Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-08 09:21:05
“Xaricdəki beyin bankımız” - Fransada çalışan soydaşımız: “Azərbaycana qayıtmaq istəyirdim, amma...” - MÜSAHİBƏ

Müasir Azərbaycan qapılarını dünyaya geniş açıb. Son illər ölkəmizdə gənclərin xaricdə təhsili üçün müxtəlif proqramlar icra olunur. Nəticədə çox sayda gəncimiz dünyanın bir sıra qabaqcıl universitetlərində təhsil  almaq imkanı qazanıb. Şübhəsiz ki, atılan addımlar Azərbaycanın xaricdə “beyin bankı”nın yaranması, intellektli mütəxəssis və ya kadrların formalaşması istiqamətində bir çığırdır. Yeri gəlmişkən, son illər xaricdə təhsil alan azərbaycanlı gənclərin bir çoxu mütəxəssis kimi formalaşandan sonra geri dönməyərək, dünyanın müxtəlif ölkələrində çalışmağı üstün tuturlar.
Bu mənada bəzən prosesi "Azərbaycandan xaricə beyin axını var" kimi qiymətləndiririk.

AzAdu.az saytı bu tendensiyanı nəzərə alıb "Xaricdəki beyin bankımız" adlı rubrikaya başlayır.
Bu rubrikada ilk müsahibimiz hazırda Fransada yaşayan Raqub Qarazadədir.

O, 20 oktyabr 1990-cı ildə İsmayilli rayonunun Zoğallıq kəndində dünyaya göz açıb. Orta təhsilini İsmayıllı rayonunundakı 1 saylı orta məktəbdə bitirib. Ali təhsilini Prezident yanında Dövlət İdarəçilik Akademiyasında inzibati idarəetmə ixtisası üzrə alıb.

Fransanın Burgogne Universitetində regional iqtisadiyyat və idarəetmə ixtisası üzrə magistr təhsilinə yiyələnib. Daha sonra növbəti "Master 2" magistr təhsilini Paris Urbanizm İnstitutunda nəqliyyat və mobillik ixtisası üzrə davam etdirib. Hazırda "SYSTRA" şirkətində nəqliyyatın planlaşdırılması üzrə məsləhətçi vəzifəsində çalışır.

Azedu.az Raqub Qarazadə ilə söhbəti təqdim edir:

- Niyə xaricdə təhsil almaq fikrinə düşdünüz?

- Xaricdə təhsil almaq istəyimin əsas səbəbi perspektivli və əlverişli şərtlərlə iş tapmaq idi. Azərbaycanda tələbə olarkən bu barədə düşünürdüm. Azərbaycan reallığını nəzərə alaraq, xaricdə təhsil almaqdan başqa imkan və variant görmürdüm. Əsas səbəb bu idi.

- Xaricdə təhsil almağın çətinlikləri nələrdir?

- Qarşılaşdığım iki böyük çətinlik olub. Birincisi dil baryeri idi. Hər nə qədər dil sertifikatını əldə etsəm də, dil baryeri xaricdə təhsil aldığım ilk aylarda özünü göstərirdi, çətinlik yaradırdı. İstər gündəlik kommunikasiyada, istərsə də dərs materiallarının anlaşılmasında çətinliklərim olurdu.
İkinci çətinliyim isə daha çox təhsil sisteminin fərqli olmasından irəli gəlirdi. Bu da zaman alır və adaptasiya olunduqdan sonra "daşlar yerinə oturur".
Azərbaycandan Fransaya təhsil üçün gələn tələbənin adaptasiya müddətinin uğurla keçməsi onun sonrakı təhsil həyatına da müsbət təsir göstərir.


No description available.

- Azərbaycan və Fransa təhsil sisteminin oxşar və fərqli cəhətləri hansılardır?

- Açığı bu suala cavab vermək mənim üçün bir az çətindir. Təhsil üzrə ekspert deyiləm və fərqləri ancaq öz prizmamdan ifadə edə bilərəm. Fransa təhsil sistemi fərqlidir. Universitetin təhsil sistemləri ilə özəl kommersiya məktəblərinin təhsil sistemləri fərqlənir.
12 ildir Azərbaycanda deyiləm və gördüyüm, eşitdiyim, bildiyim qədər Azərbaycan təhsil sistemində də dəyişikliklər baş verir.
Fransa təhsil sistemi analitik düşüncə tələb edir. Bunu nə üçün vurğulayıram? Azərbaycanda orta məktəbə qəbul olunmaq üçün yalnız testləri həll etmək gərəkdir. Mən abituriyent olan zaman qəbul imtahanları testlərdən ibarət idi. Amma Fransa təhsil sistemi açıq suallar, fəlsəfi düşüncə tələb edir. Şagirdlər bütün sahələrdə fəlsəfi suallarla qarşılaşırlar. Açıq düşüncə və tənqidi yanaşma Fransa təhsil sisteminin fərqli və üstün tərəfləridir.

- Niyə Avropada universitetlərin giriş qapısı geniş açılır, amma çıxış qapısı dardır?

- Əslində bu suala dəqiqlik, aydınlaşma gətirmək istərdim. Bir məsələni unutmamalıyıq ki, Fransada "BAC" serifikatı var, orta məktəbi bitirəndə təqdim olunur. “BAC” imtahanı kifayət qədər ciddi imtahandır. Burada fərqli postlarda çalışan adamlarla söhbət etmişəm. Fransada "BAC" imtahanını qazanıb diplom almaq, universiteti bitirib diplom almaqdan daha çətindir. Çünki kifayət qədər mürəkkəb imtahandır. Ona görə də Fransada ali məktəbə qəbul üçün əlavə imtahanlara ehtiyac qalmır. Bu da kifayət qədər rasional yanaşmadır. Hər kəsə təhsil alma imkanı verilir. Orta məktəbi bitirib, "BAC" sertifikatı alandan sonra universitetə qəbulla bağlı növbəti imtahan məntiqə uyğun deyil.
Azərbaycan təhsil sistemi fərqlidir. Universitetə qəbul üçün Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanını keçmək lazım gəlir. Fransada isə orta məktəbi bitirmək üçün "BAC" imtahanı verilir və o diplomla universitetlərə təqdim olunur.


No description available.

- Azərbaycan təhsilinin Fransa təhsil sistemi ilə ayaqlaşması üçün nələr edilməlidir?

- Fransa təhsil sistemi ekspert və analitiklər tərəfindən kifayət qədər tənqid olunur. Fransa təhsil sisteminin bizim üçün ən uyğun model olduğunu düşünmürəm. Məncə, məsələyə bir qədər geniş pəncərədən baxmaq lazımdır. Təhsil modeli seçməliyiksə, bir neçə təhsil sisteminin hibrid şəkildə müxtəlif yaxşı tərəflərini götürə bilərik. Biz daha çox Türkiyə təhsil sisteminə uyğunlaşmalı və yaxınlaşmalıyıq.

- Avropanın əmək bazarında daha çox hansı sahələrə tələb var?

- Avropanı deyə bilmərəm, amma Fransa əmək bazarındakı tələblər çox sürətlə dəyişir. Dəyişikliklər texnologiya və süni intellektlə bağlı olur. İnformatika və mühəndislik sahələrinə kifayət qədər ehtiyac var. Süni intellektin əmək bazarına təsirlərinə dair fərqli yanaşmalar var. Son illər Fransada orta məktəb müəllimi qıtlığı var. Kadr tapa bilmirlər. Əsas səbəb kimi, iş və şərtlərin cəlbedici olmaması göstərilir. Artıq Fransada da elm və öz cəlbedicliyini itirməkdədir. Kadr tapmaqda çətinlik çəkirlər.

- Avropaya təhsil almağa gedən azərbaycanlı gənclərin çoxu sonradan geri qayıtmaq istəmir. Səbəblər hansılardı?

- Özümdən başlamaq istərdim.Avropaya təhsil almağa gələndə "burada qalacağam" kimi bir düşüncəm olmayıb. Fikrim təhsilimi bitirib ölkəmə qayıtmaq idi. Amma sonra vəziyyət elə gətirdi ki, Fransada işləmək imkanım oldu. Zamanla işimə davam etdim. Kimsə Azərbaycandan təhsil yolu ilə Avropa gəlirsə, orada da təhsilini başa vurub, öz sahəsi üzrə işləyə bilirsə, bu, böyük uğur sayılmalıdır. Avropa əmək bazarı rəqabətli əmək bazarıdır və Azərbaycandan gələn tələbələr üçün burada rəqabət aparmaq ikiqat çətindir. Yaxşı olardı ki, Avropada təhsil alandan sonra burada qalıb  işləyən gənclərimiz təcrübə qazandıqdan sonra Azərbaycana qayıtmaq barədə düşünsünlər. Amma Azərbaycanda da iş şəraiti kifayət qədər ürəkaçan olmalıdır. Azərbaycanda iş mühitindəki bəzi çətinliklər Avropadakı gənclərimizə maraqlı və rasional görünmür. Söhbət işin şərtlərindən və maliyyədən getmir. Ümid edirəm ki, bir gün elə imkan yaranacaq ki, hər birimiz Avropda qazandığımız təcrübəni ölkəmizdə tətbiq edib, məmləkətimizə fayda verə biləcəyik.

-Azərbaycandan xaricə "beyin axını" var, bu tendensiya getdikcə güclənir, nəticə necə olacaq?

- Bəli, Azərbaycandan xaricə "beyin axını" var və bu, danılmaz faktdır. Bunun üçün mütləq şəkildə nələrsə edilməlidir. Ümumilikdə ölkədə sosial şərait yaxşılaşmalıdır, ictimai-siyasi həyat daha cəlbedici olmalıdır. Ən parlaq beyinlər ölkədən çıxır və bu beyinlərin sahibləri aktiv olan insanlardır. Fərqli sahələrdə aktiv rol oynamaq, söz sahibi olmaq istəyən gənclərdir. Onlar Azərbaycanda bu şəraiti tapmırlar və yaxud məhdud şəkildə tapırlar. Fikrimcə, bir və ya iki tədbir planı ilə "beyin axını"nın qarşısını almaq mümkün deyil. Azərbaycanın ümumi siyasi, iqtisadi, ictimai ekosistemi daha produktiv olmalıdır. Bu yol da çox uzundur. Azərbaycanda gənclərə qərar qəbul etməyə imkan verilməlidir. Gənclərin istər iş, istərsə də şəxsi yaşam tərzi yaxşılaşdırılmalıdır.

- Prosesin qarşısını almaq, daha doğrusu gedənlərin ölkəyə qayıtması üçün hansı addımlar atılmalıdır?

- Azərbaycana qayıtmağı çox istəyirəm, amma bunun üçün münbit şərait yoxdur. Əsas iş imkanları Bakı şəhərindədir. Bakını digər şəhərlərlə müqayisə etsək, şahidi olarıq ki, yaşamalı şəhər deyil. Bakının nəqliyyat və hava problemi var. Azərbaycana qayıdacağım təqdirdə Bakıdan kənarda yaşamaq istəyirəm. Bu da qərar verəcəyim təqdirdə mənim üçün önəmli məqamdır.


No description available.

- Fransada nəqliyyat sektorunda çalışırsınız. Bir azərbaycanlının xarici ölkədə belə bir uğura imza atması asan məsələ deyil. Bunun çətinlikləri hansılardır? Nə kimi problemlərlə üzləşmisiniz?

- Azərbaycandan Fransaya gəlib və burada iş tapmaq asan deyil. İkiqat çətinliklər var. Burada iş tapa bilməyin açarlarından biri təcrübə keçə bilməkdir. Bu, çox önəmlidir. Azərbaycan təhsil sistemində təcrübəyə çox önəm verilmir, amma Fransa təhsil sistemində üstün tərəflərdən biri budur. Əsas çətinliklərdən biri də bürokratik əngəllərdir. Fransada vətəndaşlıqla bağlı çətinliklər olur. Təhsili başa vurduqdan sonra əmək bazarına baş vurmaq və orada fərqlənmək ağır bürokratik prosedurdur. Bunun ağırlığını iş axtaran deyil, işə götürən də öz üzərinə götürməlidir. Onlar hansısa azərbaycanlını deyil, fransızı işə götürmək daha asan başa gəlir. Bu kimi çətinlikləri nəzərə alanda Fransa əmək bazarında iş tapmağın çətinliyini anlamaq olur.

- Azərbaycan elmini dünya elm arenasına çıxarmaq üçün nələr edilməlidir?

- Təhsil həyatında tutarlı islahatlar aparılmaldır. Azərbaycanda bacarıqlı şəxslərin potensialı üzə çıxarılmalıdır. Onun potensialı özünü doğruldana qədər izlənilməlidir. Bir məsələni yadda saxlayaq ki, hər kəs ali təhsil almalı deyil. Təhsil sistemi məşğulluğa və iqtisadiyyata töhfə verməlidir. Deməli, təhsil sistemi hər kəsə istədiyi imkanları verməlidir. Elmi dünya arenasına çıxarmaq üçün islahatlar mütləqdir. Ali təhsil sistemi elm, araşdırma sahəsi elm sahəsinin ana sütunudur. Doktorantlar və aspirantlar yetişdirilməldir. Bu sahədə ciddi dəyişikliklər olmalıdır. Azərbaycan hələ sovet modelində qalıb. Bir qədər praqmatik yanaşma gərəkir. Elə mövzular seçilməldiir ki, sənaye sahələrinin inkişafına töhfə versin. Müəllim, pedaqoji heyət və doktorantlar üçün şərait olmalıdır. Dünyadakı qabaqcıl modellər öyrənilməlidir.