Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-03 15:36:33
Ömrünün 46 ilini olimpiadaya həsr edən müəllim: “Ən azı II kurs tələbəsi qədər bilən şagirdlərim var”  

"Bölgə məktəblərində güclü müəllimlər var. Amma olimpiada spesifik olduğuna görə, bu istiqamətdə təlimçi qıtlığı müşahidə edilir. Şagirdləri olimpiadaya hazırlaşdıran kadr müəyyən tələblərə cavab verməlidir. İstərdim, bölgə müəllimlərinə olimpiada hazırlığı keçirilsin”.

Xəzər Universitetinin Riyaziyyat departamentinin professoru Nazim Kərimov olimpiadalara hazırlıq müəllimlərinin intellektual səviyyəsi barədə belə düşünür. Dediyinə görə, ilk dəfə ittifaq tərkibində olduğumuz vaxtda, 14 yaşında olimpiadada iştirak edib. 60 yaşlı professorun karyerası da elə o vaxtdan başlanıb.

46 ildir, bu işlə məşğuldur. Bir müddət Rusiya, Türkiyədə də şagirdləri olimpiadaya hazırlaşdırıb:

“1998-ci illərdə Azərbaycandakı olimpiadalarla daha yaxından tanış olmuşam. Şükür,  Azərbaycanın xaricdə təmsil edilməsində əməyim olub. Ovaxtlar 10 il ərzində 60-a yaxın şagird dünya olimpiadasında iştirak edib. İndi də beynəlxalq olimpiadaya hər il  6 məktəbli göndəririk. Onların seçilməsi üçüntəxminən, 6 - 10 aşama keçirilir. Seçim zamanı məktəblilərin müxtəlif səviyyəli olimpiadalardakı uğurları nəzərə alınır. Olimpiada mayın ikinci yarısında baş tutacaq. Dünya olimpiadasının iştirakçıları məhz bu yarışın qalibləri arasından seçiləcəklər”.

Xeyli müddətdir bu işlə məşğul olan Nazim müəllim Təhsil Nazirliyinin olimpiadalara diqqətinin 2000-ci illərlə müqayisədə xeyli artdığını deyir:

“Beynəlxalq olimpiadalar üçün bir riyazi məktəb yaradılıb: Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey. Burada əsasən, 2 yaş qrupundan olan şagirdlərlə məşğul oluruq. Müəllimlərin də uzunmüddətli olimpiada təcrübəsi var. VIII-IX siniflər aşağı, X-XI siniflər isə yuxarı yaş qrupu sayılır. Bu qruplara düşmək üçün də imtahanlar keçirilir. Ölkənin istənilən məktəbindən gəlib imtahanda iştirak edərək, dərslərə qatıla bilərlər. Amma bəzi şagirdlər imtahansız qəbul edilir. Çünki onların olimpiada fəaliyyətlərini izləmiş, uğurlarını görmüşük. Xüsusi talant sahibidirlər. Belə şagirdləri məktəblər özləri seçir, bura göndərirlər. Hər yaş qrupunun öz müəllimləri var. Yuxarı yaş qruplarındakı şagirdlər bəlli potensiala sahibdirlər. Çünki aşağı yaş qruplarında minimal bilikləri əldə ediblər”.

“Yeniyetməyə “yalnız bir elmlə məşğul ol” deyə məhdudiyyət qoymaq olmaz”

O bildirir ki, dünya olimpiadalarında iştirak edən yuxarı sinif şagirdlərinin sayı bir qədər az -14-15 nəfər olsa da, aşağı yaş qrupunda bu say 30 civarındadır. Aradakı əskin fərqin səbəbini soruşduqda isə Nazim müəllim belə cavab verir:

“Bunun səbəbləri müxtəlifdir. Aşağı siniflərdə şagird sadəcə İnformatika və ya Riyaziyyat seçimi arasında qalır. İnformatika ilə məşğul olmaq istəsə də, riyazi biliklər də ona o qədər spesifik gəlmir. Yuxarı siniflərə isə o, seçəcəyi peşənin fənlərinə üstünlük verir. Bundan əlavə, aşağı siniflərdə həm İnformatika, həm də Riyaziyyatdan güclü bilgiyə sahib uşaqlar ola bilər. Amma onlar XI sinifdə spesifik bilgi əldə etməlidirlər. Yuxarı siniflərlə o səviyyədə məşğul olmaq üçün daha çox bilgi tələb olunur.

Üstəlik, yuxarı sinif şagirdlərinin başqa imtahan və problemləri də az deyil. Amma istənilən halda şagird başqa sahələrlə də məşğul olsa, riyazi biliyin ona zərəri olmaz. Məsələn, beynəlxalq olimpiadaya apardığım uşaqlar arasında yapon dili mütəxəssisi, iqtisadi problemlərin həlli ilə dövlət səviyyəsində məşğul olan var idi. Yeniyetməyə “yalnız bir elmlə məşğul ol” deyə məhdudiyyət qoymaq olmaz”.

II kurs tələbəsinin biliyinə sahib məktəblilər...

Orta məktəb şagirdlərinin riyazi potensiallarına gəlincə isə professor belə cavab verib:

“Bizi VII sinifdən olimpiadaya götürdüyümüz şagirdlərin bilikdən çox həvəsi,informasiyanı qəbul edə bilmək qabiliyyəti maraqlandırır.Bu, 2 şey yerində olanda işlər axsamır. Şagirdlərimin səviyyəsindən narazı ola bilmərəm, məni qane edir. Onların beynəlxalq olimpiada göstəriciləri də bunu təsdiqləyir. Onlar arasında aşağı sinifdə  təhsil alan, amma ən azı universitetin II kurs tələbəsi səviyyəsində biliyə sahib olanlar var”.

“Hamının həll edə biləcəyi məsələ versəydilər, o, olimpiada olmazdı ki...” 

“Bir idman növü düşünün. Eyni zalda onunla 100 nəfər məşğul olur. Hamısına eyni müəllim, bir şəraitdə dərs deyir. Amma həmişə fərqlənənlər olur. 10 uşaqdan hamısının riyaziyyatı mənimsəməsi eyni deyil. Hərə bir materialdan fərqli şeylər çıxarır. Olimpiada ilə məşğul olan uşaqlar daha diqqətlidirlər. İnformasiyanın  görünməyən tərəfi də var. Bunu aşkarlamaq üçün şagirdin üzərində işləməsi tələb olunur. Amma sinifdəki 45 nəfərin hər birinin olimpiada materialını yüksək səviyyədə mənimsəməsi mümkün deyil. 50-dən çox dünya olimpiadasıkeçirilib. Bugünəcən ümumiyyətlə, medal ala bilməyən ölkələr var ki, əhalisi 60-70 milyondur. Hamının həll edə, mənimsəyə biləcəyi məsələni versəydilər, o, olimpiada olmazdı ki...”

“Dərs proqramına bu qədər şeyi yerləşdirmək mümkün deyil”

Çoxları orta məktəb proqramının olimpiadalarla uzlaşmadığını iddia edir. Elə Nazim müəllim də bu fikirdədir:

“Bilirsiz, orta məktəb proqramı yalnız statistik ortalamadır. Missiyası ilkin və zəruri bilikləri verməkdir. O qədər şeyin hamısını dərs proqramına yerləşdirmək mümkün deyil. Heç onu tədris etmək üçün müəllimin vaxtı da çatmaz.

Olimpiadalar isə bir qədər fərqli düşüncə tələb edir. Onlar müxtəlif səviyyələrdə keçirilir: rayon, yarımfinal, final və s. Hər mərhələdə daha çox bilik qazanmış şəxsqalib gəlir. Amma dünya olimpiadasına gedən şagirdinorta məktəblə kifayətlənə biləcəyini desəm, yalan söyləyərəm”.

“Hələ şagirdlərimin medalsız qayıtdığını xatırlamıram”

O, olimpiadaların təşkilində beynəlxalq təcrübədən də söz açıb:

“Hiss edirəm ki, bizimkilər çox iş görmək istəyirlər. Prinsip etibarilə postsovet məkanında ən böyük təcrübə Rusiya və Qazaxıstandadır. Müxtəlif ölkələrin olimpiadaları ilə tanışam. Görürəm ki, biz də o təcrübələrdən yararlanırıq. Bunu statistik göstəricilər də sübut edir. Bizim şagirdlər dünya olimpiadalarının hər birində iştirak ediblər. Hələ medalsız qayıtdıqlarını xatırlamıram”.

Onun fikrincə, bölgə məktəblərində xeyli güclü müəllim var. Amma olimpiada çox spesifikolduğuna görə, bu istiqamətdə müəllim qıtlığı var:

“Olimpiadadan dərs deyən kadr müəyyən tələblərə cavab verməlidir. İstərdim, müəllimlərə olimpiada hazırlığı keçirilsin. Düzü, artıq bu sahədə addım atılıb. Məsələn, keçən il müəllimlərin Riyaziyyat olimpiadası keçirildi. Bu, olimpiadanın kütləviliyinə təsir edən amillərdən biridir. Düşünürəm ki, gec-tez olimpiada üzrə ixtisaslaşmış müəllimlərimiz ortaya çıxacaqlar. Sadəcə, hər şeyi mərkəzləşmiş şəkildə etmək mümkün deyil. Çünki bu, həddindən çox vəsait və enerji tələb edir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları