Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-14 10:59:26
Xaricdə təhsil almaq üçün hansı sənəd və sertifikatlar lazımdır?

Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da bir çox gəncin arzusu xaricdə təhsil almaqdır. Belə ölkələrdən biri də Polşadır. Polşa keyfiyyətli təhsil, yaşayış tərzi baxımından bir çox tələbələri cəlb edir. Gənclər Polşanın bir çox dövlət universitetlərində təhsilin bakalavr və magistr dərəcələrində oxuya bilərlər. 

 

Maraqlıdır, xarici ölkələrdə təhsil almaq istəyən namizədlərə hansı sənəd və sertifikatlar lazımdır?

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan xaricdə təhsil üzrə məsləhətçi İsgəndər Cəfərzadə qeyd edib ki, Polşada təhsil qaydalarında dəyişiklik yoxdur:

 

“İstər Polşa, istərsə də Avropa universitetlərində müraciətlər hər il necə idisə, bu il də qaydalar eynidir. Müraciətlər onlayn qaydada həyata keçirilir. Xaricdə bakalavr və magistratura təhsili almaq istəyən tələbələrin 1 il öncədən sənədlərini hazırlamağını tövsiyə edirəm. Burada tələb olunan sənədlər diplom, diplom əlavəsi və attestatdır. Qərbin reytinqli universitetləri məsələn, İngiltərə, Kanada, ABŞ bizim attestatı qəbul etmirlər. Bunun üçün namizədlərdən xüsusi sertifikatlar tələb olunur. Bu sertifikatlar attestatı əvəz edir. Digər bir məsələ isə namizədin təhsil almaq istədiyi sahə ilə bağlıdır. Məsələn tələbə fizika mühəndisliyi üzrə təhsil almaq istəyirsə, o,  fizikanı öz proqramında əhatə edən sertifikat əldə etməlidir. Məsələn, “A-Level” sertifikatı. Bu Qərb ölkələri tərəfindən qəbul olunur.

 

Polşa, Macarıstan, Çexiya isə attestatı qəbul edir. İtaliyada isə 12 illik təhsil tələb olunur. Azərbaycanda da təhsil 11 il olduğu üçün tələbə yalnız 1-ci kursda oxuya-oxuya İtaliya universitetlərinə müraciət edə bilər”.

 

İ.Cəfərzadə xəricdə təhsil almaq istəyənlərin hazırlamalı olduqları sənədləri qeyd edib:

 

“Hazırda son kursda oxuyan tələbələr istisna hallarda diplomlarını tez bir zamanda ala bilirlər. Ona görə də xaricdə təhsil almaq istəyənlər diplom əvəzinə universitet təhsili barədə arayış, diplom əlavəsinin əvəzinə transkrip əldə etməlidirlər. Xaricin bir çox prestijli universitetlərində tələbat olan ixtisaslara yüksək ortalama tələb olunur. Bunlarla yanaşı namizədlər CV-ni hazır etməlidirlər".

 

Həmsöhbətimiz qeyd edib ki, xaricdə təhsil almaq üçün İELTS və ya başqa dil biliyini təsdiq edən sertifikat olmalıdır:

 

“Əgər təhsil polyak, alman və ya başqa dildədirsə, onda həmin dilin sertifikatını əldə etməlidirlər. Bundan başqa motivasiya məktubu da qəbul zamanı rol oynayır. Yaxşı olar ki, tələbələr motivasiya məktubunu özləri yazsın. Burada tələbənin keçmiş təcrübələri, akademik bilikləri, iş təcrübələri yer almalıdır”.

 

Təhsil məsləhətçisi bildirib ki, dövlət hesabına təhsil almaq üçün xüsusi təqaüd proqramları var:

 

“Dövlət hesabına xaricdə təhsil almaq istəyənlər ilk növbədə təqaüd proqramına müraciət edir, daha sonra universitet seçimini reallaşdırırlar. Bəzən isə bu prosesi eyni anda edirlər. Həmçinin təqaüd proqramlarının şərtləri müxtəlifdir. Bəzi təqaüd proqramları var ki, burada iş təcrübəsinə üstünlük verilir və yaş 30-dan aşağı olmalıdır. Son 6 və ya 3 il ərzində məzun olmalısan.

 

Öz hesabına təhsil şərtləri isə nisbətən daha rahatdır. Çünki tələbələr universitetin tələb etdiyi sənədləri hazırlayır və müraciətini onlayn formada edirlər. Qəbul aldıqdan sonra vizaya hazırlaşmağa başlayır. Polşada bəzi universitetlərdə təhsil almaq üçün dil sertifikatı o qədər də vacib deyil. Əgər tələbənin ingilis dili sertifikatı yoxdursa, universitet həmin tələbədən onlayn müsahibə təşkil etməklə ingilis dili biliyini yoxlayır”.