Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-23 17:30:00
İçəri telefon və “ağıllı” saatla girən iki nəfər magistratura imtahanından xaric olundu

Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 5 - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 49 imtahan binasında aparılıb. 

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahanda iştirak üçün 15 738 bakalavr ərizə təqdim edib. 

İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib. 

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. 

İlkin məlumatlara əsasən, bir nəfərdə mobil telefon, bir nəfərdə isə çoxfunksiyalı “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric ediliblər. 

Əvvəlcədən məlumat verildiyi və imtahan iştirakçılarının yaddaş kitabçasında qeyd olunduğu kimi saat 10:45-dən sonra imtahana gələn şəxslər imtahan binasına buraxılmayıblar. Təlimata əsasən imtahan binasına buraxılış rejimi imtahanın başlanmasına 15 dəqiqə qalmış başa çatır. Bundan sonra gələn namizədlər imtahana buraxılmır. DİM tərəfindən keçirilən imtahanlarda iştirak edən şəxslər bunu nəzərə almalıdırlar. 

DİM imtahanlarda sağlamlıq imkanları məhdud namizədlərin iştirakının təmin edilməsi məqsədilə daim əlverişli şərait yaradır. Lakin sağlamlıq imkanları məhdud olan şəxslər vaxtında DİM-ə müraciət etməlidirlər. İmtahana az müddət qalmış və ya imtahan günü belə müraciətlər olduqda onların təmin olunması çətinləşir və bəzən mümkün olmur 

Fevralın 24-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, magistraturaya qəbul imtahanı ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya komissiyası yaradılıb. Bakalavrlar Apelyasiya komissiyasına 24-26 fevral 2020-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya Komissiyası DİM-in Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.