XƏBƏRLƏR

24.03.2019 17:38
Digər imtahan qiymətləri də artırılacaq? - Ekspert RƏYİ

“Digər imtahanlara nəzərən dövlət qulluğu üzrə qiymət artımı hardasa başa düşüləndir. Çünki burada daha çox resurslardan istifadə olunur. Həm də nəzərə alsaq dövlət qulluğu üzrə müraciət edənlərin sayında digər imtahanlara nəzərən kütləvilik azdır, deməli, bu da öz təsirini göstərir”.

AzEdu.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi artıq publik hüquqi şəxs statusu aldığı üçün özü-özünü maliyyələşdirir:

“Bir imtahanın təşkili üçün sualları tərtib edənə, imtahanı keçirənə, imtahan rəhbərinə, imtahan binasına, kitabçalara (baxmayaraq ki, dövlət qulluğunda daha çox kompüterlərlə imtahan götürülür) və s. hamısına ödəniş verilir. Bundan əlavə onu da qeyd edim ki, Dövlət İmtahan Mərkəzi artıq publik hüquqi şəxs statusu aldığı üçün özü-özünü maliyyələşdirir. Bu zaman süni qiymət artımı kimi halların olduğunu zənn edirik. Gəlin, diqqətlə baxaq. DİM son zamanlarda nə qədər kotirovka sorğusu, tender elanları edir. Yeni-yeni texniki vasitələr alır və onları imtahanlara cəlb edir. Məsələn, üztanıma cihazları, daha müasir optik oxuyucular, kitabçaların hazırlanmasını özü həyata keçirən təchizatlar və s. Bunlara sərf edilən pulu da DİM məhz imtahanlardan və digər gəlir üsulları olan dərsliklərdən əldə edir. Amma bütün bunlarla yanaşı dövlət qulluğunda əvvəlki qiymətlərin yerində qalmasının tərəfdarıyam. Çünki yuxarıda qeyd etdiyim kimi, dövlət qulluğuna gedənlərin sayı azdır. Az sayda çap edilən kitab və ya kitabça daha çox pul tutur. Amma nəzərə alsaq ki, dövlət qulluğu imtahanları kompüter vasitəsilə həyata keçirilir o zaman demək olar ki, qiymət artımı olmamalıdır”.

Ekspert əlavə edib ki, bəzən əsassız qiymət artımları olur:

“Düşünürəm ki, bu qiymət artımları digər növ imtahanlara şamil olunmayacaq. Yəni abituriyentlər rahat ola bilər”.

İlin gənc müəllimi-Müraciət formu