Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-23 16:01:00
Bizdə də hər yerdə insan əməyini yüngülləşdirən “Sofiyalar”, “Sevinclər”,  “Günaylar” olacaq”- AMEA-nın akademik-katibi

Səudiyyə Ərəbistanı vətəndaşı olan süni intellekt sahibi robot “Sofiya” Azərbaycana gəlib. Robot bu gün  "ASAN-xidmət" mərkəzində könüllü kimi fəaliyyət göstərib.

“Sofiya”  dünyada ilk süni intellektə sahib  humanoid  robotudur. Bu robot 2015-ci ildə Hanson Robotiks şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir.

Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirə bilməsidir. “Sofiya”  bu günə qədər dünyada bir çox məşhur simalar, prezidentlər, məşhur aktyorlar və beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramları və teledebatlarda iştirak edib.

Bəs Azərbaycanın nə vaxtsa öz yaratdığı “Sofiya”sı olacaqmı?

AzEdu.az təhsil portalı bu sualla azərbaycanlı elm adamlarına müraciət edib.

AMEA-nın akademik-katibi,  akademik, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru  Rasim  Əliquliyev saytımıza açıqlamasında deyib ki, tezliklə Azərbaycanın da öz “Sofiya”sı olacaq:

“Sofiya” Azərbaycanımıza qonaq gələn ilk humanoid robotdur. Çox sevinirəm ki, Azərbaycan dövlət idarəetmə orqanlarında, xüsusən "ASAN-xidmət"də “Sofiya” adlı süni intellektə əsaslanan robot fəaliyyət göstərib. Hər  yerdə süni intellektə əsaslanan ayrı-ayrı  qurğular, sistemlər,  müxtəlif yerlərdə insanların fəaliyyətini, əməyini yüngülləşdirən belə “Sofiya”lar olacaq.

Azərbaycanda isə Sofiyanın əvəzinə süni intellektə əsaslanan “Sevinc”lər, “Məhəmməd”lər, “Günay”lar, “Orxan”lar ortaya çıxacaq. Bu, təbii intellektin yaratdığı super intellektin məhsuludur, onun törəmələri, daşıyıcılarıdır.

Azərbaycan elmi, təhsili də buna qadirdir. Buna bənzər misallar çəkmək olar. Azərbaycan Milli Elmlər Akademiyasının artıq özünün bu və ya digər yerlərdə tətbiq olunan - istər müdafiə qüdrətimizin yüksəldilməsində, istərsə də kənd təsərrüfatı işlərində xidmət edəcək – pilotlu uçuş aparatları da “Sofiya”ların  “qan qohumlarıdır”. Bunları yaradanlar azərbaycanlı alimlər, mütəxəssislərdir. Yəni Elmlər Akademiyasında, universitetlərdə  bunlara nail olan insanlar kifayət qədərdir.  Azərbaycanın milli “Sofiya”ları olacaq, bizim elm adamları bu nailiyyəti əldə edib, ictimaiyyətin xidmətinə verə biləcəklər. Sofiyanın daxilində qoyulan alqoritmlərin  xüsusiyyəti belədir ki, onlar getdikcə ətraf  mühitlə daha da adekvat, yaxın münasibətlər quracaq, ağıllanacaq, insanların xasiyyətlərinə uyğun onlara münasibət göstərəcək, dilini tapacaqlar. Texnologiyalarla insan cəmiyyəti inteqrasiya olunacaq və bir-birinə kömək edib qarşıda duran vəzifələri həyata keçirəcəklər”.

Sosioloq-alim, professor  Əhməd Qəşəmoğlu bildirib ki, Azərbaycanda elmə diqqət artsa, ölkənin elmi potensialından doğru istifadə edilsə, bu sahədə nailiyyət əldə etmək mümkündür:

“Belə olduğu halda, təbii ki, bizim də öz “Sofiya”mız, “Sonaxanım”ımız  və başqa milli adı olan robotlarımız ola bilər. Bu sahədə Azərbaycanda ciddi elmi potensial var. Xüsusi proqramlar olsa, qısa zamanda ölkədə də maraqlı və dünya üçün əhəmiyyətli robotlar yaranar. Bilirsiniz,  süni intellektin əsas yaradıcılarından biri Lütfi Zadədir. Onun nəzəriyyəsi süni intellekt sahəsində xeyli irəliləyişə səbəb olub. Yaddan çıxarmaq olmaz ki, Azərbaycanda da Zadənin ardıcılları, bu sahə ilə məşğul olan mütəxəssislər  var. Artıq robot texnikası xeyli geniş spektrda inkişaf etməkdədir. Digər tərəfdən sabah ölkədə mütəxəssislər çatışmasa belə, xaricdən dəvət etmək mümkündür. Təki, Azərbaycan qarşısına belə bir məqsəd qoysun”.

Müsahibimiz deyib ki, “Sofiya”nı yaradanların bizdən çox da qabaqda deyil:

“Məsələn, Rusiyada ən müasir silahların ciddi şəkildə yaranması, inkişaf etməsində həmyerlimiz İqor Rauf oğlu Aşurbəylinin rolu böyükdür.  O,  Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib və onun elmi rəhbəri professor Rafiq Əliyevdir. Əgər Rafiq Əliyevin tələbəsi bu gün dünyanı heyrətləndirən texnoloji işlərlə məşğul ola bilirsə, süni intellektin imkanlarından istifadə edirsə, bu sahədə  elmi rəhbərinin də daha ciddi işləri var. Bu potensialdan da istifadə etmək olar.

Mənim son illər dünyanın ən aparıcı, yüksək indeksli elmi jurnallarda süni intellektin daha üstün şəkildə yaranmasına  kömək edən məqalələrim  çap olunub. Ən axırıncı məqaləm  “Süni intellektlə təbii sistemlər arasında  qarşılıqlı əlaqələrin yaranmasında “Ahəngyol” prinsiplərindən istifadə” adlanır.  Bu məqalə süni intellektlərin inkişaf strategiyasının müəyyənləşməsinə kömək edir. Mən tək deyiləm, bu istiqamətdə fəaliyyət göstərən kifayət qədər alimlər var. İndi robot texnikasının inkişafında problemli məsələlər mövcuddur. Biz bunlara yaxından kömək edə bilərik. Çünki  cəmiyyətə ziyan  vuran robotlar da yarana bilər. Təkcə praqmatik maraqlar, rasional düşüncə təsiri altında yaranan robotlar bu sahədə təhlükəli ola bilər. Lakin azərbaycanlı alimlər öz mədəniyyəti, gen yaddaşları, orta əsr İslam fəlsəfəsindən gələn imkanlara uyğun olaraq, dünyada insanlığa, cəmiyyətdə ahəngdarlığın daha da artmasına kömək edən robotların yaranmasına nail olacaq. Yəni  “Sofiya”nı yaradanların bizdən xeyli qabaqda olduğunu düşünməməliyik”.

AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanov da bu istiqamətdə müsbət düşünür:

“Əlbəttə, Azərbaycanın öz “Sofiya”sı olacaq. Milli Elmlər Akademiyasında İnformasiya Texnologiyaları İnstitutu, İdarəetmə Sistemləri İnstitutu var – bu problemlər üzərində işləyir. Düşünürəm ki, günün tələbindən asılı olaraq, Azərbaycan elmində də dünyada baş verən yenilikləri görə biləcəyik. Narahat olmayın!.

 Biz hələ 25 ildir, müstəqilik. Buna kimi başımızın üstündə Rusiya kimi dövlət var idi və  ona görə də, əksər  nailiyyətlərimiz qapalı reallaşıb.  Məsələn, bizim  kosmosa aid, müdafiə sahəsi ilə bağlı işlərimiz olub. Bu baxımdan azərbaycanlı alimlərin nələr edib-etmədiyini bilmirik. Zamanla Azərbaycanın öz yaratdığı “Sofiya” olacaq”.