Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-15 18:47:29
"Məktəbli könüllü” proqramının açılış mərasimi keçirilib

“Məktəbli könüllü” proqramının açılış mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, martın 15-də 132-134 nömrəli təhsil kompleksində Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir könüllü” Tələbə Təşkilatının təşəbbüsü ilə həyata keçirilən “Məktəbli könüllü” proqramının açılış mərasimi keçirilib. 

 

Açılış nitqi ilə çıxış edən təhsil kompleksinin direktoru Sara Xanlarova proqram üzvlərinə uğurlar arzulayıb. 

 

Daha sonra layihə rəhbəri, ”Bir könüllü” Tələbə Təşkilatının sədri Leyla Zeynalova tədbir iştirakçılarına proqramın məqsəd və hədəfləri barədə məlumat verib. Leyla Zeynalova bildirib ki, proqram 8, 9, 10 və 11-ci sinif şagirdləri arasında ictimai fəal və sosial məsuliyyətli məktəbli profilinin formalaşdırılmasına xidmət edir.

 

İlkin mərhələdə yalnız Bakı, Xırdalan və Sumqayıt ərazilərində yerləşən ümumi təhsil müəssisələrini əhatə edən proqrama bu günə qədər 1000-dən çox müraciət daxil olub. Müsahibə mərhələsinə 720 nəfər dəvət edilib və onlardan 350-si proqrama üzvlük haqqı qazanıb.

 

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov proqramın əhəmiyyəti və məktəblilərin həyatındakı rolundan danışıb, iştirakçılara uğurlar arzulayıblar. 

 

Tədbir bədii hissə ilə davam etdirilib.