Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-15 09:29:00
Magistraturadan ən yüksək NƏTİCƏ: “İnsanın bacarmayacağı heç nə yoxdur”

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına fevralın 11-i keçirilmiş I cəhd qəbul imtahanının yekun nəticələri elan edib. 

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə Bakı Ali Neft Məktəbin (BANM) V kurs tələbəsi Aytac Əsgərova 96 bal toplayıb.

 

O, bakalavr pilləsində kimya mühəndisliyi ixtisası üzrə təhsil alır.

 

Qeyd edək ki, Aytac Əsgərova esse müsabiqəsindən maksimum nəticə göstərib.

 

AzEdu.az Təhsil Portalı olaraq Aytac Əsgərova ilə əlaqə saxladıq.

 

- Aytac xanım, bu xəbəri eşidən zaman hansı hislər keçirdiniz?

 

- Əslində birinci olacağımı gözləmirdim. Çünki məndən əvvəl 93 bal toplayan bir nəfər var idi və düşündüm ki, esse müsabiqəsindən də 5 bal toplayıb birinci olar. Açığı esse müsabiqəsindən 5 bal almağı gözləyirdim. Ona görə ki,  İELTS -dən 8.5 sertifikatım olduğu üçün ingilis dili bacarığım güclüdür. O səbəbdən 5 bal toplayacağıma inanırdım, amma həmin tələbənində 5 bal alacağını düşünürdüm. Birinci yerdə olmaq deyil 2-3-cü yerdə olacağımı fikirləşirdim.

 

- Gələcəklə bağlı hədəfləriniz nələrdir?

 

- Məqsədim xaricdə təhsil almaqdır. Orada təhsil almaq üçün təqaüd proqramının qaliblərindən olmaq istərdim. Arzum İngiltərədə ilk top 10-luqda olan universitetlərdən birində təhsilimi davam etdirməkdir.

 

Əslində Dövlət Proqramı ilə xaricdə təhsil alıb, daha sonra Azərbaycana qayıdıb sahəm üzrə fəaliyyət göstərmək istəyirəm. Xaricdə elə həmin ixtisasım üzrə (Kimya mühəndisliyi) təhsil almağı düşünürəm.

 

- Magistraturaya ikinci şans imtahanı da olacaq. Növbəti imtahanda yüksək nəticə göstərmək istəyənlərə nə kimi tövsiyələriniz var?

 

- Həyatda hər bir şey mümkündür. Yetər ki, bunu ürəkdən istəyəsən. Vəziyyətin nə qədər çətin olmasına baxmayaraq hər bir insan məqsədlərinin arxasınca mütləq getməlidir. Çünki insanın bacarmayacağı heç nə yoxdur. Özüm də əslində başlayanda "mən bunu 100% edəcəm",- deyə başlamadım. Məsələn, İELTS-də topladığım bal belə gözlədiyim nəticə deyildi. Düşünürəm ki, insanın istədiyi çətin kimi görünsə belə, o mümkündür. Ona görə də birinci özünə inanmaq lazımdır.