Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-27 09:34:00
Məktəb direktoru sinif rəhbəri ola bilər? – Bu, qadağandır

AzEdu.az mütəmadi olaraq, direktorların işə qəbul müsabiqəsi, namizədləri maraqlandıran sualların cavabı barədə yazılar yayımlayır.

Direktor olmaq istəyənləri ən çox maraqlandıran məqamlardan biri də bu vəzifə sahiblərinin sinif rəhbəri olmaları, dərs demələri ilə bağlıdır.

Sual:    

Məktəb direktoru sinif rəhbəri ola bilər?

Cavab:

AzEdu.az məlumat verir ki, bu barədə məsələlər “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əsasən tənzimlənir. Qanunvericiliyə görə, məktəb direktoru sinif rəhbəri ola bilməz. Çünki Kitabçaya əsasən, direktorun iki vəzifə aparması qadağandır;  O cümlədən də sinif rəhbərliyini.

Direktorun dərs deməsi məsələsinə gəldikdə isə o, məktəbdəki bütün dərs saatları müəllimlər arasında bölüşdürüldükdən sonra əlavə dərs saatı qalarsa, 12 saata qədər dərs yükü götürə bilər.

Xatırladaq ki, sinif rəhbərliyinə görə müəllimlərə 40 manat əlavə haqq ödənilir.

Direktorun aylıq vəzifə maaşı isə Nazirlər Kabinetinin 2019-cu il, martın 1-dən qüvvəyə minən qərarına görə artırılıb. İndiyə qədər bu ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 535 manat idi. Dəyişiklikdən sonra direktorların aylıq vəzifə maaşı 587 manata qaldırılıb.

Qeyd edək ki, direktorların işə qəbulu müsabiqəsində pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edirlər. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda isə bu müddət 3 il müəyyən edilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları