Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-13 09:54:00
Kənd müəllimi AzEdu.az-a YAZDI: “Valideyn yaylağa gedəndə şagirdi özü ilə aparır və o da proqramdan geri qalır”

AzEdu.az  Azərbaycanın müxtəlif  bölgə və şəhərlərində çalışan müəllimlərin silsilə yazılarını davam etdirir.  Növbəti yazı Qəbələnin  ucqar Yeni Dizaqlı kənd orta məktəbinin  tarix müəllimi Nərgiz Bəxtiyarovadan gəlib.

O, tədris prosesi, tarix fənninin   kənd mühitində tədrisi ilə bağlı fikirlərini bölüşüb, üzləşdiyi çətinlikləri dilə gətirib:

“Sizə Qəbələnin Yeni Dizaqlı kəndindən yazıram. 6 il şəhərdə işləyib sonradan kənd məktəbinə könüllü yerdəyişmə etmişəm. Çox adam şəhər məktəbinə can atır. Orada isə kifəyət qədər müəllim var. Burada mənə daha çox ehtiyac olduğunu  və kadr çatışmazlığı bilirdim. Yeni gələndə gördüm ki,  kənd məktəbində tarix fənnini coğrafiya müəllimi tədris edir. Amma onun ixtisası tarix-coğrafiya müəllimi deyil. Bəzən, fizikanı bu fənlə heç bir əlaqəsi olmayan müəllim tədris edir. Gələndə tarixdən uşaqların biliyinin çox az olduğunu gördüm. Şagirdlərlə söhbət edirik. Onlar deyirlər ki, əvvəl lövhəyə çıxıb dərsi kitabdan oxuyurduq.

Kənd məktəbində lazımi şəraiti olmadığına görə yeni metodlardan kifayət qədər istifadə edə bilmirəm. Sadəcə, uşaqları qruplara bölür, yarışlar keçirirəm. Şagirdlərevdə bir-biriləri üçün suallar hazırlayır, onları xırda kağızlara yazırlar. Sonra kağızları büküb qarışdırırıq və hər kəs bir sual seçir. Beləcə, bir-birilərinin suallarına cavab verirlər.  Krasvordlar hazırlayır, şagirdlərimə suallar verirəm. Onlar sualın cavabını  krasvorda yazmalı olurlar. Kompüter olmadığına görə ancaq özüm nələrsə etməli oluram. Uşaqları qruplara bölür, onlara ayrıca rəngli sual kartları paylayıram. 10-15 dəqiqə ərzində düşünüb sualları cavablayırlar. Birinin verdiyi cavaba digər qrup əlavə etmək istəyirsə, ona bal yazılır. Başqasının cavabına əlavələr edən 2, öz sualını cavablayan isə 1 bal alır. Bu dediyim metodları kənd şəraitində tətbiq etmək oqədər də çətin deyil. Amma onları uşaq çox olanda daha yaxşı tətbiq etmək olur. Uşaq sayı az olanda onları qruplara da bölmək olmur. Yeni metod deyəndə insanın ağlına kompüter, proyektor, slaydlarla dərs gəlir. Məsələn, mən dərsi özüm danışır, əlimdə disklər olsa da, onları şagirdlərə göstərə bilmirəm. Həmin disklərdə dərslərin hazır izahı var. Dərsi hər dəfə mənim izah etməyim uşağa bir qədər maraqsız gələ bilər. Bu şəraitlər olsa, məktəbli üçün dərs daha maraqlı, keyfiyyətli olar.

Şəhər məktəbində kompüter vasitələrindən istifadə edirdim. Orada da yeni texnologiyalarla işləyə bilməyən müəllimlər var idi. Proyektorlar məktəbdə qalıb tozlanır, yaşlı nəslin əksəriyyəti ondan istifadə edə bilmirdi. Cavan müəllimlər deyirdi ki, siz onsuz da bunu işlətmirsiz. İcazə verin, biz  istifadə edək. Mən “youtube”dən danışacağım dərsə aid video və filmlər tapır, dərsi slaydla tədris edirdim. Amma buradakı məktəbdə bunları edə bilmirəm.

Şəhərdə çox şagird olduğundan dərsin keyfiyyəti yaxşı, şagirdlər arasında rəqabət güclü olur. 10 və 20 uşaqla keçirilən dərs eyni deyil. Uşaq sayı az olanda dərs elə də keyfiyyətli olmur. Çox şagird olanda müəllim onları çox işlədir, sual cavab da çox olur. Bir sinifdə 10 uşaq varsa, mən bir nəfərə uzağı 5 sual verə bilərəm. Şəhərdə dərs keçmək kənddəkindən xeyli asandır.

Kənd məktəblərində uşaqların sayı fəsilə görə dəyişir. Məktəbdə istilik sistemi olmadığına görə, şagirdlərim xəstələnir, dərsdən yayınırlar. Yaya yaxın isə “nobat” və yaylağa gedir, məktəbə gəlmirlər. İki  ay yaylaqda ailəsi ilə qalan uşaqlar olur. Valideynə nə qədər deyirəm, direktora şikayət edirəm, amma heç bir xeyri olmur. Valideyn deyir ki, mən getməliyəm, başqa cür dolana bilmirəm. Uşağım isə burada tək qala bilməz. Uşağı da özü ilə apardığına görə, onlar iki ay dərsdən uzaq qalır. Dərsə gələndə isə proqramdan geri düşür. Mən onunla tək məşğul olub onu proqrama çatdıra bilmirəm. Güclü uşaq bəzən şənbə və bazar günləri təkrarlayıb proqrama çatır. Amma zəif demək olar ki, bir ilini itirir.

Şagirdləri məktəbə cəlb etmək üçün kəndlərdə iş yerləri olmalıdır. Belə olsa, sakinlər burada qalıb işləyərlər. Onların başqa qazanc yeri yoxdur. Buna görə də yaylağa gedir, təsərrüfatla məşğul olub ağartı məhsullarını satmaqla dolanırlar. Burada pambıq, tütün və digər təsərrüfatlarla məşğul olmağa şərait yaradan iş yeri olsa, valideynin getməsinə ehtiyac qalmaz. O, pul qazana bilsə özünü bu qədər çətinliyə salıb övladını təhsildən ayırmaz. Uşaq yaylağa özü istəyərək deyil, məcburən gedir. Onu cəzalandıra da bilmirsən. Bəzən uşağı sinifdə saxlayırıq, ammayenə də yaylağa gedir. Uşaq bir ay sonra gəlir, yanında da valideyni. Valideyn yalvarır ki, “nə olar, uşağın üstündə durun oxuyub sizə çatsın. Onun zehni var”. Mən 45 dəqiqə ərzində bacardığım qədər başa salıram. Qalanı isə onun öz  öhdəsinə düşür. Valideynlər uşaqlarını oxutmaq istəyirlər. Sadəcə imkanları yoxdur.

Şəhər məktəbində işləsəydim, siniflərarası yarış təşkil etmək istərdim. Burada hələ ki, bunu etməmişəm. Çünki digər sinfin tarix müəllimini zəif vəziyyətə salmaq istəmirəm. Qarşı tərəf əzilməsin deyə bu yarışları təşkil edə bilmirəm. Amma şəhərdə olsaydım, bunu könül rahatlığı ilə edərdim. Çünki şəhər müəllimlər güclü dərs keçməyə  məcburdurlar. Belə olduqda şagird də savadlı olur və ona qalib gəlmək elə də problem olmur. Şəhərə qayıtsam bunu edərdim.

Məncə Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi birgə işləməlidir. Amma hazırda belə deyil. Şagird və müllimlərin əsas problemlərindən biri də budur. Nazirliyin proqramdan çıxardığı hansısa mövzunu DİM test toplusuna salır. Əgər bunu orta məktəbdə tədris etmiriksə, şagird testləri necə işləyə bilər? Biz illərdir öyrənirik ki, Aquen kilsə məclisi 488-ci ildə keçirilib. Amma yeni tədris kitabında bunun 498-ci ildə baş verdiyi yazılıb. DİM ilə Təhsil Nazirliyinin proqramında çox fərq var. Testi köhnə, dərsi isə yeni proqramla tədris edirik. Bu, şagirddə çaşqınlıq yaradır. Kitabdakını tədris edəndə şagird testləri səhv cavablayır. Ona görə də mən ona iki proqramı da öyrətməyə məcburam. Mənə də, şagirdlərimə də ikiqat yük düşür”.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları