Ağdərə rayonunda 32 il sonra ilk körpə doğulub.
AzEdu.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 36 həftəlik hamilə olan şəxsin vaxtından əvvəl doğuş prosesi çağırış ünvanında icra olunub. Hadisə yerində dölün boynuna göbək ciyəsinin dolandığı müşahidə olunub və müvafiq müdaxilə ilə boyun göbək ciyəsindən təhlükəsiz şəkildə azad edilib. Neonatal reanimasiya tədbirləri çərçivəsində ürək masajı aparılıb və tənəffüs bərpa edilib. Daha sonra doğuş prosesi təcili tibbi yardım avtomobilində briqadanın nəzarəti altında davam etdirilib.
Tibbi heyət tərəfindən zahı qadın və yenidoğulmuş uşaq (qız) müvafiq tibb müəssisəsinə təxliyə olunub. Xəstəxanada anaya və körpəsinə zəruri tibbi xidmətlər göstərilib. Ananın müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyəti stabildir. Cinsi qız, çəkisi 2 kq, 700qr., boyu 49 sm. olan körpənin müalicəsi davam etdirilir. Körpənin də vəziyyəti qənaətbəxşdir.