Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-15 14:32:00
Azərbaycanlı tələbələri bu ölkədə adi bir sözə görə məhkəməyə verə bilərlər – Xaricdə təhsil  

Dünyanın qabaqcıl texnologiya və elm ölkələrindən biri də Amerika Birləşmiş Ştatlarıdır. ABŞ-ın təhsil sistemi həm federal, ştat, həm də yerli hakimiyyət orqanları tərəfindən idarə edilir.

“ABŞ-da təhsil tənqidi düşüncə üzərində qurulub. Azərbaycanlı  tələbələr isə  daha çox  əzbərçiliyə öyrəniblər”

Bu sözləri AzEdu.az-a xaricdə təhsil üzrə ekspert Ayan Əliyeva deyib. O, ABŞ təhsil sistemini uğura aparan amillərdən də danışıb:

“Amerika Birləşmiş Ştatlarını digər ölkələrdən fərqləndirən əsas cəhəti şagirdlərin dərsə pozitiv yanaşmasıdır. Azərbaycanda şagirdlər məktəbə gedəndə valideynləri “dərslərindən yaxşı qiymət al” ifadəsini sərt formada işlədirlər. Amma ABŞ valideynlər uşaqlarını məktəbə göndərdikləri zaman “dərslərindən həzz al” deyirlər. Yəni ABŞ-da insanlar hər şeyə çox pozitiv yanaşırlar.

ABŞ-da özəl və dövlət ibtidai məktəbləri bir-birindən seçilmir. Yəni ABŞ-ın dövlət  təhsil müəssisələrində də şagirdlər üçün hər cür şərait yaradılır.  Ölkədə ibtidai siniflər üzrə dərslər oyun formasında  keçirilir. Ümumiyyətlə, ABŞ təhsil sistemi şagirdlərə məktəbi sevdirir.  ABŞ-da orta məktəb təhsil sistemi 12 illikdir. Ölkədə ibtidai sinifdə təhsil alan şagirdlərə ev tapşırığı verilmir. Şagirdlər tapşırıqlarını sinifdə həll edirlər.  Amerika valideynləri sosial həyatda da aktivdirlər. Onlar daha çox övladları ilə vaxt keçirirlər. Onu da bildirim ki,  Amerika məktəblərində şagirdlərin psixoloji durumuna çox fikir verilir. Yəni Amerika məktəblərində psixoloq formal xarakter daşımır. Ölkədə problemli ailənin övladına psixoloqlar çox köməklik göstərirlər.Əgər şagird çox problemli ailənin övladı olarsa müəyyən orqanlara verilir. Yəni Amerika məktəbləri şagirdləri intihar həddinə çatdırmır.

Amerika universitetlərinə SAT, AP, IB proqramları vasitəsilə daxil olmaq mümkündür. Yəni ABŞ-da təhsil almaq istəyənlər General SAT 1200 bal toplayıb universitetlərə müraciət edə bilərlər”.

Ayan Əliyeva  bildirib ki, ABŞ vətəndaşları adi bir sözə görə əcnəbi tələbələri məhkəməyə verə bilərlər:

“Amerika universitetlərində təhsil haqqı  30000-80000 avro arasında təşkil edir.  Onu da bildirim ki,  ABŞ vətəndaşları üçün “Education Loan” (kredit) təklif edir. Yəni hər  hansı kasıb ailənin  övladı SAT imtahanı verdiyi zaman orta bal  toplayıbsa dövlətə müraciət edib köməklik ala bilər. Bununla da dövlət tərəfindən tələbənin universitet təhsil haqqı, yataqaxana, aylıq 500 dollar xərcliyi qarşılana bilər. Dövlət tərəfindən verilən kredit isə tələbələr işlədikdən sonra ödəyə bilərlər.ABŞ universitetləri tələbələrə “Fullscholarship” (tam təqaüd) fürsətini də yaradır.  “Full scholarship” vasitəsilə tələbələrin  universitet təhsil haqqısı, yataqxana xərcləri qarşılanır. 

 ABŞ-da əcnəbi  tələbələr üçün  ödənişsiz təhsil proqramları da mövcuddur. Amerikada fəaliyyət göstərən universitetlərdə “ulduz tələbələr” üçün  2-3 qızıl yerlər mövcuddur. Yəni SAT balı 1600-1500, SAT Subject  800-700 olan tələbələr ABŞ universitetlərində ödənişsiz təhsil proqramlarından yararlana bilərlər. 

Onu da bildirim ki,ABŞ-da tələbələr işlədilən hər  bir ifadəyə də diqqət yetirməlidirlər. Çünki ABŞ-da adi bir söztəhqir kimi başa düşülə bilər. Həmçinin, ABŞ vətəndaşları adi bir sözə görə əcnəbiləri məhkəməyə verə bilərlər.

ABŞ-da təhsil tənqidi düşüncə üzərində qurulub.Azərbaycanlı  tələbələr  daha çox  əzbərçiliyə öyrənib.

Tələbələrimiz   sosial həyata tam olaraq uyğunlaşmayıb. Amma ABŞ tələbələri dərslərini yaxşı oxumaqla yanaşı həm də istirahətlərinə də vaxt ayırırlar.

ABŞ-da elə bir universitet yoxdur ki, gənclərə tövsiyə edilməsin. Çünki ABŞ-da bütün universitetlər bir lisenziya ilə işləyir. Gənclərə tövsiyə edirəm ki, ABŞ-da böyük olmayan şəhərlərdə təhsil alsınlar”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları