Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-16 09:04:25
Xaricdəki beyin bankımız - “Xaricdə yaşayan azərbaycanlılar patriotdurlar” - MÜSAHİBƏ

AzEdu.az-ın "Xaricdəki beyin bankımız" adlı rubrikasının budəfəki qonağı hazırda Fransada yaşayıb işləyən Qəni Novruzovdur.


O, Fransada Franş-Komte Universitetinin Bank işi üzrə Magistr məzunu olub. Hazırda Kooperativ Bank modeli üzrə doktorantdır. Və BPCE Bank Holdinqində Kommunikasiya üzrə ekspert kimi fəaliyyət göstərir.

 


- Sizi xaricə aparan yol haradan başlayır?

 


- Uzun illər bundan əvvəlin qərarıdır, 17 yaşım vardı. Düzü təhsilimin ilk hissəsini Bakıda, Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakultəsində almışam. Xaricdə təhsil axtarışımın bir çox səbəbi vardı. Əvvəla təhsil, bilik axtarışı mahiyyətcə beynəlxalqdır. İnsan öz ölkəsində olanda da xarici professorların tədqiqlarını oxuyur, öyrənir. Məlumat universaldır. Deməli, təhsil almaq istəyinin özü əslində intellektin "beynəlxalq fəzaya" çıxmasından keçir. Bu da bəzən insanı uzağa getməyə həvəsləndirə bilir. Bu mənin seçimimin fəlsəfi izahıdır. Ancaq bu seçimin obyektiv səbəbləri də vardı. O zamanlar Bakı indiki kimi deyildi, universitetlər, kitabxanalar bir az geridə idi, kitablar, tərcümələr çox az idi, müəllimlər də adaptasiya prosesi yaşayırdılar, keçid dövrünün hər sahədə özünü göstərdiyi çağlar idi. İnternet hər kəsin, xüsusilə də rayondan gələn bir gəncin evində ola biləcək bir lüks deyildi. Ev demişkən, Bakıda ev, yataqxana məsələsi də tələbəlik həyatı üçün ciddi məhdudiyyət, hətta məhrumiyyət idi. Ən sonda, subyektiv bir səbəbi də qeyd etməliyəm, o yaşımda xaricdə təhsil almaq həm də bir imic, prestij, ya da fərqlənmə imkanı idi. Bir insanın hansısa çətin işə gücü və imkanı çatırsa, etməməsi israfçılıqdır.

 

- Bu yolun çətinlikləri hansılardı?

 


- Xaricdə təhsil almaq şəxsən mənə çətin gəlmədi. Əsas çətinlik dildə olur. Nə qədər yaxşı bilirsən bil, başqa dildə oxumaq, yazmaq, öyrənmək, 3 qat daha çox enerji tələb edir. Anlamaq üçün bir, yadda saxlamaq üçün bir, yazılı ya da şifahi ifadə etmək üçün bir əlavə enerji lazımdır. Bunu tanıdığım bütün xarici tələbələr deyirdi. Ancaq yoldaşlarım əyləncəyə gedərkən, mən ya evə, ya da kitabxanaya gedirdim ki, bu fərqi bağlayım. Təbii ki, ikinci çətinlik maddi baxımdan ola bilər. Ancaq mən dövlət təqaüdçüsü olaraq bu sarıdan əziyyət çəkmədim. Digər çətinlik uyğunlaşma məsələsində əmələ gəlir, yad ölkə, yad insanlar, yeni bir həyat qurursan. Bu da, qısa müddətdə aşılan bir məhdudiyyətdir, çünki xarici tələbələr sayca çoxdur və onları müşayiət edən qurum və assosiasiyalar var ki, kömək edirlər. Yenə də deyərdim ki, rayondan gəlmiş biri olaraq Bakıda tələbəlik, xaricdən gəlmiş biri olaraq Fransadakı tələbəlikdən mənə daha çətin olmuşdu.

 


-Azərbaycan və Fransa təhsil sistemləri arasında analogiya və differensiya aparsaq, oxşar cəhətlər tapa bilərikmi?

 


-Fransada universitetlərə qəbul üçüb əlavə imtahan yoxdur. Əgər abituriyent orta məktəbi bitirmə imtahanınından keçə bilmişdirsə, tibb sahəsindən başqa hər sahəyə müraciət edə bilər. Əlbəttə ki, universitetin özü namizədin qovluğuna, motivasiyasına, məktəbdəki qiymətlərinə baxaraq seçim edir. Ancaq, namizədi hər universitetin, hər fakültənin öz yerli qəbul komissiyası seçir. Yəni mərkəzləşmiş sistem yoxdur. Bu, yalnız tibb sistemində fərqlidir. Bu sahəyə yönələ bilmək üçün, əlavə Milli Konkurs imtahanından keçmək lazımdır. Başa düşüləndir, tibb sahəsi ən həssas, hətta ən əsas sahədir. Ona belə ayrı diqqət göstərilməsi, həm də həkim olmağın nə qədər uca və məsuliyyətli iş olduğunu xatırladır.

 

 

 

Digər maraqlı məqam odur ki, burada gənclərin öz bölgələrində təhsil alması üçün daha çox iradə göstərilir. Şübhəsiz, burada da ən prestijli universitet, Azərbaycanda Bakı olduğu kimi, Fransada da Parisdədir. Ancaq o universitetlərə xüsusi talantlı gənclər daxil olurlar. Sadəcə təhsil xətrinə təhsil alan gənclərin Parisə getməyə ehtiyacı olmur. Öz bölgəsində oxuyur, öz bolgəsində işləyir. Universitetlər də yerli əyalət orqanlarının və yerli iş ehtiyacının tələblərinə uyğun fakültələr açırlar. Yəni regional-iqtisadi ixtisaslaşmanın bir qanadı da universitetdə müəyyən edilir ki, yerli gənclər regional ehtiyaca uyğun bilik alsınlar. Hesab edirəm ki, təhsilin regionallaşmasında fayda vardır. Bu paytaxt üzərindəki demoqrafik təzyiqi də azaldır.


Bənzərliklər isə çox azdır. Bizdə orta təhsil vahid sistemdir. Fransada orta təhsil bir neçə hissədən ibarətdir və onların təşkil işlərində təkcə aidiyyətli nazirlik deyil, həm də yerli orqanların da rolu var. Ali təhsilin də xüsusi fərqləri var. Bizdəkindən fərqli olaraq, Fransada özəl universitetlərin imici çox yaxşıdır. Onlar birbaşa əmək bazarına yetkin kadr hazırlayırlar. Ən azından belə ad çıxarmışlar, baxmayaraq ki, dövlət universitetlərinin təhsili daha yüklü və məzunları daha məlumatlı olurlar. Bu baradə uzun müşahidələrim var, təəssüf ki, hamısını bir müsahibəyə sığdırmaq asan deyil.

 

- Niyə Avropada təhsil almaq çətindir, yəni universitetlərin giriş qapısı geniş açılır, amma çıxış qapısı dardır?

 


- Səbəb odur ki, Avropada universitetə bir şans kimi baxılır. Fransaya ilk gəldiyimdə tələbə biletimizin üstünə yazılan “Universitet bir fürsətdir, istifadə edək” cümləsini gördüyüm yadıma gəlir. İşarə ona edilir ki, hər kəsə təhsil fürsəti verilir. Ancaq yalnız diplomuna layiq olan onu əldə edə bilməlidir, çünki hər kəs əlinə düşən fürsəti düzgün istifadə etmir. Oxumaq sadəcə bir bacarıq məsələsi deyil, həm də çalışqanlıq, qətiyyət, iradə mövzusudur. Bu eyni zamanda gənclərə özləri haqda bir fikir sahibi olmaq imkanı da verir. İlk illər onlara şans verilir, qəbul olunurlar. Ancaq elə ilk illərdə çox sayda tələbə kursda qalır, növbəti ilə keçə bilmir və anlayır ki, təhsil onluq deyil. Ya həvəsi ya da bacarığı yetərsizdir. Gedir özünə başqa bir sahə, fəaliyyət və ya sənət seçir.

 

- Azərbaycan təhsilini "ayağa qaldırmaq" üçün nələr edilməlidir?

 


- Sistemlər dəyişə biləndir, Fransada təhsil reformu sıx-sıx baş verir. Həmişə sorğulayırlar, nə alınır, nə alınmır, niyə alınmır ? Niyə bəlli sahələrdə İngiltərə, bəzilərində Amerika qabaqdadır ? Gənclərin təhsilə inamını necə möhkəmləndirmək olar, eləcə də tədris və təhsil kadrlarının şərait və imkanlarını necə yaxşılaşdırmaq olar ? Yəni bu sistemin uğuru onun öz-özünü daimi və mütəmadi sorğulamasından keçir. Bu da istər-istəməz bir debat mədəniyyətinə ehtiyac yaradır. Tədris heyəti arasında, onların nümayəndələri ilə idarəçi orqanlar və nazirlik arasında, eləcə də tələbələrin bu dialoq prosesinə cəlb edilməsi ilə ardıcıl və daimi ünsiyyət bu sistemi təkmilləşdirir. Ancaq bütün bunlar o halda mümkündür ki, cəmiyyət bir dəfəlik olaraq qəbul etsin ki, təhsil onun gələcəyidir, o sosial barışığın da, siyasi sabitliyin də, iqtisadi inkişafın da tək qarantiyasıdır.


Azərbaycan xalqında bu potensial var. Sadəcə sorğulama və dialoq prosesini axıcılaşdırmaq lazımdır. Bizim bilik ocaqlarının tədris heyəti çox yaxşı bilir nəyi necə etmək lazımdır ki, onların gənclərə bilik ötürmə imkanı yüksək olsun. Deməli, onları dinləmək və qərarvermə prosesinə cəlb etmək lazımdır ki, sistemdə ardıcıl özünütəkmilləşdirmə ənənəsi başlasın.

 


- Avropa əmək bazarında hansı sahələrə ehtiyac duyulur?

 


- Demək olar ki, bütün sahələrə. Bunun obyektiv səbəbi odur ki, Avropada demoqrafik artım zəifdir, ancaq iqtisadiyyat resurssuz yaşaya bilməz, xüsusilə söhbət əmək resursundan gedirsə. Hər il, bütün sektorlarda insanlar pensiyaya gedirlər, onları əvəzləmək lazım olur. Bu da ancaq o halda mümkündür ki, yerli vətəndaşların arasında seçim azdırsa, ən az təhsilini burada almış gəncləri işə götürsünlər. Bu da xaricdən təhsil almaq üçün Avropaya gəlmiş gənclər üçün fürsətdir ki, iş tapıb, yerləşsinlər. Ancaq ölkədən ölkəyə fərq vardır. Almaniyada immiqrant işçi qüvvəsinə ehtiyac daha yüksəkdir, istər mütəxəssis olsun, istər ixtisaslaşmamış. Çünki Almaniya çox nəhəng bir iqtisadiyyatdır və orada doğum nisbəti onillərdən bəridir ki, çox aşağıdır. Fransa üçün bu ehtiyac problem səviyyəsində sayılmaz, ancaq son illər ixtisaslaşmış kadrlara əmək bazarında ehtiyac duyulur. Başda informatika və buna yaxın sahələr gəlir. Sonra menecment, texniki sahələr, mühəndislik kimi məsləklərdə də tələb çox görünür.

 

- Avropaya təhsil almağa gedənlərin əksəriyyəti ölkəyə qayıtmaq istəmir. Real səbəblər hansılardır ?

 


- Səbəblər müxtəlifdir. İstisnalar da çoxdur. Şəxsən tanıdığım iki azərbaycanlı gənc, burada onlarca iş fürsəti olmasına baxmayaraq qayıtdılar vətənə. Çünki insanın xarakterinə əsasən uğur və xoşbəxtlik meyarları dəyişir. O gənclər, ona görə əziyyət çəkib oxumuşdular ki, öz dediklərinə görə onun fəxrini öz ölkələrində yaşasınlar. Ancaq etiraf etmək lazımdır ki, maaş amili çox ciddi rol oynayır. Nəticədə daha çox qazanmaq imkanı olduqda, insanlar üçün seçim etmək üçün konkret bir ölçü olur. Azərbaycana qayıdıb, sonradan başqa ölkələrə gedənlər də tanıyıram. Onlar əsasən maaşı yetərsiz sayan gənclərdir.


İkinci qaynağı getmək səbəbində axtarmaq lazımdır. İnsan niyə xaricə getmək istəyər? Bu da fərdin xarakteri, arzuları, prioritetlərinə bağlıdır. Xaricə getmək asan iş deyil, sevdiyin insanlar, ailən, qohumların, dostların, hamısını ildə bir dəfə görməklə barışmalı olursa, bəzən daha seyrək. Ancaq onu xaricə aparan motivlər daha güclü olduqda bu seçimlə barışmaq lazım gəlir.

 


- Azərbaycandan xaricə "beyin axını" güclənir, nəticə necə olacaq?

 


- "Beyin axını" mahiyyətcə insan axınıdır ki, bir varlıq olaraq insanın yaranışından onun təbiətindədir. Bu problem, əgər buna problem demək olarsa, universaldır. Fransada da bundan gileylənənlər var ki, gənclərimiz başqa ölkələrə gedirlər (İsveçrə, İngiltərə, Şanxay, Kaliforniya və s.). Bu qarşısı alınmaz prosesdir. Çünki, bəzi dünya ölkələri “beyin axını"nı öz ölkələrinə çəkmək üçün ciddi “cəlbedicilik” siyasəti aparırlar. Bunun da filtri universitetdir. Hansısa gənc özünü yerli universitetdə sübut edə bilirsə, deməli, onun beyin potensialı var və o yerli əmək bazarına faydalı ola bilər. Sonda onu da deyim ki, söhbəti gedən axın təkcə "beyin axını" da deyil. İxtisaslaşmamış işçi qüvvəsinin də köçü həm dünya miqyasında, həm bizim ölkədə uzun müddətdir ki, mövcuddur. Xaricdə yüzminlərlə yerlimiz yaşayır və onların az bir hissəsi təhsil xətti ilə getmişlərdir. Dediyim kimi, bu təbiidir, insan təbiətcə köçəri varlıqdır.

 

- Prosesin qarşısını almaq, daha doğrusu gedənlərin ölkəyə qayıtması üçün nələr edilməlidir?

 


- Prosesin qarşısını almaq doğru olmazdı. Bu Sovetlər İttifaqının “dəmir divarları”ına ehtiyac yaradardı ki, bu da uğursuz olmuşdu. Amerika komputerlərini ölkəyə idxal etmək məcburiyyətində qaldıqda SSRİ elitası artıq sisteminin limitini dərk etmişdi. Fəqət, gedənlərin ölkəyə qayıtmasını təmin etmək olar. Bir qayda olaraq xaricdə yaşayan azərbaycanlılar patriotdurlar, torpağını, yurdunun insanını, mətbəxini, adətini, ailəsini sevən insanlardır. Bunu şişirtmədən deyirəm, çünki digər xarici millətlərin üzvləri ilə də ünsiyyətdə bu fərqi görürəm.


Hesab edirəm ki, ölkəmizdə yaşayış standartları yaxşılaşdıqca, geri dönənlərin sayı arta bilər. Nəqliyyat, mənzil, su, tibb, gigiyena, sığorta və təkrar edirəm maaş kimi meyarlarda yüksəliş olduqca insanlar qürbətə daha az bağlanacaqlar. Şübhəsiz, karyera şanslarının bərabər olması faktı da burada özünü göstərməlidir.

 


- Yanılmıramsa, Fransada bank sektorunda çalışırsınız. Bir azərbaycanlının əcnəbi bir ölkədə belə bir uğura imza atması asan məsələ deyil. Bunun çətinlikləri hansılardır? Nə kimi çətinliklərlə üzləşmisiniz?

 


- Bəli, bank işi üzrə təhsilimi bitirdikdən sonra, elə bu sahədə karyerama başladım. Artıq 10 ildir, bu sektordayam. Elmi işimi də bu sahə ilə bağlı yazıram. Doğrudur, asan olmadı, nə başlamaq, nə də irəliləmək. Ancaq insan çalışdıqda onu seçən mütləq olur. Avropalılar meritokratiya prinsipinə, yəni layiq olana haqqını vermək ənənəsinə sadiqdirlər. Bu həmişə və hər yerdə özünü göstərməsə də, əksər biznes və dövlət qurumları bu məntiqlə fəaliyyət göstərir. Xaricilər adətən yerlilərdən daha çox çalışqanlıq göstərirlər, bəzən özlərini sübut etmək üçün. Əsas çətinlik budur. Həyata və karyeraya sıfırdan başlayır insan. Tanışlar, məlumat alacaq, kömək edəcək, istiqamət verə biləcək insanlar ətrafda azdırlar, ya da yoxdurlar. Tək hərəkət etmək məcburiyyəti var. Kökündən çıxarılıb, başqa, hətta daha münbit torpağa əkilən bitki kimi, o torpağa oturuşmaq üçün zamana və şövqə ehtiyacın var. Çox ünsiyyətcil olmaqla bərabər, çox da ehtiyatlı olmalısan. Burada insanın dediyi hər sözə diqqət edilir. Bir səhv cümlə ilə bir ildə qurduğun münasibətlər toplusu alt-üst ola bilər. Diplomat olmalı, yerlilərdən də daha nəzakətli olmalısan. Davranışların bilik və bacarıqlarını tamamlamalıdır. Bir yerlinin etdiyi mənfi hərəkət belə, xarici tərəfindən edildikdə daha çox diqqət çəkir. Yəni, gözlər səndədir. Bu bəzən də fürsətdir. Sənə baxan gözlərə keyfiyyətlərini göstərməli, qüsurlarını gizlətməlisən. Onda alınır.

 


- Azərbaycan elmini dünya elm platformasına çıxarmaq üçün nələr edilməlidir?

 

- Hesab edirəm ki, elmin ciddi inkişafı üçün hər ölkənin ehtiyac duyduğu amil böyük bir bütövün parçası olmaqdır. Amerika, Çin, Yaponiya, Avropa, hələ son zamanlar Hindistan bunu sübut edirlər. Bir zamanlar bizim ölkə də, mənfi və müsbət cəhətləri ilə, Sovetlər İttifaqının tərkibində bu massa effektindən bəhrələnə bilirdi. Yeni dövrdə bunun bir yolu türkdilli ölkələrin arasında qurulacaq elm və təhsil əlaqələrindən keçə bilər. Səbəb budur ki, elm ciddi vəsait tələb edən bir sahədir və o vəsaitin effektini görə bilmək üçün gərək coğrafi və demoqrafik miqyas geniş olsun. Şübhəsiz, dünyada İsrail və İsveçrə kimi ölçücə kiçik olub, elmi inkişaf baxımdan çox irəlidə olan ölkələr vardır, bunlar istisnalardır. Bunun da izahı sadədir : İsraildə elm və bilik birbaşa suverenlik məsələsidir. İsveçrənin isə zəngin bir Avropa ölkəsi olaraq resursları boldur. Bəzən tayı bərabər olmayan bir laboratoriyanı bir neçə ilə istifadəyə verib, dünya səviyyəli ekspertləri ora cəlb etməyə gücləri yetir. Qısa müddətli perspektivdə isə, ən azı yerli səviyyədə resursları artırmaq, elmə vəsait ayırmaq, talantlı gənclərdə tədqiqatçı-alim olmaq şövqünü artırmaq lazımdır. Alimlik potensialı hər ölkədə yalnız məhdud sayda insanlara nəsib olur. Ancaq, o potensialın üzə çıxması üçün ciddi təşviq kampaniyası aparılmalı və xarici dillərin yaxşı öyrənilməsinə maraq göstərilməliyik ki, bir neçə onillikdən sonra elmimizin müasir səviyyəyə yetdiyini görə bilərik. Şübhəsiz bunu ehtiyatla və təvazökarlıqla deyirəm. Çünki, hələ elm haqqında, onun inkişafı haqqında təkliflər irəli sürmək üçün şəxsən legitimliyim yoxdur.