Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-21 17:03:27
ABŞ universitetinə qəbul olunmuş QAZİ: “Hədəfim bacarıqlı mühəndis olmaqdır” - MÜSAHİBƏ

Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ili üçün seçilənlərin adları müəyyən olunub.

  

İlkin siyahı üzrə xarici ali təhsil ocaqlarına qəbul olunan 134 nəfər gənc arasında Vətən müharibəsinin qazisi Cavid Əliyev də var. O, Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşüb.

 

AzEdu.az saytı Cavid Əliyevlə söhbətləşib. Onunla müsahibəni təqdim edirik: 


- Cavid bəy, özünüz haqqında oxucularımza bir qədər geniş məlumat verərdiniz…

 

- Mən Cavid Əliyev, Sumqayıt şəhərində anadan olmuşam. Sumqayıt Özəl Türk Liseyini bitirmişəm. Qafqaz Universitetində ali təhsil almışam. Ardınca Cənubi Koreyanın Ali və Texnologiya İnstitutunu elektrik mühəndisliyi və biznes texnologiyasının idarə edilməsi ixtisası üzrə bitirmişəm.
Daha sonra Azərbaycana qayıtmış və müxtəlif şirkətlərdə çalışmışam. Son olaraq İqtisadiyyat Nazirliyində işləmişəm.
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na uyğun olaraq ABŞ-ın Minnesota Universitetinə qəbul olunduğuma görə, hazırda heç bir yerdə çalışmıram. 


- Abituriyent olarkən hansı ixtisasa yiyələnmək istəyirdiniz?
 

- Abituriyent olarkən hədəfim hər zaman mühəndislik olmuşdu. Çünki mühəndislərin əldə etdiyi yeniliklər, texnoloji, elmi araşdırmaları hər zaman diqqətimi çəkmişdi. Mühəndis olmaq üçün can atmışam. Buna görə də Qafqaz Universitetinə daxil olarkən ilk ixtisasım komputer mühəndisliyi olub. Həmin ixtisasa 600 balla dövlət sifarişi əsasında qəbul olunmuşdum. Daha sonra isə dünyada top 50-likdə və əsasən elektrik mühəndisliyi ilə 13-cü yerdə olan Korea Advanced Institute of Science & Technology-yə (KAİST) qəbul olundum. Mühəndislik təhsilimi orada davam etdirdim. 


No description available.

- Hərbi xidmətə yollanarkın haradasa təhsil alırdınız?
 

- Qafqaz Universitetində 2 il təhsil aldıqdan sonra KAİST universitetində bakalavr pilləsini bitirmişəm. Hərbi xidmətə gedənə kimi zamanım burada keçib.
 

- Deyəsən müharibədə yaralanmışdınız…


- Müharibəyə könüllü olaraq yollanmışam. Həmin dövrdə mülki şəxs idim, çalışırdım. Müharibədə partlayış dalğasına məruz qalıb xəsarət almışam. 


- Hərbi xidmətdə olduğunuz dönəmdə yaddaşınızdan silinməyəcək hansı xatirələriniz var?
 


- Hərbi xidmətdə olduğum dönəmdə Azərbaycan xalqının birliyi, əsgərlərimizin göstərdiyi əzmkarlıq, düşmənə qarşı qətiyyətli mübarizə, qorxmadan, dayanmadan irəli getmələri nəinki mənim, heç bir azərbaycanlının xatirəsindən silinməyəcək. 


- Xaricdə təhsil üçün Dövlət Proqramına müraciət etməyiniz hansı zərurətdən doğdu?
 


- Qəbul olunduğum universitetdəki təhsil və yaşayış xərclərimin qarşılanmasında dəstəyə ehtiyac duydum. Çünki xərclər mənim gəlirlərimi kifayət qədər aşır. Bu xərcləri qarşılamaq hazırda mənim üçün real görünmür. Ona görə də Dövlət Proqramına müraciət etdim. 


No description available.

- Bu ixtisası seçməkdə hədəfləriniz nələrdir?
 

- Seçdiyim ixtisas təchizat zənciri və əməliyyatların idarəolunmasıdır (Supply Chain Management). Bu ixtisas artıq pandemiya dövründən sonra bir universitet ixtisası olmaqdan çıxdı və həyatımızın bir hissəsinə çevrildi. Çünki əsasən ərzaq və əczaçılıq sektorunda olan qıtlığı, çatışmazlıqları görəndə tədarük zəncirində xam maddədən son məhsula qədər olan prosedurun nə dərəcədə zəruri olduğunu, istehsalatın və hər bir nüansın strateji qərarlaradək olan məsələlərin hər kəsin bilməli olduğu bir sahə olduğunu düşündüm. Bu sahə daha çox təchizat və nəqliyyat olmaqdan çıxaraq strateji, rəqəmsal dünyada data üzərindən qərarların verilməsində mütərəqqi yenilikləri öyrədir. Həmin universitet də bilavasitə araşdırmaçı professorların dərs dediyi bir müəssisədir. Düşünürəm ki, ora bu sahəni öyrənmək üçün ən gözəl coğrafi məkandır. 


- Müharibə bir psixoloji travmadır. Etiraf edək ki, hər kəs bu qədər motivasiyalı qala bilməzdi. Qayıtdıqdan sonra təhsilinizi davam etdirmək üçün kimlər və nələr sizi motivasiya etdi?
 


- Sözsüz ki, müharibənin səbəb olduğu sarsıntılar düşündüyümüz qədər tez keçmir. Bunun üçün güclü olmaq lazımdır. Ətrafımızdan gələn dəstək çox zəruridir. Bunları aşmaqda doğmalarım, ailə üzvlərim, dostlarım hər zaman yanımda olub dəstək göstərdilər. Travmaları, sarsıntıları aşmaqda mənə kömək etdikləri üçün hər birinə minnədaram.

 

- Əsas dəstəkçiləriniz kimlərdir - ailəniz, dostlarınız yoxsa özünüz?

 

- Ümilikdə, motivasiya məsələsində insanın ən birinci dəstəkçisi özü olmalıdır. Çünki özü buna təşəbbüs göstərib çalışırsa, ətrafdakı dəstəklər burada triggers dediyimiz tətik rolunu oynayır. Özünün cəhdləri və abmisiyaları ən vacib faktordur. Müalicəmiz məhz bizim əlimizdədir. Maksimal dərəcədə iradə və güc taparaq, ailəmizin, dostlarımızın, ətrafımızın dəstəyini də bir araya gətirərək bütün bunların ahəngiylə yeni həyata başlamaq olar. Əsas dəstəkçilərim başlıca olaraq özüm, ailəm və dostlarım olmuşdur.

 

No description available.

- Son olaraq gənclərə nə demək istəyərdiniz?
 

- Təhsil çox vacib bir faktor olaraq hər zaman qalır. Azərbaycanımızın inkişafı, onu əhatə edən sahələrdəki boşluqların aradan qaldırılması üçün cəhd etsinlər. Ən ali, mütərəqqi universitetlərdə təhsil alıb ölkəmizə qayıdaraq aldıqları təhsili burada tətbiq etsinlər. Çünki hazırda inkişaf edən Azərbaycan üçün bunlar çox vacibdir. Cəbhədə əlbir olduğumuz kimi, burada da əl-ələ verib ölkəmizin sənayə və elm sahəsindəki inkişafını təmin edək.