Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-20 09:13:29
“Yaxşı müəllim olmaq üçün...” - “İlin Gənc Müəllimi” ilə MÜSAHİBƏ

Yəqin ki, AzEdu.az portalının Milli Məclisin Mədəniyyət Komitəsi ilə birgə keçirdiyi "İlin Gənc Müəllimi" müsabiqəsi oxucuların xatirindədir. 

 

Bu müsabiqə nəticəsində öz fəaliyyəti ilə şagirdlərə, eləcə də müəllim həmkarlarına dəstək olan, müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan ən yaxşı 10 gənc pedaqoq mükafatlandırılmışdı.

 

"İlin Gənc Müəllimi" müsabiqəsinin qalibləri ilə silsilə müsahibələr təqdim edəcəyik. İlk müsahibəmiz "Qabaqcıl təhsil işçisi" döş nişanı,"Tərəqqi" medalının sahibi, "Beynəlxalq müəllim" müsabiqəsinin qalibi Samirə Əmrahovadır.

- Samirə xanım, zəhmət olmasa, özünüzü oxucularımıza təqdim edərdiniz...

- Mən Samirə Əmrahova, Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimiyəm.


- Abituriyent və tələbə Samirə arasında fərqlər və oxşarlıqlar hansılardı?

- Bir çox abituriyentlər kimi günümü ancaq dərs oxumaqla keçirirdim. Tələbəlik illərim isə olduqca maraqlı keçib. Həm dərslərimdə, həm universitetin ictimai tədbirlərində fəal olmuşam. Bir çox savadlı pedaqoqlardan dərs almışam. Professorlar Afat Qurbanov, Abbas Hacıyev, Əzizxan Tanrıverdiyev, dosent Məmmədxan Soltanov və digər ziyalıların hər birinin elmindən maksimum bəhrələnməyə çalışmışam.


- Universitetdə hansısa sosial fəaliyyətlə məşğul olmusunuz?


- Tələbə Elmi Cəmiyyətinin üzvü idim. Universitetdə keçirilən konfranslara tezis və məqalələrimlə qatılırdım. “Şən və Hazırcavablar Klubu”nun da üzvü olmaqla ssenari və satirik şeirlər yazaraq komandaya töhfəmi verirdim.

 

- Niyə müəllimlik peşəsini seçmisiniz?


- Bu peşəni mənə atam sevdirib. Uşaqlıqdan arzulamışam ki, atam kimi şagirdlərini sevən, onlara qayğı göstərən, elmi həvəslə öyrədən müəllim olum. Bundan əlavə müəllimlərim də mənim üçün ideal olublar. Bu peşəni daha çox sevməyimin digər səbəbkarları isə şagirdlərimdir.

No description available.

- Müəllim olaraq ilk dərsdə hansı hisləri keçirirdiniz, həyəcan vardımı?

 

- Elə anlar olur ki, heç zaman unudulmur. İlk dərsimi indiki kimi xatırlayıram. Sinfə daxil olanda şagirdlərimi necə həvəslə  görmək istəyirdimsə, onlar da məni elə maraqla gözləyirdilər. Hətta onların məsum və ürkək baxışları da gözümün önündədir. Həyəcanlanmırdım, sevinirdim.


- Yaxşı müəllim olmaq üçün nələr etmək lazımdır?


- Müəllimim Afat Qurbanov bizə deyirdi: “Yaxşı müəllim ilk növbədə şagirdinin zövqünü oxşamalıdır, sonra beynini”. Pedaqoji təcrübəm də göstərdi ki, həqiqətən də belədir. Yaxşı müəllim nümunəvi geyinməli, nümunəvi davranmalı, peşəsini sevməli, öz ixtisasının dərinliyinə qədər mükəmməl biliyə sahib olmalıdır. 


- Heç sizi çətin vəziyyətə salan şagirdləriniz olub?


- Xatırlamıram. Məncə, heç vaxt olmayıb. Hər zaman şagirdlərimin sevgisini qazanmağı bacarmışam.


- “İlin Gənc Müəllimi” müsabiqəsinə qatılmaqda gözləntiləriniz nə idi? Özünüzü necə motivasiya edirdiniz?

- Ümumiyyətlə, bu müsabiqəyə böyük həvəslə qatılmışdım və qalib olmağı hədəfləmişdim. Meyarlara tam cavab vermək üçün daha çox çalışmışdım. Gözləntilərim reallaşdı. ”İlin Gənc Müəllimi” müsabiqəsi həyatımda çox şeyi dəyişdi, mənim üçün bir motivasiya oldu. Yeni dostlar qazandım, yeni əməkdaşlıqlara başladıq, yeni layihələr icra etdik. Qarşıda hələ birgə çalışacağımız çox layihələr var.


- Qaliblərdən biri olduğunuzu öyrəndikdə hansı hisləri keçirdiniz?


- Əlbəttə ki, çox sevindim.


- İş və ailə qayğılarını idarə edə bilirsinizmi? Ev işlərini necə yola verirsiniz?


- Çalışıram ki, hər işimin öhdəsindən vaxtında gəlim.

- Dərsdən əlavə repetitorluqla məşğul olursunuzmu?


- Bəli.

- Uğur qazanmaq üçün özünüzə həmişə diqtə etdiyiniz nədir?

- Məqsədə nail olmadan yorulmaq və həvəsdən düşmək olmaz!

No description available.


- Nə vaxt “çox çalışdım, bu qədər bəsdir” deyib sosial və iş fəaliyyətinizə son verməyi düşünürsünüz?

- Bu barədə düşünmək çox tezdir. Bundan sonra daha çox çalışmağı qarşıya məqsəd qoymuşam.


- Son olaraq həmkarlarınıza bildirmək  istədiyiniz nələrsə var?

- Şagirdlərə sevgi ilə yanaşsınlar, şagird şəxsiyyətini uca tutsunlar, onların potensialını düzgün qiymətləndirsinlər və gələcək uğurlarına stimullaşdırsınlar. Unutmasınlar ki, bu gün parta arxasında oturan hər hansı bir şagird gələcəkdə Azərbaycanı dünyada tanıtdıracaq bir şəxs, alim, siyasətçi, sənətçi ola bilər.