Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-05 10:04:00
Bakıda təhsil alan iranlı tələbə: “Yaxşı bir cərrah olmaq istəyirəm” - MÜSAHİBƏ

Bir çox ölkələrdə xaricdə təhsil almaq prestij sayılır. Xaricdə təhsil almaq üçün hər kəsin müəyyən səbəbləri və hədəfləri var. Bəziləri xaricdə təhsilin daha yüksək səviyyədə təşkil olduğuna inanır, digərləri bunun karyera qurmağa kömək edəcəyini düşünür, başqaları həm də mühitin ona müsbət enerji verəcəyinə ümid edir. Amma səbəb nə olursa olsun, xaricdə təhsil almaq istəyənlərin sayı artır.



Azərbaycanlı gənclər təhsil üçün xaricə getdiyi kimi, əcnəbilər də bizim ölkəyə gəlirlər.



Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2022-2023-cü tədris ilində Azərbaycan universitetlərində 110 ölkədən 9000-ə yaxın xarici vətəndaş təhsil alır.



AzEdu.az saytı Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə silsilə müsahibələr təqdim edir.

 

"Xarici tələbə" rubrikasında növbəti müsahibimiz İran vətəndaşıdır. Hazırda Azərbaycan Tibb Universitetinin (ATU) I Müalicə-profilatika fakültəsində bakalavr təhsili alan 3-cü kurs tələbəsi Negar Barzintond ilə söhbəti təqdim edirik.

 

- Negar xanım, İranın hası bölgəsindən gəlmisiniz?

 

- İranın Urmiya şəhərindənım.

 

- Necə oldu ki, xaricdə təhsil almaq qərarına gəldiniz?

 

- İranda tibb fakültəsinə qəbul olunmaq çox çətindir. Və qəbul olunsan da, ali təhsili başa çatdırmaq da çətindir. Buna görə də xarici ölkədə təhsil almaq istəyim vardı, Avropa ölkələrinə getmək istəyirdim.

 

 

- Bəs nə üçün təhsil ala biləcəyiniz digər xarici ölkə olduğu halda Azərbaycanı seçdiniz?

 

- İlk olaraq öz ölkəndən çıxıb xaricə təhsil almaq üçün getmək istədikdə, özünə daha yaxın ölkə axtarırsan. İrana qonşu olan Azərbaycanda daha rahat olcağımı düşünüb, buranı seçdim.

 

Açıklama yok.

 

- Bakıya gəlməkdən peşiman olmamısınız ki?

 

- Hazırda burda olmaqdan çox razıyam. Tək problemim burada tibb sahəsində praktikaya diqqətli yanaşılmamaqdır. 


- Ümumiyyətlə, burdakı tələbəlik həyatınızda çətinlikləriniz olurmu?

 

- Əlbəttə ki, çətinliklər olur. İlk olaraq miqrasiya işləri ilə bağlı çətinlik çəkirik. Hər il təkrar prosedurlar. Təəssüf ki, quru sərhədin bağlı olması da bir sıra problemlərə səbəb olur. Gediş-gəliş daha çətindir deyə, ailəmizi daha az görürük. Digər bir problem, burada tələbələrin sğortasının olmamasıdır. Səhhətimizdə hansısa problem yarandığı halda, müalicə üçün çoxlu pul tələb edilir.
 

- Ay ərzində təqribi nə qədər xərciniz çıxır?

 

- Təxminən 200-300 manat arası, bəzən isə daha çox xərcim çıxır.

 

- Universitetdə illik təhsil haqqı ödəyirsiniz?

 

- Azərbaycan Tibb Universitetinə illik olaraq 4000 dollar təhsil haqqı ödəyirəm. Hər semestr başlanğıcı 2000 dollar.

 

- Bəs sizə tələbə təqaüdü verilirmi?

 

- Xeyr, xarici tələbələrə təqaüd verilmir.

 

- Tibb ixtisasını seçmək arzusu sizdə hardan qaynaqlanmışdı?

 

- Bu ixtisası sevirəm deyə, onu seçmişəm. Tibb sahəsində insan həyatı ilə daha yaxın olursan. İkinci ictimai səviyyəsinə görə mənə uyğun olduğunu düşünürəm.

 

- Ailənizdə həkimlik peşəsi üzrə çalışan var?

 

- Mənim atam da tibb sahəsi ilə məşğul olur. Bəzən onunla klinikaya gedirdim. Elə uşaqlıqdan da məndə bu peşəyə sevgi yaranmağa başladı.

 

- Xaricdə təhsil alan tələbələrin bəziləri öz ölkələrinə geri dönmək istəmirlər. Bəs siz necə?

 

- Təhsil aldığım ixtisas üzrə rezidenturaya mütləq hazırlaşmalıyım. Hazırda hansı ölkədə bu təhsili alacağıma qərar verməmişəm. Amma hansı ölkədə rezidentura təhsili alsam, o ölkədədə qalmağı planlaşdırıram.

 

Açıklama yok.

 

 

- Azərbaycan dilini bu qədər mükəmməl səviyədə öyrənməyi necə bacarmısınız?

 

- Bakıya ilk gəldiyim zamanlar yazmağı bacarmırdım. İndi də bəzən problem yaşadığım olur. Buna baxmayaraq, Azərbaycanda tanıdığım çox yaxın dostlarım var, onlar mənə bu dili öyrənməkdə kömək etdilər.

 

- Sizcə Azərbaycanda təhsil almağın üstünlükləri hansılardır?

 

- Digər ölkələrə nisbətən bura gəliş-gediş daha rahatdır. Yaşamaq üçün çox yaxşı yerdir. Burdakı təhlükəsizlik hissini başqa bir ölkədə yaşaya bilərəmmi, demək çətindir.

 

- Əsasən boş vaxtlarınızı necə keçirirsiniz?

 

- Boş zamanlarım universitet dərslərindən sonra olur. Vaxtımın böyük hissəsini klinikalarda praktika ilə məşğul oluram. Kitab oxumağı sevirəm. Əgər elmi kitabdırsa, daha çox marağımı çəkir. 

 

Açıklama yok.

 

- Sizi digər tələbələrdən fərqləndirən hansısa xüsusiyyətləri sadalaya bilərsiniz?

 

- Özümün daha aktiv olduğumu düşünürəm. Bəzən dostlarım "sənə bu enerji hardan gəlir, yorulmursanmı", - deyə suallar verirlər.

 

- Özünüzü gələcəkdə harda görürsünüz? İşinizi necə qurmağı planlaşdırırsınız?

 

- Yaxşı bir cərrah olmaq istəyirəm. İnsanların sağlamlığının keşiyində uğurla dayanacağımı düşünürəm.