmrə əsasən, 10 ildən artıq çalışan müəllim daimi əsaslarla çalışan işçi hesab edildi və de-fakto, de-yure toxunulmazlıq hüququnu əldə etdi. Bax, burada problemin kökü, “mina” bünövrəyə qoyuldu: müxtəlif qanundankənar yollarla təhsilə gələn “müəllimlər” leqallaşdırıldı və onlar  arxayınlaşdılar”.

Diaqnostik qiymətləndirmə müəllimlərin nəzəri, əzbərçi biliklərini müəyyənləşdirə bildi, amma…

Onun sözlərinə görə, keçmiş nazir Mikayıl Cabbarovun təhsilə gətirdiyi diaqnostik qiymətləndirmə də əslində, elə sertifikasıyanın bir növüdür:

“Mərhələ-mərhələ bütün müəllimlər diaqnostik qiymətləndirmədən keçirildi. Məqsəd, Azərbaycanın pedaqoji heyətində əsl bilikli, peşəkar müəllimlərlə digərlərini saf-çürük etmək idi. Diaqnostik qiymətləndirmə birmənalı qarşılanmadı. Az bal toplayanlar bu proseduranın mükəmməl olmamasından şikayətləndilər. Praktika göstərdi ki, heç də bütün yüksək bal toplayanlar real fəaliyyətdə, istehsalat prosesində peşəkar olmur, bəzi hallarda sinfi-şagirdləri idarə etmək səriştəsindən uzaqda qalırlar.

Bir sözlə, diaqnostik qiymətləndirmə pedaqoji heyətin nəzəri, bəzi hallarda əzbərçi biliklərini müəyyən edə bilsə də, praktiki səriştəsini, müəllimin dünyagörüşü, etik davranış səviyyəsini, mənəvi dəyərlərə, azərbaycançılıq ideologiyasına sədaqətini yoxlaya bilmədi.

Bu baxımdan, attestasiya nəzərdə tutulsa da, onun tətbiqi üçün olduqca mürəkkəb, uzun proseduralar gərəkdiyindən reallaşa bilmədi. Bu baxımdan, “Təhsil haqqında” Qanuna müvafiq dəyişikliklər və əlavələr təklif olundu. Bunu Milli Məclis  dəstəklədi və Prezident tərəfindən imzalanaraq qüvvəyə mindi”.

Azər müəllim qeyd edir ki, sözügedən dəyişiklik və əlavələrdən biri də müəllimlərin sertifikasiyası idi. O, sertifikasiya, attestasiya və diaqnostik qiymətləndirmənin fərqini belə izah edib:

“Sertifikasiya olduqca lazımlı və yerində bir prosedura oldu. Müəllimlərin sertifikasıyasının attestasiyadan fərqi ondan ibarət olacaq ki, attestasiya işçinin yalnız müvafiq intizam tələblərinə cavab verib-verməməsini müəyyən edirsə, sertifikasiya pedaqoji işçinin, müəllimin öz ixtisasını hansı səviyyədə bilməsini müəyyənləşdirəcək. Digər tərəfdən, diaqnostik qiymətləndirmədən fərqli olaraq, bu, ixtisasla praktiki fəaliyyətdə hansı nailiyyətlərin əldə edilməsini də müəyyən edə biləcək. Nailiyyət dedikdə isə şagirdlərin təlim nəticələri, olimpiada qaliblərinin olması, müəllimin müntəzəm kurslarda ixtisasının artırılması, şagird-valideyn məmnunluğu və s. nəzərdə tutulur.

Ümumiyyətlə, sertifikasiyanın həyata  keçirilməsi haqqında əlavə qaydalara, dəqiq, konkret, çoxəhatəli normativ-hüquqi sənədə ehtiyac olacaq və yəqin ki, bu kimi sənəd hazırlanacaq. Amma bir məsələni tam qətiyyətimlə qeyd etməliyəm: Azərbaycanın pedaqoji heyəti tam müasir, kurikulum təhsil keyfiyyəti tələblərinə uyğunlaşdırılmalıdır, təhsildə peşəsini sevən, müəllim adına şərəflə yanaşan, şagirdin, Azərbaycanın gələcək genefondunun inkişafını düşünən, dövlətimizi sevən müəllim qalmalıdır. Heydər Əliyevin "Mən dünyada müəllimdən yüksək ad tanımıram" kəlmələrini unutmamalıyıq”.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları