Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-23 14:46:00
Bizdə bələdiyyələr təhsil müəssisələri də aça bilərmiş, lakin – Seçkiyə sözardı  

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Bələdiyyələr qanunla müəyyən edilən ərazi hüdudları daxilində (kənd, qəsəbə, rayon və şəhər) yaşayan sakinlər tərəfindən yerli xarakterli seçkilər əsasında formalaşan sakinlərin yerli özünü idarəetmə formasıdır.

Bələdiyyələrin funksiyaları yerli əhəmiyyətli problemlərin həllinə dövlətin iştirakı və rolu olmadan müstəqil sürətdə və yerli resurslar vasitəsiylə nail olmaqdır.

Həmçinin, bələdiyyələr daxil olduqları ərazinin təhsil sistemi ilə də maraqlanmalı və onun inkişafına dəstək verməlidir.

AzEdu.az ölkəmizdə fəaliyyətdə olan bələdiyyələrin təhsilin yüksəldilməsi üçün hansı işlər görməsinin lazım olduğunu bildirmək məqsədiylə bir sıra təhsil ekspertlərinin fikirlərini öyrənib.

Təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov AzEdu.az-a açıqlamasında bələdiyyələrin təhsilə təsirindən danışıb:

“Yerli özünü idarəetmə orqanlarının yaradılması və inkişaf etdirilməsində məqsəd bələdiyyələrin  əhəmiyyətli məsələlərin həllində daha çox söz sahibi olmaq və tədricən dövlətin bu sahədə yükünü azaltmaq, yerli İcra hakimiyyətinin müvafiq strukturları ilə fəaliyyətlərini əlaqələndirmək, problemlərin həllində qarşılıqlı fəaliyyət göstərməkdir.

Bu vətəndaşların fəaliyyətinin təşkilinin elə bir qeyri-dövlət sistemidir ki, burada qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları bələdiyyələrin təşəkkülü və inkişafı üçün zəruri, hüquqi, təşkilati və maddi-maliyyə şəraiti yaradır və yerli özünüidarə hüququnu həyata keçirməkdə əhaliyə kömək göstərirlər.

Bələdiyyə qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu bələdiyyə qulluğu ilə bağlı münasibətləri və Azərbaycan Respublikasında bələdiyyə qulluqçularının hüquqi vəziyyətini tənzimləyir. Bələdiyyə qulluqçularının vəzifələrinə vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə öz səlahiyyətləri çərçivəsində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada baxmaq, yerli icra hakimiyyətinin müvafiq strukturları ilə fəaliyyətlərini əlaqələndirmək və yerli problemlərin həllində qarşılıqlı fəaliyyət göstərməkdir. Azərbaycanın mövcud qanunvericiliyi bələdiyyələrə məktəbəqədər təhsil müəssisəsi, orta və ali məktəb yaratmaq hüququ versə də, onlar indiyədək bu imkandan istifadə etməyiblər. Bunun səbəbi isə müxtəlif  amillərlə izah edilir ki, bu da əsasən onların maliyyə imkanları ilə əlaqədardır.

Əvvəla orta məktəb yaratmaq çox vəsait tələb edir, digər tərəfdən məktəbi yaşatmaq üçün də daim maliyyə vəsaiti tələb olunur. Ancaq bələdiyyə pullu məktəb yarada bilər, bir şərtlə ki, bələdiyyənin özünün maliyyəsi olsun, yaratdığı məktəbi yaşada bilsin. Bunun üçün isə ilk növbədə təşəbbüs sonra isə iş adamlarının, sahibkarların dəstəyi tələb olunur. Mövcud Qanunvericiliyə əsasən Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl ümumi təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yaradılır. Lakin Azərbaycanda indiyədək bələdiyyə təhsil müəssisələri yaradılması məsələsi hələ də müxtəlif obyektiv və subyektiv həllini tapmayıb.

O ki qaldı dünya təcrübəsinə, bir çox Avropa ölkələrində bələdiyyə məktəbləri demək olar ki, yoxdur. Hətta bir müddət əvvəl bələdiyyə məktəbləri açmış bəzi Avropa ölkələri sonradan onların fəaliyyətini ya dayandırıb, ya da bələdiyyə məktəbləri dövlət, yaxud özəl sektora təhvil verilib. Bununla belə bizim Qanunda bələdiyyə təhsil müəssisələrinin yaradılmasına imkan verən bənd hələ də saxlanılır və bələdiyyə məktəblərinin yaradılmasına heç bir məhdudiyyət qoyulmur. Hesab edirəm ki, hazırki dövrdə bələdiyyələr öz məktəblərinin olub-olmamasından asılı olmayayaraq, ərazilərində olan təhsil müəssisələrinin ictimai-təsərrüfat fəaliyyətinə fəal qoşula bilər, ümumi orta icbari təhsilin həyata keçirilməsində, müəllim-valideyn əlaqələrinin tənzimlənməsində, məktəblə ictimaiyyət arasında qarşılıqlı münasibətlərin qurulmasında dəstək ola bilərlər”.

Təhsil eksperti və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Hikmət Əlizadə bələdiyyələrin təhsil göstərdiyi təsirlərdən söz açıb: 

“Dünya təcrübəsində bələdiyyə məktəbləri fəaliyyət göstərir. Bizdə isə bu hələ də formalaşmayıb. Düşünürəm ki, yaxın gələcəkdə bələdiyyələr təhsilə xüsusi önəm verəcəklər.

Bələdiyyələr məktəbin ətrafında infrastrukturun formalaşmasında  müəyyən kömək göstərə bilərlər.

Dünyanın bir çox ölkələrində məktəblər seçki prosesində məntəqə olaraq istifadə olunur. Buna bir çox  ölkələrdə də rast gəlmək olar. Mən xarici ölkələrdə məktəblərin seçki məntəqəsi kimi istifadə olunduğunun şahidi olmuşam”.

Qeyd edək ki. seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 156 üzv seçiləcək. Bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək. Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, 118 seçki dairəsini əhatə edəcək. Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçirilib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları