Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-23 17:49:03
“Düşünən şagird” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Düşünən şagird” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

AzEdu.az xəbər verir ki, mükafatlandırılma mərasimində Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Mehriban Vəliyeva, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov, “Bilim Bakı” mərkəzinin müdiri Ahmet Kose, “İnci” şirkətlər qrupunun nümayəndəsi Vüsal Əliyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edən MÜTDA-nın direktor müavini Mehriban Vəliyeva müsabiqədə qalib gələn bütün iştirakçıları təbrik edib. Mütaliənin faydalarından bəhs edən M.Vəliyeva cəmiyyətə sağlam şəkildə adaptasiya olmağın, sosial münasibətlərdə uğur qazanmağın, qərar qəbuletmə və  dinləmə bacarığının inkişafının məhz kitablardan keçdiyini diqqətə çatdırıb.

 

M.Vəliyeva şagirdləri mütaliəyə həvəsləndirmək istiqamətində müxtəlif layihələrin həyata keçirildiyini söyləyib. Bildirib ki, təhsilalanların mütaliə vərdişlərini təkmilləşdirmək, oxu, yazı və təxəyyül bacarıqlarını inkişaf etdirmək, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məlumatlılıq səviyyəsini artırmaq, istedadlı şagirdləri vaxtında üzə çıxarmaq və onlara dəstək olmaq baxımından “Düşünən şagird” müsabiqəsi mühüm əhəmiyyətə malikdir. 

 

 “Qarabağ” futbol klubunun dünənki oyununa toxunan M.Vəliyeva vurğulayıb ki, gənclər bu gün və gələcəkdə ölkəni təmsil edən əsas qüvvə kimi özünə inamlı olmalıdır. Dəyərlərimizi qorumaq, Vətəni təmsil etmək isə hər kəsin borcudur. Bütün bunların açarı isə elmdə, kitabdadır.

 

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid intellektual, savadlı, mədəni nəsillərin formalaşması üçün ən əsas vasitələrdən birinin mütaliə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bədii ədəbiyyatlar, müəyyən sahələrə aid biliklərin əhatə olunduğu dərsliklər və sair məhz uşaqların dünyagörüşünün zənginləşdirilməsinə xidmət edir. Bu baxımdan məlumat və bilik dairəsini genişləndirmək, inkişaf etdirmək üçün kitabların rolu əvəzsizdir.

 

Daha sonra müsabiqədə I, II və III yerə layiq görülən şagirdlərə diplomlar təqdim olunub, həvəsləndirici yer tutan iştirakçılar Tərifnamə, digərləri isə fəal iştiraklarına görə Təşəkkürnamə ilə təltif ediliblər.

 

Həmçinin qaliblərə “İnci” şirkətlər qrupunun və Azərbaycan Yazıçılar Birliyinin hədiyyə kitabları da təqdim olunub.

 

Tədbir ədəbi-bədii kompozisiyalarla davam edib.