Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-11 15:50:00
“Dəftərimi “sinif jurnalı” edib, uşaqlara qiymətlər verirdim” - Gənc müəllimin "uğur hekayəsi"

Müəllimlərin işə qəbulu üzrə builki müsabiqədə ibtidai sinif müəllimliyi üzrə 46 bal toplayaraq Ucar rayon Ənvər Məmmədxanlı kənd E.Əliyev adına ümumi orta məktəbə qəbul olmuş Səidə Quliyevanın "uğur hekayəsi":

AzEdu.az gənc müəllimin  "uğur hekayəsi"ni olduğu kimi təqdim edir:

“Anam müəllim işlədiyi vaxtdan etibarən bu peşəyə məndə böyük maraq yaranıb. Uşaq vaxtı tez-tez anamla məktəbə gedib, müəllimləri, dərs prosesini həvəslə izləyirdim. Evə qayıdanda isə balaca bacımı və qonşuluqdakı uşaqları bir yerə yığır, onları cərgə ilə otuzdurur, müəllimlik edirdim. Balaca dəftərimi “sinif jurnalı” edib, uşaqları danışdırıb, onların qiymətlərini “jurnal”a qeyd edirdim. İbtidai sinifə getdiyim ilk gün hələ də xatirimdədir. Sevincimdən yerə-göyə sığmırdım. Məktəb illərində belə ali məktəbə qəbul olub məni xoşbəxt edəcək bu peşəyə yiyələnmək eşqi ilə ürəyim döyünürdü. 2014-cü ildə ali təhsilimi başa vurduqdan sonra müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etdim, əsas mərhələdə uğur qazana bilmədim. Sonra Ucar şəhər 4 nömrəli tam orta məktəbdə müddətli əmək müqaviləsi əsasında ibtidai sinif müəllimi kimi fəaliyyətə başladım. Müəllim olmaq, gələcəyimiz olan uşaqları dövlətimizə, Vətənimizə sadiq ruhda tərbiyə etmək ən böyük arzum idi. 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə yenidən iştirak edib Ucar rayon Ənvər Məmmədxanlı kənd E.Əliyev adına ümumi orta məktəbə müddətsiz müqavilə ilə işə qəbul oldum. Ucarın mərkəzində yaşadığım halda kənddə yerləşən məktəbdə işləmək istəyim hamını təəccübləndirdi. Ucqar məktəblərdə savadlı müəllimlərə həqiqətən ehtiyac çoxdur. Nə olur olsun qərarımdan dönməyəcəkdim. Zəruri sənədləri toplayıb Ucar Rayon Təhsil Şöbəsinə təqdim etdim. Dərsə başladığım ilk gündən şagirdlərimin dərsə sonsuz həvəsinin olması məni daha da məsuliyyətli edir. 

Müəllim ömrünü bağbana bənzədirlər. Bağban əkdiyi ağaclar bar verəndə necə sevinirsə, müəllim də şagirdlərinin xoş sədalarını eşidəndə o cür sevinir. Mən də o bağbanlardan olmaq istəyirəm. Dövlətimizə, dövlət başçımıza sadiq, layiqli vətəndaşlar yetişdirmək ən böyük amalımdır. Mən müəllim olmağımla fəxr edirəm.”