Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-27 10:17:23
Buraxılış imtahanlarına da xarici dildən esse əlavə olunacaq? - PROQNOZ

Bu il Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən magistratura imtahanında xarici dil fənninə esse əlavə olundu.

 

Bəs növbəti illərdə ali məktəblərə qəbulun birinci mərhələsi olan buraxılış imtahanlarına da xarici dil üzrə essenin əlavəsi gözlənilir?

 

Məsələ ilə bağlı AzEdu.az-a təhsil eksperti Elçin Əfəndi bildirib ki, növbəti illərdə böyük ehtimal buraxılış imtahanına xarici dil fənnindən esse yazısı olacaq:

 

“Bu il DİM tərəfindən keçirilmiş magistratura imtahanlarında bakalavrlar xarici dil fənnindən esse yazdılar. Bunun əsas məqsədi xarici dillə bağlı təxmini biliklərin yoxlanılmasıdır. Qeyd edim ki, bakalavr pilləsinə qəbul aparılarkən abituriyentlərin xarici dillə bağlı bilikləri buraxılış imtahanları ilə öyrənilir. Onların oxuyub, anlama və dinləmə bacarıqları müvafiq tapşırıqlarla müəyyən olunur. Amma bu zamana qədər abituriyentlərin xarici dildən yazı bacarıqları yoxlanılmayıb. Növbəti qəbul ilində böyük ehtimalla esse yazısı olacaq. Əslində, buraxılış imtahanlarına xarici dildən essenin əlavə olunması bu ildən düşünülürdü. Amma həmin proses baş tutmadı”.

 

Ekspertin sözlərinə görə böyük ehtimal var ki, növbəti il buraxılış imtahanlarında da xarici dil fənnindən esse yazısı olacaq:

 

“Müasir dövrdə, xüsusilə informasiya əsrində müəyyən məlumatların əldə olunması üçün ingilis dilinə böyük ehtiyac yaranır. Demək olar ki, bütün resurslar ingilis dilindədir. Eyni zamanda ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində bir neçə ixtisas üzrə qəbul məhz ingilis dilində aparılır. Belə olan halda onların ingilis dili biliyinin yerində olması həmin ixtisaslar üzrə müvafiq olaraq bilik və bacarıqlarına yiyələnmələrinə təkan vermiş olur. Hazırda bəzi abituriyentlər ali təhsil müəssisəsinə qəbul olduğu zaman ingilis dili biliklərinin zəif olması nəticəsində onlara 1 il əlavə ingilis dili dərsi keçirilir. Nəticədə tələbə universiteti 4 ilə yox, 5 ilə bitirmiş olur. Bu nöqteyi-nəzərdən abituriyentlərin xarici dil biliyi yerində olmalıdır”.