Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-23 13:47:00
Bələdiyyələrin təhsil üçün gördükləri misilsiz işlər – Bizdə isə...

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Bələdiyyələr qanunla müəyyən edilən ərazi hüdudları daxilində (kənd, qəsəbə, rayon və şəhər) yaşayan sakinlər tərəfindən yerli xarakterli seçkilər əsasında formalaşan sakinlərin yerli özünü idarəetmə formasıdır.

Bələdiyyələrin funksiyaları yerli əhəmiyyətli problemlərin həllinə dövlətin iştirakı və rolu olmadan müstəqil sürətdə və yerli resurslar vasitəsiylə nail olmaqdır.

Həmçinin, bələdiyyələr ölkə təhsilinin inkişafına da yaxından kömək göstərməlidir.

Bəs görəsən xarici ölkələrin təcrübəsində bələdiyyələr təhsilin inkişafına hansı istiqamətdə dəstək verirlər?

AzEdu.az mövzu ilə əlaqədar  bir sıra xarici təhsil ekspertlərinin fikirlərini öyrənib.

“Celt Colleges” şirkətinin Türkiyədə təhsil üzrə mütəxəssisi Fərid Kərimov Türkiyədə bələdiyyələrin təhsilə göstərdiyi dəstəkdən söz açıb:

“Türkiyədə bələdiyyələr təhsilə ciddi dəstək verir. Tələbələr üçün ictimai nəqliyyat xərcləri 50% -ə qədər endirilir. Həmçinin bir çox bələdiyyə   tələbələr üçün burslar təşkil edir. Tələbələr hər hansısa tədbir keçirmək və fərqli  bölgəyə araşdırma üçün getmək istədikdə bələdiyyə avtobuslarından ödənişsiz istifadə etmək hüququna malikdilər”.

Xaricdə təhsil üzrə mütəxəssis Həsən Əliyev  Türkiyə  və dünya təhsilində bələdiyyələrin rolunu yüksək qiymətləndirib:

“Bələdiyyə seçkiləri Türkiyədə bələdiyyənin öz mərkəzində və səyyar məntəqələrdə həyata keçirilir. Belə ki,  avtomobillər   kütlənin çox olduğu yerlərə gələrək səsverməyə dəstək olurlar.

Türkiyədə  hər hansısa məktəb və universitet məntəqə olaraq istifadə edilmir.

Xarici ölkələrdə bələdiyyələr tələbələrə dəstək olurlar. Bələdiyyə öz ərazisində olan imkansız ailələrə təhsil almaları üçün kömək edir. Hər bələdiyyənin ayrıca təqaüd proqramı var. Həmçinin, dünya təcrübəsində bələdiyyələr müxtəlif universitetlərlə əməkdaşlıq edir.Universitet tələbələri bələdiyyə ərazisində praktika keçmək imkanına malikdir.Bələdiyyələrin tətbiq etdiyi burslar öz ərazisində yaşayan şəxslərə aid edilir. Bələdiyyə öz büdcəsindən  burs ayırır və tələbələr aylıq olaraq təqaüdlər alırlar.

Bələdiyyələr biznes adamları ilə  birgə dərnək qururlar.Həmin biznesmenlər tələbələrin  təhsilhaqlarına kömək etmək məqsədi ilə  büdcəyə əlavə pul ödəyirlər.Həmin büdcədən   imkansız tələbələr faydalana bilərlər”.

Qeyd edək ki, bu il ölkəmizdə seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 156 üzv seçiləcək. Bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək.

Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, 118 seçki dairəsini əhatə edəcək.

Həmçinin, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçirilib.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları