XƏBƏRLƏR

09.10.2018 15:56
Tam fərqli  təfəkkürlü şagird yetişdirən tədris prosesi – interaktiv dərslər – Qaydalar və faydalar...

Dərsin hər bir mərhələsinin gündəlik həyatla əlaqəsi var. İnteraktiv dərsdə istifadə edilən hər bir detal şagirdin müstəqil həyatda formalaşmasına və özünüifadəsinə xidmət edir. Ümumiyyətlə, fəal (interaktiv) dərslər ənənəvi dərs metodlarından fərqlənir. Bu metodla dərslər planlaşdırılarkən  müəyyən qaydalar gözlənilməklə yanaşı, uşağın maraqları da nəzərə alınmalıdır.

AzEdu.az dərslərin təşkili barədə maarifləndirici məlumatı təqdim edir:

Mövzusundan asılı olmayaraq, istənilən dərsin mərhələləri müəyyən ardıcıllıqla davam edir: Motivasiya (Problemin qoyulması), Tədqiqat mərhələsi (Problemin həlli), İnformasiya mübadiləsi, İnformasiya müzakirəsi, Nəticə və ümumiləşdirmə, Yaradıcı tətbiqetmə və ya Ev tapşırığı, Qiymətləndirmə (bütün dərs boyu aparılır)

Motivasiya - fəal dərsin vacib komponenti olub, təfəkkür prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir. Yəni, bu, şagirddə idrak fəallığını artırır.

Bir neçə yolla reallaşdırıla bilər: Rəmzi (simvolik) materialın şərhi, sual verməyə həvəsləndirmə və problemin müxtəlif yollarla izahı;

Tədqiqat mərhələsi - Tədqiqat sualını tamamlamaq üçün şagirdlərə tapşırıqlar verilir. Təqdimatlar müəyyən iş formasında hazırlanır. Bu mərhələnin məqsədi ondan ibarətdir ki, şagirdlər informasiyaları özləri araşdırıb, toplasınlar.

Bununla da onlarda həyatda da ətrafında baş verən hadisələrin həlli yollarını müstəqil araşdırmaq qabiliyyəti inkişaf edir.

İnformasiya mübadiləsi - Şagirdlər əldə etdikləri yeni informasiyaları digər iştirakçılara ötürür, iş vərəqləri lövhədən asılır. Bununla da şagirddə özünü təqdimetmə bacarığı formalaşır.

İnformasiyanın müzakirəsi - Şagirdlərin hazırladıqları təqdimatlar və informasiyalar müzakirə edilərək düzgün və yanlış cavablar ayırd edilir. Bu mərhələnin məqsədi yeni əldə edilmiş informasiyaları sistemləşdirmək və hazırlanan təqdimatlar arasındakı əlaqəni üzə çıxarmaqdan ibarətdir. Beləliklə də şagirddə öz fikrini rahat və sərbəst söyləmə bacarığı formalaşır. Müəllim köməkçi suallardan istifadə etməklə faktların məqsədyönlü müzakirəsini təşkil edir.

Nəticə və ümumiləşdirmə - Nəticəyə gəlmək üçün müəllim şagirdlərin köməyi ilə informasiyaları ümumiləşdirir və əldə edilmiş ideyanın tədqiqat sualı, bir də şagirdlərin ilkin fərziyyələri ilə müqayisəsini təşkil edir. Bu mərhələ isə şagirddə hadisələrə düzgün münasibət bildirməyi və eyni zamanda, sərbəst nəticə çıxarmaq qabiliyyətini formalaşdırır.

Yaradıcı tətbiqetmə - Bu mərhələdə şagirdlərin biliyi möhkəmləndirilir. Əldə edilmiş nəticələrə əsasən, praktik iş, test tapşırıqları, məsələlər verilir. Bəzi bölmə və mövzularda Venn diaqramı, Klaster və s. işlənə bilər. Əgər yaradıcı tətbiqetməni dərhal icra etmək olmursa, bu, sonrakı dərslərdə tətbiq edilir. Lazım gələrsə, ev tapşırıqları verilir.

Ev tapşırıqları - Əldə olunmuş biliklər, bacarıq və vərdişlərin möhkəmləndirilməsi üçün ən geniş yayılmış iş forması ev tapşırıqlarıdır. Ev tapşırıqlarının tədqiqat və yaradıcılıq elementləri ilə zəngin olmasına xüsusi diqqət vermək lazımdır. Məsələn, müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar və s.

Qiymətləndirmə – şagirdlərin təlimdəki fəaliyyətlərinin izlənilməsi prosesidir. Qiymətləndirmə konkret meyarlar üzrə aparılmalıdır. Müəllim şagirdləri əvvəlcədən bu meyarlarla tanış etməlidir.

Refleksiya – Təlim prosesinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verir.

Şagirdlərə bəzi suallar verməklə (məsələn, biz nə etdik?, bu nəticəyə necə gəldik? və s.) onların fikirləri sistemləşdirilir və şagirdin təlim fəaliyyəti bir daha nəzərdən keçirilir.