Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-10 09:33:00
Azərbaycan təhsilinin uğurlu inkişafı ulu öndərlə əlaqədardır

Yaşadığımız dünyanın mövcudluğu, inkişafı və zənginliyi dahi şəxsiyyətlərin əməllərinin sayəsində mümkün olur. Belə şəxsiyyətlər təkrarsız və bənzərsiz şəxsiyyətlərdir.  Hətta demək olar ki, bu şəxsiyyətlər 100 ildə bir dəfə dünyaya gəlir, yaşayır, yaradır, xalqına, dövlətinə, ümumilikdə isə bəşəriyyətə əvəzsiz töhfələr verirlər.  Birmənalı şəkildə demək olar ki dövlətimizin və xalqımızın nicatı, xilası və xoşbəxt gələcəyi naminə hakimiyyətə qayıtmış ulu öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur.

 

Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı dahi öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun qoyduğu yol bu günkü Azərbaycan təhsilinin özəyini təşkil edir.

 

Təhsil hər bir dövlətin inkişafının əsas özülü sayılır. Məhz güclü rəqabətin qlobal inteqrasiyasının, beynəlxalq əməkdaşlığın sürətlə yayıldığı müasir dünyamızda hər bir dövlət öncül yerlərdən birini tutmağa çalışır. Azərbaycan da bu qlobal dünyanın artıq bir üzvünə çevrilib. Bu baxımdan təhsilimizin müasir dünya standartları səviyyəsində qurulması, dövlətin başlıca prioritetlərindəndir. Azərbaycan təhsili sağlam, intellektual gənc nəslin formalaşdırılması məqsədlərinə nail olmaq üçün geniş imkanlar yaradır. Dövlətin bu sahəyə xüsusi diqqət yetirməsi, atılan addımlar, qəbul edilmiş qərarlar, təhsilin, elmin inkişafına ayrılan vəsaitlərin səviyyəsində də özünü göstərir.

 

Azərbaycan təhsilinin uğurlu inkişafı da ulu öndərlə əlaqədardır. Bu gün biz gündəlik həyat və fəaliyyətimizin hər addımında bu dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq.

 

Aydındır ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu kontekstdən yanaşanda Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi.  Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevirilməsini əsas məqsəd kimi seçən Ümumilli Lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq  hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi.

 

Ulu Öndərin öz sözləri ilə desək:"Təhsil sistemimizin hazırki vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir".

Həyata keçirilən islahatlar proqramına əsasən fəaliyyətin prioritet istiqamətlərinə diqqət yetirdikdə Heydər Əliyevin təhsil strategiyasının nə qədər fundamental bir konsepsiya olduğu aydınlaşır.

 

Məlumdur ki, milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq isə dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-idtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də xüsusilə strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatlar aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir. Bu mənada ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmində reallaşdırılan təhsil siyasətinin müxtəlif aspektlərini araşdırmaq üçün bu strateji əhəmiyyətli sahənin dünəninə və bu gününə diqqət yetirmək kifayətdir. Bir faktı qeyd etmək kifayətdir ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir.Belə ki, ulu öndər bu sahələrə xüsusi  həssaslıqla yanaşmış və daim qayğı göstərmişdir. Heydər Əliyev öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacıb bir sahə olduğunu vurğulayaraq qeyd etmişdir ki, "Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə də ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil  sisteminə çox  diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasıbət çox  həssas  olmalıdır".

 

Tarixi reallıqlardan aydındır ki, Heydər Əliyev SSRİ dövründə, yəni Azərbaycan  Respublikasına rəhbərlik etdiyi  ötən əsrin 70-80-ci illərində də bu məsələni daim diqqət mərkəzində saxlamış, eləcə də xalqımızın unudulmaz oğlunun rəhbərliyi ilə təhsil sistemində ciddi  islahatlar həyata keçirilmişdir.

 

Bir məsələni də qeyd etmək lazımdır ki, Heydər Əliyevin sovet  Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə beş yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Eləcə də dahi rəhbər keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların təhsil almasına  çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki,  bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır.

 

Ulu Öndər Heydər Əliyev müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. Ölkə başçısı bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır.

 

Ulu öndərin təhsil siyasəti konsepsiyasına əsaslanaraq demək olar ki, elm və təhsil iki müstəqil sahəni ehtiva etsə də onların birini digərindən təcrid etmək mümkün deyildir və bu baxımdan elm-təhsil problemlərinə kompleks şəkildə yanaşılmışdır. Hər iki istiqamət ümumi dövlət siyasətinin tərkib hissələrindən olduğundan və strateji mahiyyət daşıdığından onların inteqrasiyası da labüddür. Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövrünə nəzər yetirsək, görərik ki, elm ilə təhsilin inteqrasiyası istiqamətində də çox önəmli işlər görülmüşdür. Əslində, bu iki müstəqil sistemin həmişə qarşılıqlı əlaqəli şəkildə inkişafı labüddür. Çünki elmin təhsilsiz, təhsilin isə elmsiz mövcudluğu qeyri-mümkündür.

 

İnkişaf etmiş ölkələrin təcrübəsi də sübut edir ki, fundamental tədqiqatlar aparılmayan ölkələrdə yüksək keyfiyyətə malik təhsil haqqında danışmaq mənasızdır. Eyni zamanda, haradakı, baza rolunu oynayan keyfiyyətli orta təhsil yoxdursa, orada geniş əhatəli fundamental tədqiqatlar aparılması geyri-mümkündür. Ümumiyyətlə dövlətin iqtisadı qüdrətini onun elm tutumlu və rəqabətə davamlı məhsulunun istehsalını elmi tədqiqatların, xüsusən fundamental tədqiqatların səviyyəsi, əhatəliliyi və yüksək ixtisasa malik milli kadrlar müəyyən edir.

 

Bu da danılmaz faktdır ki, ulu öndər Heydər Əliyevin təhsil siyasəti konsepsiyasına əsasən ali məktəblərimizin əksəriyyətində təhsil alan gənclərin elmi-tədqiqat işlərinə cəlb olunması üçün, demək olar ki, lazımı şərait yaradılmışdır.  Ulu öndər Heydər Əliyevin elm və təhsil siyasətinin prioritetlərindən biri də hər iki sahənin idarə edilməsinə yeni yanaşmanın olmasıdır. Belə ki, əgər güclü təhsil sistemi gələcəyin elmi tədqiqatçılarının hazırlanmasına xidmət edirsə, elmi araşdırmalar da, öz növbəsində, ölkənin ayrı-ayrı sahələrinin müasir tələbata və qabaqcıl təcrübəyə uyğun inkişafını təmin etməlidir.

 

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün hakimiyyəti dövründə respublikamızın inkişafı üçün gördüyü işlərin miqyası ölçüyə gəlməzdir.

 

Heydər Əliyev bu gün ən yüksək bir zirvədə, əlçatmaz bir yüksəklikdə dayanmışdır. Millətimiz, xalqımız, doğma Azərbaycanımız nə qədər yaşayırsa, Heydər Əliyev  də qəlbimizdə, ürəyimizdə yaşayacaq.

 

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor