Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-18 10:54:00
Arif Məlikovdan akademik maaşının artmasına münasibət – “Maddi ehtiyaclarım var idi, ona görə də... ”

Prezident İlham Əliyev dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlərinə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi ilə sərəncam imzalayıb.

Bu sərəncamla 2018-ci il noyabrın 1-dən AMEA-nın həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1200 manat məbləğində müəyyən edilib.

Bu siyahıda  AMEA-nın həqiqi üzvü, Xalq Artisti, bəstəkar,  Arif Məlikov da var.

Bəstəkar sərəncamla bağlı öz təəssüratlarını AzEdu.az-la bölüşüb:

“Dövlətin elm adamlarına, sənətkarlara diqqəti, qayğısı təbii ki, təqdirəlayiqdir. Bu baxımdan nə qədər yaxşı sözlər var, hamısını prezidentimizə ünvanlayıram, razılığımı bildirirəm.

Əlbəttə, maaşların artırılmasının işçilərə, müəllimlərə böyük köməyi olacaq. Bunu hiss etmək mümkündür.  Düşünürəm ki, mən yüz faiz bunun arxasında durmuşam.  Prezidentin sərəncamı vasitəsilə müəllimlərin, elm adamlarının problemlərinin həll ediləcəyinə inanıram”.

A.Məlikov qeyd edib ki, bu kimi sərəncamlar  kiçik aksiyalar deyil:

“Hazırda  səhhətim o qədər yaxşı deyil, müalicələrim davam edir. Ona görə də, maddi ehtiyaclar var.  Hesab edirəm ki,  bu kimi sərəncamlar  kiçik aksiyalar deyil. Mən prezidentimizə təşəkkür edirəm. İnanıram ki, məndən başqa da minnətdar olanların sayı çoxdur.

Eyni zamanda ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın da adını qeyd etmək istəyirəm. Mehriban xanım hər zaman müəllimlərin, alimlərin səhhəti ilə çox ciddi maraqlanır. Elm adamlarını yaddan çıxarmamaq gözəldir. Digər tərəfdən artımın yaxşı olduğunu  fikirləşirəm. Mənə elə gəlir ki, bunu hər  tərəfdən alqışlamaq lazımdır”.

Qeyd edək ki,  bəstəkar və rəssam, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, xalq artisti, Dövlət mükafatı laureatı, professor Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, 1958-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb, hazırda orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışır. Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsuluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edir. Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır.

Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - "Məhəbbət əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırıb.

Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun "İki qəlbin kitabı" əsəri əsasında yaratdığı "İki qəlbin poeması" baleti olub. 

Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirir.

Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunub.