Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-12 15:24:26
DİM Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirib 

2023-cü il dekabrın 12-də Dövlət İmtahan Mərkəzində Ulu öndər, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin kollektivi də videobağlantı vasitəsilə tədbirə qoşulub.

 

Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, tədbirdən öncə Dövlət İmtahan Mərkəzinin əməkdaşları Heydər Əliyevin Mərkəzin inzibati binasında yerləşən büstünün önünə gül dəstələri qoyublar.

 

Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ardınca Ümummilli lider H.Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Daha sonra Ulu öndər Heydər Əliyevin ilk Prezident tədaüdçüləri ilə görüşləri əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.

 

Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədr müavini Namiq Babayev Ulu öndərin milli tariximiz üçün böyük əhəmiyyət daşıyan strateji qərarları və Azərbaycanda müstəqil dövlətçilik təfəkkürünün inkişafı üçün atılan fundamental addımlar haqqında danışıb. N.Babayev qeyd edib ki, Ulu öndər hələ Sovet dövründə hakimiyyətinin ilk mərhələsində, daha sonra müstəqillik illərində bir çox sahələrdə yüksək idarəetmə qabiliyyətinə malik peşəkar kadr potensialının formalaşması üçün gərgin işlər görüb. “Heydər Əliyevin həyata keçirdiyi təhsil siyasətinin strateji-konseptual mahiyyəti respublikanın ictimai-siyasi, sosial-iqtisadi həyatında ən peşəkar və yüksək elmi biliklərə, zəngin idarəetmə təcrübəsinə malik olan kadrların yetişdirilməsindən ibarət idi”- deyə sədr müavini bildirib.

 

Daha sonra çıxış edən DİM-in Tarix fənni üzrə elmi-metodiki seminarının rəhbəri, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Mehman Abdullayev milli dövlətçiliyin inkişaf etdirilməsi, dövlətin siyasi, hüquqi, iqtisadi və mədəni əsaslarının möhkəmləndirilməsində Ulu öndərin göstərmiş olduğu misilsiz xidmətlərdən danışıb.

 

Qeyd edək ki, DİM əməkdaşları bu gün, həmçinin Fəxri Xiyabanda Ulu öndərin məzarını ziyarət edəcəklər.