Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-05 12:24:00
İdeal sinif otağı necə hazırlanmalı?- Müəllimlərimiz ən çox nədə səhv edirlər?

Adətən, sinif otaqları standart bir rəngdə olması, üzərində müxtəlif  tabloların asılması ilə digər ərazilərdən fərqlənir. Məktəbəqədər təhsil müəssisələri isə bir qədər rəngarəngliyi ilə seçilirlər.

AzEdu.az xəbər verir ki, bu zaman təhsil müəssisəsinin rəhbərləri rəngarəngliklə məktəbəqədər yaşda olan şagirdlərin diqqətini cəlb etməyə çalışsalar da, bir şeyi unudurlar. Sinif divarlarının aşırı rəngarəng olması, üzərindəki müxtəlif elementlər şagirdlərin diqqətini yayındıra bilər.

Hətta amerikalı mütəxəssislər sinif dizaynını valideyn və müəllimlərdən sonra şagirdlərə ən çox təsir edən üçüncü ünsür hesab edirlər.  Onların sözlərinə görə, işıq, rəng, dizayn seçimi düzgün olduqda şagirdlərin  göstəriciləri 16 %-ə qədər arta bilir. Buna görə də sinif otaqları dizayn edilərkən şagirdlərin yaş xüsusiyyətləri, onların psixologiyası, keçiriləcək fənlər və s. nəzərə alınmalıdır.

Bəs, yanlış dizayn şagirdlərə necə təsir göstərir?

Aparılan araşdırmalar sübut edir ki, həddindən artıq bəzədilən sinif otaqları  şagirdlərin yaddaşına və diqqətini toplamasına təsir göstərir. Rəngarəng divar və tablolar şagirdlərin öyrənmə bacarıqlarını inkişaf etdirmək əvəzinə, onları daha da geri salır.

Mütəxəssislər qeyd edir ki, sinif otaqları diqqətdağıdıcı deyil, maraq cəlbedici formada dizayn edilməlidir. Təbii ki, bu, bütün divarların boş qalmalı olduğu anlamına gəlmir. Əksinə, 2015-ci ildə İngiltərədə 153 sinfi analiz edən bir qrup araşdırmaçı divarlardakı müəyyən elementlərin şagirdlər üçün ən yaxşı seçim olduğunu təsdiqləyiblər.

İdeal sinif necə dizayn edilməlidir? Nələrə yol vermək olmaz?

Mütəxəssislərin fikrincə, divarlardakı dekorlar sinfə canlı ab-hava qatacaq formada tərtib olunmalıdır. Divarın 20-50 %-inin boş buraxılması mütləqdir. Bununla yanaşı, asılan tabloların arasında da yetərincə boşluq olmalıdır. Divarı doldurmaq deyil, ağırlıqdan qurtarmaq daha məsləhətlidir.

Sinif divarları şagirdə səmimiyyət və canlılığı hiss etdirməli, dekorlar həddən artıq sıx olmamalıdır. Şagirdlərin yaradıcı çalışmaları üçün əl işlərindən də istifadə etmək olar.

Sinif otağı şagirdə evindəki kimi hiss etdirməlidir. Hətta bəzi mütəxəssislər sinifdə parta-stul şablonundan çıxmağı məsləhət görürlər.

Yaxşı olardı ki, sinif divarlarında şagirdlərin ev tapşırıqları əyləncəli formada nümayiş etdirilsin. Bu, şagirdlərə məsuliyyət hiss etdirməkdən əlavə, həm də dərs mövzularını daha yaxşı xatırladacaq.

Xəritə, diaqram kimi elementlərdən də istifadə etmək olar. Amma bunların diqqəti dağıtmaması şərtdir. Ümumiyyətlə, şagirdə heç bir faydası olmayan, artıq ləvazimat və elementləri sırf  gözə xoş olsun deyə sinifdə saxlamaq olmaz.

Bəzi müəllimlər şagirdlərin qiymətlərini açıqlamaq üçün onları yazıb divara asırlar. Bu, yüksək qiymət alan şagirdlər üçün motivasiya olsa da, aşağı qiymət alan şagirdlərin utanıb kompleks yaşamasına, əhvallarının dəyişməsinə səbəb olur.

Pəncərədən şagirdin diqqətini dağıdan ünsürlər görünmədiyi təqdirdə pəncərələri müxtəlif boya və naxışlarla qapatmaq olmaz. Çünki sinfə gün işığının kifayət qədər düşməsi də şagirdlərin müvəffəqiyyətinə təsir göstərir.

Hətta pəncərə olmasa da, düzgün rəng seçimi ilə sinfi kifayət qədər işıqlı göstərmək olar. Məsələn, bir divar rəngi ilə kifayətlənmək məcburiyyətində deyilsiniz. Divarlardan birini parlaq, digərləri isə tünd tənglərlə boyamaq olar. Divardakı diqqətdağıdıcı rəsmlər ən çox da inkluziv təhsil alan şagirdlərə təsir göstərir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları