Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-18 16:22:53
Mil-Muğanda 7209 şagird monitorinqdə iştirak edib

 

Mil-Muğan Regional Təhsil İdarəsi üzrə IV sinif şagirdlərinin monitorinqi keçirilib. Sabah isə 6-cı sinif şagirdləri monitorinqdə iştirak edəcəklər.

 

AzEdu.az xəbər verir ki, Mil-Muğan Regional Təhsil İdarəsinin əhatə etdiyi Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarında 250 ümumtəhsil müəssisindən 7209 şagird monitorinqdə iştirak edib.

 

Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidovun sözlərinə görə, IV sinif şagirdlərinin monitorinqi iki fənn üzrə - tədris dili və riyaziyyat üzrə aparılıb. Hər iki fəndən 30 sual olmaqla, şagirdlərə 60 sual təqdim olunub və sualların cavablandırılması üçün 120 dəqiqə vaxt verilib.

 

Monitorinqin keçirilməsində əsas məqsəd ibtidai təhsil səviyyəsini başa vuran şagirdlərin bilik və bacarıq səviyyəsini müəyyənləşdirmək və nəticələrə uyğun olaraq növbəti təhsil illərində tədris üzrə lazımi addımların atılmasından ibarətdir.

 

Sabah isə ilk dəfə olaraq 6-cı sinif şagirdləri də monitorinqlərə cəlb olunacaqlar. Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələri üzrə 7329 şagird imtahanda iştirak edəcək. Qeyd olunan sinif üzrə tədris dili, riyaziyyat və təbiət fənlərinin hər birindən 25 sual olmaqla, 75 sual təqdim olunacaq və sualların cavablandırılması üçün şagirdlərə 150 dəqiqə vaxt ayrılacaq. VI sinif şagirdləri üzrə monitorinqlərin keçirilməsində məqsəd onların iki il öncə cəlb olunduğu monitorinqlərdəki nəticələrlə hazırkı nəticələri müqayisə etməkdir.