XƏBƏRLƏR

18.06.2019 15:36
Azərbaycanlı gənclər artıq bu ölkələrdə oxumaq istəmirlər -SƏBƏB  

Hər il kifayət qədər azərbaycanlı gənc  xarici ölkələrdə təhsil almağı hədəfləyir.  Əgər əvvəllər tələbələr dövlət xətti ilə xaricə təhsil almağa gedə bilirdilərsə, indi öz hesabına və ya təqaüd proqramları vasitəsilə xarici ölkələrə üz tutanları müşahidə edirik.

Maraqlıdır, son iki ayda azərbaycanlılar təhsil üçün  daha çox hansı xarici ölkələrə üstünlük verirlər?

AzEdu.az bununla bağlı təhsil üzrə mütəxəssislərin fikrini öyrənib:

“Azərbaycanlılar təhsil üçün daha çox qardaş ölkə Türkiyəni seçir. Buna səbəb dil yaxınlığı və ölkələr arasında viza rejiminin olmamasıdır”

Bu sözləri xaricdə təhsil üzrə ekspert  Nəzərbəy Hacıağayev deyib.

Onun sözlərinə görə, öncəki illərlə müqayisədə artıq gənclərimiz  Polşada təhsil almağa maraqlı deyillər:

“Son illərdə inkişaf edən və ciddi marağa səbəb olan Polşada təhsil artıq gənclərin maraq dairəsindən düşüb. Hətta gənclər Polşada  təhsil almaqdan imtina da ediblər. Məndə olan məlumata görə, bir neçə gənc Polşadan viza ala bilmədiyi üçün bu ölkənin təhsilindən imtina edib. Eyni zamanda bu tendensiyanı İtaliya aid universitetlərə qəbul zamanı da müşahidə etmişdik. Hətta o zaman bu proseslərlə bağlı mediada qalmaqallı məlumatlar əks olunurdu. Bu həmin ölkələrə viza alınmasının çətinliyi ilə əlaqədardır. Ukrayna universitetlərinə qəbul prosesləri bir qədər mürəkkəbləşsə də bu ölkə də növbəti sıralamadadır”.

Nəzərbəy Hacıağayevin sözlərinə görə, son iki ayda gənclərimiz Almaniyada təhsilə də üstünlük verirlər:

“Gənclərimizin Almaniyada təhsil almağa böyük istəkləri var. Amma qəbul şərtlərin ağır olması gənclərimizi Almaniyadan uzaq tutur. Gürcüstan universitetləri ölkəmizdə Gürcüstan təhsil sektorunun gələcək perspektivlərindən geniş bəhs edərək təbliğat aparsalarda hələ ki, arzuolunan nəticə hasil olmayıb. Azərbaycanda bu ölkənin təhsil sektoru gürcülərin arzuladığı marağa sahib deyil. Bütün bu sadaladıqlarım orta təbəqədən olan insanlar üçündür.

 Bazar iqtisadiyyatı dönəmində yaşayırıq. Artıq təhsil özü də böyük biznesdir. Hətta bu biznesin sayəsində dövlət büdcəsini zənginləşdirən dövlət var. Azərbaycanda yaşayan yüksək təbəqəli insanlar Böyük Britaniya, Fransa, Amerika Birləşmiş Ştatları, Almaniya və Belçika kimi ölkələrdə təhsil almaq arzusundadır.

Xaricdə təhsildə üz tutan gənclər arasında iki ixtisas hər zaman aktuallığını qoruyub. Bunlardan biri tibb digəri isə mühəndislikdir. Xüsusilə də inovvativ texnologiyalar sahəsində olan kompüter mühəndisliyi ön plandadır. Sonrakı mərhələrdə isə digər ixtisaslara olan maraq yer tutur”.  

Xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev isə bildirib ki, öncəki illərdə gənclərimiz daha çox İtaliya, Polşa, Türkiyədə təhsil almağı hədəfləyirdisə artıq bu proses dəyişib:

“Gənclərin xaricdə təhsildə ən çox üstünlük verdiyi ölkələr İtaliya, Polşa, Türkiyə idi. Gənclər Fondu tərəfindən gənclərin xaricdə təhsilin maliyyəşdirilməsi elan olunduqdan sonra bu istiqamət qismən şaxələndi. Onu da bildirim ki, İngiltərədə təhsil almaq istəyənlərdən kifayət qədər müraciət almışıq. Nümunə  üçün bildirim ki, müraciətçilərdən qəbul etdiyimiz 230 sənəddən 60%-i Türkiyə, 7-8 %-i isə Ukraynadır.

Türkiyədə təhsil almaq istəyənlər  daha çox mühəndislik ixtisası üzrə oxumağı planlaşdırırlar. Ukraynada təhsil almaq istəyənlər isə daha çox iqtisadiyyat sahəsi üzrə oxumağı hədəfləyirlər”.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu