XƏBƏRLƏR

12.10.2019 11:40
   Azərbaycan dili dərslərində layihələr üzrə işin təşkili    

Məqsəd şagirdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirməkdir

 Layihələrin hazırlanması müxtəlif mövzuların müstəqil şəkildə tədqiq edilməsidir. Şagirdlər öz layihələrini təqdim etməzdən əvvəl uzun müddət onun üzərində işləyirlər. Layihələr şagirdlərin tədqiqat vərdişlərinin, biliklərə müstəqil yiyələnmə bacarıqlarının formalaşmasında mühüm rol oynayır, onlara müstəqil şəkildə öz fəaliyyət proqramlarını qurmağa, habelə öz vaxtını və işini qrafik üzrə planlaşdırmağa kömək edir. Bu üsul, həmçinin şagirdlərin bir-biri ilə, eləcə də məktəbdən kənarda müxtəlif adamlarla qarşılıqlı əlaqəsi üçün şərait yaradır, hadisələrin hər hansı bir aspektini daha dərindən anlamağa imkan verir, əlavə ədəbiyyatdan istifadə etməyə istiqamətləndirir.

 Layihələr hazırlayarkən müəllim mövzu və ya problemləri müəyyən edir və sinfə bunlardan birini seçmək imkanı verir. Mövzu, yaxud problem, həmçinin sinif tərəfindən “əqli hücum” üsulu ilə seçilə bilər.

 Mövzu və ya problem konkret olmalıdır. Müəllim və şagirdlər birlikdə layihə üzərində işin başlama və başa çatma müddətini, istifadə olunacaq əyani vasitələri (ədəbiyyatlar, mənbələr, təsviri vasitələr və s.), bunları əldə etmək yollarını, iş formalarını (fərdi, yoxsa qrup şəklində) müəyyən edirlər.

 İş prosesində müəllim suallara cavab verə, yaxud yol göstərə bilər. İşin icrasına isə şagirdlər özləri cavabdehdirlər.

 Tədqiqatın nəticəsi hesabat, xəritə, illüstrasiya, fotoşəkillər, cədvəllər, qrafiklər formasında ifadə oluna bilər.

 Azərbaycan dili dərslərində müvafiq mövzu üzrə evdə işləmək üçün şagirdlərə layihə tapşırıqlarının verilməsi tövsiyə olunur. Bu layihələr yazılı (tədqiqat əsəri) və ya şifahi (məruzə) şəklində təqdim oluna bilər. Birinci halda bu tapşırıq “3.1.2. Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayır”, ikinci halda “1.2.4. Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir” standartına xidmət edir.

 Məruzə layihə hazırlamağın növlərindən biri kimi araşdırma və danışma bacarığını inkişaf etdirən üsuldur.

 Hər bölmənin sonunda şagirdlərə həmin bölmənin mövzusu ilə bağlı məruzə hazırlamağı tapşırmaq olar. Müəllim bölmənin mövzusunu problemlərə bölüb hər problemlə bağlı bir məruzə hazırlamağı tapşıra bilər. Məruzənin hazırlanmasında müəllim və valideyn köməyi vacibdir. Məruzə qruplar tərəfindən, yaxud fərdi şəkildə hazırlana bilər.

 Şagirdlərin məktəbdən sonra qrup şəklində işləmələri onlarda əməkdaşlıq, kollektiv layihə üzərində iş, vəzifə bölgüsü və digər sosial bacarıqların formalaşması üçün çox əhəmiyyətlidir. Kollektiv ev layihələri, həmçinin müxtəlif nitq bacarıqlarının inkişafında, əsas məzmun standartlarının reallaşdırılmasında böyük rol oynayır.

 Layihə təlim üsuludur və adətən, uzunmüddətli olur. Bu üsul hər hansı bir mövzunun şagird tərəfindən müstəqil araşdırılmasına imkan verir. Təlim nəticəsinə xidmət edən mövzu müəllim tərəfindən müəyyən olunur.

 Layihənin verilməsində əsas məqsəd şagirdlərin öz nailiyyət və fəaliyyətlərinə özlərinin müstəqil şəkildə cavabdehlik daşımasına imkan yaratmaqdır.

 Qiymətləndirmə əvvəlcədən müəyyənləşdirilmiş meyarlar üzrə aparılmalıdır.

 Yuxarı siniflərdə şagirdlərə iki layihə təqdim olunur:

1) Kompleks lüğət hazırlamaq;

2) Qəzet hazırlamaq.

 Şagirdlərin arzu və istəklərinə, xüsusən də bacarıqlarına əsasən sinfi qruplara bölüb, hər qrupa bir layihəni tapşırmaq daha məqsədəuyğundur.

 Hər bölmədə təqdim edilən sözlərin leksik və qrammatik mənalarının, vurğularının düzgün tələffüzünün müəyyənləşdirilməsi son səhifədə nümunə kimi təqdim olunan kompleks lüğətin yaranmasına səbəb olacaq.

 Yuxarı siniflərdə şagirdlərə qəzet maketi hazırlamaq üçün layihə işi sxem şəklində təqdim edilmişdir. Layihənin məqsədi, forması, şagirdlərin görəcəyi işlər dərsliklərdə verilmişdir. Bu layihə rus bölməsi üçün hazırlanmış Azərbaycan dili tədris vəsaitlərində də vardır. Yaxşı olar ki, (əgər müəllimlər uyğun bilərlərsə) bu layihə hər iki bölmənin iştirakı ilə (əgər məktəbdə hər iki bölmə mövcuddursa) hazırlansın və məktəbin mətbu orqanı hesab edilsin.

 Şagirdlər informatika dərslərində Microsoft Office proqramlarından istifadə qaydalarına yiyələndikləri üçün layihəni hazırlamaq onlara çətinlik törətməyəcək.

 Əgər məktəbin İKT ilə təminatı yoxdursa, şərait buna imkan vermirsə, müəllim bunu adi vatman kağızlarından istifadə etməklə də həyata keçirə bilər. Bu layihə üzərində şagirdləri çalışdırmaqla müəllim onlarda qruplarda komanda şəklində işləmək, toplamaq, sistemləşdirmək, yazıları düzəltmək, ədəbi dilin normalarına uyğun yazı yazmaq, sual tərtib etmək, şəkil çəkmək, onu başqalarına rəy üçün təqdim etmək, fərqli fikirlərə, tənqidə dözümlülük kimi bacarıqlar formalaşdıra biləcəkdir.

 Yuxarı sinif dərsliklərində bir neçə yerdə qəzet və ya jurnal materialı üzərində iş aparmaq üçün tapşırıqlar verilmişdir. Bu tapşırıqları icra edən şagird istər-istəməz Azərbaycan mətbuatı ilə tanış olacaq, mütaliə edəcək, müsbət və mənfi tərəfləri müəyyən edəcək, münasibət bildirəcək, əgər lazımdırsa, yazıya düzəliş edəcək və fikrini əsaslandıracaq. Bu tipli tapşırıqları mərhələli şəkildə icra edən şagird, təbii ki, mükəmməl yazı vərdişlərinə yiyələnəcəkdir.

 Müəllim şagirdlər tərəfindən qəzetdə yerləşdiriləcək mətnlərin daha çox məktəblə, təhsillə, şagirdlərin peşə seçimi ilə bağlı olmasına çalışmalıdır. Toplanılan materiallar təkcə Azərbaycan dili dərslərində öyrəndikləri ilə yekunlaşmamalıdır. Digər fənlərin tədrisi zamanı öyrəndikləri maraqlı fakt və hadisələrin maketdə öz əksini tapması fənlərarası əlaqələrin yaranması üçün imkan yaradar.

 İl ərzində yazılan məqalələr, şərhlər, müsahibələr və s. şagirdlər tərəfindən qəzetin müvafiq səhifəsində yerləşdirilir.

 Layihələrin hazırlanmasında məqsəd şagirdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirməkdir.

 Elnur ƏLİYEV,

Salyan rayonu, Yenikənd kənd tam orta məktəbinin müəllimi

İlin gənc müəllimi-Müraciət formu